Məhkəmə qərarları › İş №e-2(037)-1476/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1476/2023

27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1476/2023 27.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “qeydiyyatın və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək,məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Lahıc qəsəbəsi Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh2 və Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa,iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh2 rəsmi qeydiyyat ünvanı ünvan 1 Cavabdeh1 rəsmi qeydiyyat ünvanı isə ünvan 2 Məhkəmə hesab edir ki, İddiaçı aidiyyət qaydalarına riayət edərək iş üzrə cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xəzər və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəmələrindən birinə müraciət etməli olduğu halda, həmin qaydalara riayət etmədən İsmayıllı Rayon Məhkəməsinə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsaəsn daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərarına əsasən müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 39.2-ci maddəsi isə miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialardan bəhs etməkdədir. Hazırki tələb isə məhz iddiaçı tərəfindən özünün vərəsə olduğunu qeyd edərək miras əmlaka dair mübahisə ilə bağlıdır. Göründüyü kimi bu hal da müstəsna aidiyyatı istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması ərazi aidiyyatı qaydalarına riayət etməklə onun yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39, 152.1.3, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “qeydiyyatın və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar