Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-14/2022 27.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 649,90 manat məbləğində borcun, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2(037)-869/2021 saylı əmrinə əsasən 649,90 manat məbləğində borcun, 94,56 cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Cavabdeh 12 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2(037)-869/2021 saylı əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli e-2(037)-869/2021 saylı qərardadına əsasən məhkəmənin 27 avqust 2021-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə prosesinin gedişində İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 150 manat əsas, 500 manat mənəvi ziyan məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat pulun İddiaçı MMC-dən alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 13 ay hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı mobil telefona görə qrafik üzrə 50 manat ödəniş etmişdir. 18 mart 2020-ci il tarixdə Cavabdeh Music Gallery mağazasına müraciət etmiş, telefonun çox güclü işləməsini əsas gətirərək telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. Servis mərkəzində telefon texniki baxışdan keçirildikdən sonra telefonda heç bir problemin olmadığı aşkar edilmişdir. X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli texniki rəyə əsasən texniki baxış zamanı mobil telefonda heç bir qüsurun aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Daha sonra Cavabdeh dəfələrlə mobil telefonu geri alması barədə müraciət edilmişdir. Lakin Cavabdeh nə telefonu geri götürmüş, nə də nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Müqavilənin tələbinə əsasən alıcının müqavilə ilə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İddiaçı MMCnin satılmış məhsulun dəyərini və borc ödənişi gecikdirildikdə hesablanmış dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Ona görə də Cavabdeh müqavilə üzrə 649,90 manat borc, 94,56 manat cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb edir. İddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2020-ci ilin mart ayının 8-də İddiaçı MMC-dən Samsung Galaxy A51 markalı mobil telefon almışdır. Mobil telefonu aldıqdan 10 gün sonra telefonda donma, qızma kimi problemlər yaranmışdır. 18 mart 2020-ci il tarixdə telefonu İddiaçı MMC-yə təqdim edərək telefonun dəyişdirilməsini və ya qaytarılmasını tələb etmişdir. İddiaçı MMC-nin əməkdaşları tərəfindən ona telefonun texniki baxışdan keçirilməli olduğu, ona görə də telefonu X1 mərkəzinə təhvil verməli olduğu bildirilmişdir. O da mobil telefonu texniki baxışdan keçirilməsi üçün həmin gün tərtib edilmiş qəbul aktı əsasında X1 mərkəzinə təhvil vermişdir. Daha sonra dəfələrlə mobil telefonla maraqlansa da, Servis mərkəzinin əməkdaşları tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək telefonun ona qaytarılmasından imtina edilmişdir. Mobil telefonun texniki baxışdan keçirilməsi nəticəsində X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli texniki rəydə telefonda heç bir qüsurun aşkarlanmadığı bildirilmişdir. O isə Servis mərkəzinin əməkdaşlarından telefonda heç bir problem olmadığı halda iki aya yaxın müddət ərzində telefonun hansı səbəbdən X1 mərkəzində saxlanıldığını soruşmuşdur. Həmin vaxt ərzində dəfələrlə telefon aldığı Servis mərkəzinə getməyə vəsait sərf etmiş, ona maddi və mənəvi ziyan dəymişdir. O, nisyə alqısatqı müqaviləsi bağlayarkən ilkin olaraq 50 manat ödəniş etmiş, telefona qoruyucu şüşə və qab vurmağa 20 manat, hal-hazırda Bakı şəhərində yaşadığından məhkəməyə gedibgəlməyə 20 manat vəsait sərf etmişdir. İddiaçı MMC-nin hərəkətləri nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan dəymişdir. O, 150 manat əsas, 500 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin İddiaçı MMC-dən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. İddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alıq-satqı müqaviləsi və müqaviləyə əlavə olan təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. 18 mart 2020-ci il tarixli qəbul aktından görünür ki, “Samsung Galaxy A51 markalı mobil telefon donma, qızma nasazlıqlarına görə Cavabdeh tərəfindən X1 mərkəzinə akt üzrə təhvil verilmişdir. X1 mərkəzinin 02 may 2020-ci il tarixli texniki rəyindən görünür ki, Samsung Galaxy A51 markalı mobil telefona texniki baxış zamanı cihazda heç bir qüsur aşkarlanmamış, proqram təminatı yenilənmiş, telefonun bütün funksiyaları yoxlanılmış, smartfon tam işlək vəziyyətdə olmuşdur. Mobil telefon açılıb işlədilmiş, korpusunda xırda cızıqlar yaranmışdır. 06 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satış məbləği 699,90 manat olan mobil telefon üçün Cavabdeh 649,90 manat qalıq borcu qalmışdır. "xxxx" MMC tərəfindən 12 sentyabr 2020-ci il tarixdə göndərilmiş SMS bildirişdən görünür ki, mobil telefonun təhvil verilməsi üçün hazır vəziyyətdə olduğu və 3 iş günü ərzində telefonun qəbul edilməsi barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon satılmışdır. Cavabdeh aldığı mobil telefona görə qrafik üzrə 50 manat ödəniş etmişdir. 18 mart 2020-ci il tarixdə Cavabdeh mobil telefonda qızma, donma əlamətlər olduğuna görə telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. X1 mərkəzində telefon texniki baxışdan keçirildikdən sonra telefonda heç bir problem olmadığı bildirilmiş və bu barədə 02 may 2020-ci il tarixli texniki rəy verilmişdir. Həmin rəyə əsasən mobil telefonun heç bir qüsurunun aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Ona görə də İddiaçı MMC Cavabdeh telefonu geri alması, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə məlumat vermişdir. İddiaçı MMC Cavabdeh müqavilə üzrə 649,90 manat borc, 94,56 manat cərimə olmaqla, cəmi 744,46 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsini tələb edir. Cavabdeh mobil telefonda qüsurların olması səbəbindən telefonu tələb etmədiyini, iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı MMC-dən 150 manat əsas, 500 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 680 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.4-ci maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 08 mart 2020-ci il tarixli NQK00184 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə 699,90 manat məbləğində Samsung Galaxy A51 markalı mobil telefon almış, 18 mart 2020-ci il tarixdə mobil telefonda qızma, donma əlamətlər olduğuna görə telefonun dəyişdirilməsini və ya qaytarılmasını xahiş etmişdir. X1 mərkəzi isə telefonun korpusunda xırda cızıqlar olduğuna görə telefonu dəyişməkdən və ya qaytarmaqdan imtina etmiş, telefonu təmir etmək üçün həmin gün akt üzrə Cavabdeh təhvil almışdır. X1 mərkəzi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli rəydə texniki baxış zamanı mobil telefonda heç bir qüsur aşkar edilmədiyi, proqram təminatının yeniləndiyi və bütün funksiyalarının yoxlanılaraq tam işlək vəziyyətdə olması qeyd edilmişdir. Cavabdeh mobil telefonda nasazlıq yarandığından malın dəyişdirilməsi və ya qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində servis mərkəzinə təhvil vermiş, servis mərkəzi isə telefonda heç bir qüsur aşkar edilmədiyi halda telefonu uzun müddət özündə saxlamışdır. Məhkəmə mobil telefonda heç bir qüsurun aşkarlanmadığı halda proqram təminatının yenilənməsi və funksiyalarının yoxlanılması üçün telefonun iki aya yaxın müddət ərzində servis mərkəzində saxlanılmasını ağlabatan hesab etmir. Belə ki, mobil telefonda heç bir qüsur yox idisə və telefonun proqram təminatının yenilənməsini, funksiyalarının yoxlanılmasını qısa müddət ərzində təmin etmək mümkün idisə, dərhal çatışmazlıq aradan qaldırılıb Cavabdeh təhvil verilməli idi. Lakin mobil telefon mart ayının 18-dən servis mərkəzi tərəfindən təhvil alınmış, may ayının 2-də telefonda heç bir qüsurun aşkar olunmaması barədə texniki rəy verilmiş, sentyabr ayının 12-də isə telefonun servis mərkəzindən götürülməsi barədə Cavabdeh SMS bildiriş göndərilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 150 manat əsas borc hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh mobil telefonu alarkən 50 manat ödəniş etmiş, lakin telefona qoruyucu şüşə və qab alması üçün 20 manat, gediş-gəliş üçün 20 manat vəsait sərf etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi qismən, 50 manat məbləğində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 500 manat mənəvi ziyan hissəsinə münasibət bildirirək qeyd edir ki, Cavabdeh İddiaçı MMC-nin hərəkətləri nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Cavabdeh mənəvi ziyanın nədə ifadə olunduğunu və ona hansı qaydada mənəvi ziyan dəydiyini, bununla bağlı İddiaçı tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu da izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi 500 manat mənəvi ziyan məbləğinin İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə qarşılıqlı iddia tələbi 50 manat məbləğində təmin edildiyindən, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdeh xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçındən 50 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğ alınaraq Cavabdeh xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-14/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-14/2022
27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver