Məhkəmə qərarları › İş №e-2(037)-42/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-42/2025

08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-42/2025 08.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması” tələbinə dair mülki işə 08 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı şərəfini,ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması və ödənilmiş dövlət rüsumu üçün 100 manat və hüquqi yardım üçün 1200 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin verilməsində əsas səbəb cavabdehin iddiaçı barəsində yaydığı yalan məlumatlardır. Belə ki, cavabdeh bildirir ki, guya, o, Göyçay rayonu ərazisində iddiaçıya məxsus 414 hektar torpaq sahəsində taxıl biçmişdir və hazırda iddiaçının cavabdehə borcu vardır. Bildirmək istəyir ki, iddiaçının nə Göyçay rayonu, nə də digər bir rayon ərazisində nə mülkiyyətində, nə də istifadəsində əkin sahəsi yoxdur. Cavabdeh isə hər dəfə iddiaçıya zəng edərək, müxtəlif mesajlar göndərərək ondan (bir dəfə 8000 AZN, sonra 12000 AZN, daha sonra 20000 AZN) pul tələb edir və eyni zamanda həqiqətə uyğun olmayan məlumatları yaymaqla,rayonlarda və cəmiyyət arasında onun işgüzar nüfuzuna və adına ciddi xələl gətirmişdir. Vurğulamaq istəyir ki, cavabdehlə iddiaçı arasında heç vaxt müqavilə mövcud olmayıb və onların heç bir hüquqi münasibətləri olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23 maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Qubaxəlilli kəndində yaşayır. O,iddiaçı ilə aralarında olan razılaşmaya əsasən sonuncuya məxsus Göyçay rayonu ərazisində yerləşən torpaq sahələrində əkilmiş taxıl sahələrində işləyərək taxıl biçmişdir. Onun işlətdiyi kombayın dövlət xətti ilə lizinq yolu ilə götürülmüşdür. O, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyə əməl edərək sonuncuya məxsus torpaq sahələrində əkilmiş taxıl sahələrində işləyərək taxıl biçmişdir. Ancaq iddiaçı aralarında olan razılaşmaya əsasən üzərinə düşən öhdəliyə əməl etməyərərk onun gördüyü işin pulunu verməmişdir. Gördüyü işin pulunu almaq üçün bir neçə dəfə iddiaçıya zəng etmişdir. İddiaçı hər dəfə onunla telefonda danışarkən ona söz verərək gördüyü işin pulunu ödəyəcəyini bildirmişdir. İddiaçı özü də telefonda danışarkən və özü ilə canlı görüşəndə onun gördüyü işləri təsdiq etmişdir. O, gördüyü işin pulunu almaq üçün bir neçə dəfə iddiaçıya məxsus Göyçay rayonunda olan əraziyə getmiş, iddiaçı ona hər dəfə gördüyü işin pulunu verəcəyini bildirmiş, hətta bir dəfə gördüyü işin müqabilində ona taxıl verəcəyini bildirmişdir. İddiaçının sözü ilə gördüyü işin müqabilində taxıl almaq üçün bir neçə dəfə iddiaçıya məxsus Göyçay rayonunda yerləşən yerə getsə də, ona gördüyü işin müqabilində taxıl verilməmişdir. İddiaçı hər dəfə onu aldadaraq gördüyü işin pulunu verəcəyini bildirsə də, verdiyi sözə əməl etməyərərk ona gördüyü işin pulunu verməmişdir. İddiaçı gördüyü işin pulunu ona verə bilməməsini Seymur adlı şəxsin onu da aldadaraq pulunu mənimsəməsini səbəb göstərmişdir. Seymur adlı şəxs iddiaçının qohumudur və iddiaçıya məxsus ərazilərdə onun işlərini görmüşdür. İddiaçı gördüyü işin pulunu vermədiyindən onun lizinq şirkətinə kombayına görə ödənilməmiş borcu qalmışdır.O, iddiaçıdan gördüyü işin haqqını tələb etmişdir. İddiaçı gördüyü işin haqqını vermədiyindən məcbur qalaraq pozulmuş hüququnun bərpası üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Gördüyü işin haqqını iddiaçıdan alanadək öz hüquqlarından qanunla müəyyən edilmiş qaydada istifadə edəcəkdir. İddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ona qarşı qərəzli və ədalətsiz bir iddiadır. Belə ki, iddiaçıya zəng edərək ondan gördüyü işin pulunu tələb etmişdir, iddiaçının şərəf və ləyaqətini alçaldacaq hərəkətlər etməmiş, eyni zamanda iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla, rayonlarda və cəmiyyət arasında onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna və adına ciddi xələl gətirməsinə səbəb olmamışdır. İddiaçının ona qarşı qaldırdığı iddia şər və böhtandır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində yaşayır. İddiaçı tanımır. Cavabdeh isə kəndçisidir. Seymur adlı şəxsin kombayınını bir ay sürmüşdür. Seymur onun gördüyü işin pulunu vermişdir. Neçə hektar ərazini biçməsini bilmir.Yalan danışa bilməz. Gördüyü iş beş il bundan qabaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində yaşayır. O, Oğuz Qəbələ su xəttində işləyir. Cavabdeh Kəndçisidir. İddiaçı İsə yerini biçərkən tanımışdır. O, kombayınla İddiaçı məxsus torpaq sahəsində taxıl biçmişdir. Cavabdeh İddiaçı məxsus taxıl sahələrini biçdirmişdir. İddiaçı Cavabdeh gördüyü işlərin pulunu verməmişdir. Cavabdeh İddiaçı ilə telefonla danışarkən Faiqin Ruslanın gördüyü işlərin pulunu verəcəyini bildirməsini eşitmiş, eyni zamanda görüşərkən Faiqin Ruslanın gördüyü işləri etiraf edərək pulunu ödəyəcəyini bildirməsini görmüşdür. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş, 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil haqqı “LCG” Vəkil Bürosu (Vəkil) (kart hesabına) 1200 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli 65326341 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki işin materiallarında iddia ərizəsinin verilməsində əsas səbəb cavabdehin iddiaçı barəsində yaydığı yalan məlumatlar olması, cavabdehin guya Göyçay rayonu ərazisində iddiaçıya məxsus 414 hektar torpaq sahəsində taxıl biçməsi, hazırda iddiaçının cavabdehə borcu olması, iddiaçının nə Göyçay rayonu, nə də digər bir rayon ərazisində nə mülkiyyətində, nə də istifadəsində əkin sahəsinin olmadığı, cavabdehlə iddiaçı arasında heç vaxt müqavilə mövcud olmaması və onların heç bir hüquqi münasibətləri olmaması, cavabdehin hər dəfə iddiaçıya zəng edərək, müxtəlif mesajlar göndərərək ondan (bir dəfə 8000 AZN, sonra 12000 AZN, daha sonra 20000 AZN) pul tələb etməsi və eyni zamanda iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla, rayonlarda və cəmiyyət arasında iddiaçının işgüzar nüfuzuna və adına ciddi xələl gətirməsi barədə olan fikirlərindən ibarətdir. Məhkəmə ilk öncə qeyd edir ki,Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində müxtəlif dövlət orqanlarına müraciət etməsi barədə məlumatlar iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Bu cür məlumatlar obyektivlik dərəcəsinə görə qiymətləndirilir. Belə ki, bu kimi məlumatlar, eləcə də söz və ifadələr öz təsdiqini tapmadığı halda aid olunduğu şəxsin şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən sözlər (ifadələr) və məlumatlar hesab olunur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının: 10.1-ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 10.2-ci maddəsinə əsasən Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə,şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında bəyan edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. Avropa Məhkəməsi “X2rşı” (2000) qərarında demokratiyanın bərqərar olması üçün ilkin şərtərdən biri kimi ifadə azadlığının mühüm əhəmiyyətini xatırlatmışdır. Bu hüquqdan həqiqi, effektiv şəkildə istifadə yalnız dövlətin müdaxilə etməmək vəzifəsindən asılı deyildir, o eyni zamanda, hətta fərdlər arasında münasibətlər sahəsində pozitiv müdafiə tədbirləri tələb edə bilər. Pozitiv vəzifənin mövcud olub-olmamasını müəyyənləşdirərkən, cəmiyyətin ümumi marağı və şəxsin maraqları arasında rast gəlinməli olan, Konvensiyada da araşdırılan ədalətli tarazlığa fikir verilməlidir. Avropa Məhkəməsi “Lingens Avstriyaya qarşı” (1986) qərarında qeyd etmişdir ki, məqbul hesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir. Eyni zamanda Avropa Məhkəməsinin “Thoma Lüksemburqa qarşı” (2001) işində xüsusilə vurğulanmışdır ki, öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları, siyasətçilər kimi özəl şəxslərdən fərqli olaraq daha geniş tənqidlərə məruz qala bilərlər. Avropa Məhkəməsi 10-cu maddənin təfsiri ilə bağlı digər mühüm olan “X3rşı” (2009) qərarında göstərmişdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi digərlərinin nüfuzunu qorumaq məqsədi ilə söz azadlığının məhdudlaşdırıla bilməsini qəbul etsə də,böhtanla bağlı qanunlar və proseslər dövlətin vəzifəli şəxslərinin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmaq məqsədini daşıyırsa və ya belə təsirə malik olarsa, onlara bəraət qazandırıla bilməz. Hazırkı halda barəsində şikayət edilən şəxs vəzifəli şəxs olmamaqla cavabdeh tərəfindən iddiaçı barəsində müxtəlif dövlət orqanlarına müraciət etməsi barədə məlumatlar iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz və demokratik cəmiyyətdə normal hal hesab edilməlidir. Xüsusi ilə qeyd edilməlidir ki, cavabdeh tərəfin iddiaçı barəsində müxtəlif dövlət orqanlarına müraciət etməsi iddiaçının şəxsiyyətinə qarşı deyil, məhz onun öz konstitusion hüquqlarından istifadə etməsinə yönəlmişdir. Avropa Məhkəməsi qərarlarında bu şəkildə tənqidi “vətəndaş mövqeyinin bildirilməsi” kimi qiymətləndirərək,onun məhdudlaşdırılmasını ciddi şəkildə tənqid etmişdir (Chorherr Avstriyaya qarşı (1993)). Məhkəmə hesab edir ki, hazırkı iddianın araşdırılması zamanı cavabdehin iddiaçı barəsində müxtəlif dövlət orqanlarına müraciət etməsinin məqsədi məhz cavabdehin öz hüquqlarının qorunmasına xidmət etdiyi də nəzərə alınmalıdır. Eyni zamanda xüsusi olaraq nəzərə alınmalıdır ki, cavabdehin iddiaçı barəsində müxtəlif dövlət orqanlarına müraciət etməsi mətbuatda deyil, məhz vətəndaşın hüquqlarının qorunması üçün dövlət orqanlarına ünvanlanmışdır. Müraciətdə əks olunmuş ifadələrə gəldikdə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini ehtiva etməsini, yoxsa ki şəxsin məsələyə dair subyektiv qiymətləndirməsindən ibarət olmasına diqqət yetirilməlidir. Belə ki, faktların təsviri ifadələrin həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir. Avropa Məhkəməsi “Fluks və Samson Moldovaya qarşı” (2007) işində bildirmişdir ki, “sabiq dövlət məmuru özünə qəsrlər tikdirir” və “sabiq tikinti naziri G.C. digərlərinin əzabları üzərindən varlanmağa qərar vermişdir” ifadələri G.C-nin tikinti fəaliyyəti və bunun qonşular üzərindəki təsiri haqda qəzetin rəyini əks etdirən subyektiv qiymətləndirmələrdir. Belə vəziyyətdə,məhkəmə hesab etmişdir ki, qəzetin öz subyektiv qiymətləndirilməsinin həqiqiliyini sübut etməsini gözləmək olmaz. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddələrinə əsasən hər bir fərd universal xarakterli– yəni vətəndaşlıq münasibətindən asılı olmayan ifadə azadlığına malikdir. Üstəlik, ifadə-fikir və söz azadlığının təmin olunması cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən hesab olunur. Şəxsin yaydığı və digər şəxsin bu informasiyanın özünün şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini hesab etdiyi məlumatlar məhz ifadə azadlığı kontekstində yayılır.Bu mənada, “digər şəxsin hüquqlarını poza, onun nüfuzunu ləkələyə biləcəyi ehtimalı” ilə şəxsin qanuni ifadə azadlığını məhdudlaşdırmaq ağlabatan olmazdı. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il-ci il tarixli Qərarı ilə formalaşan hüquqi mövqedə də əksini tapdığı kimi, şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, bu hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də,bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Bu baxımdan ağlabatan olmayan “hüquqi profilaktika” tədbirlərinin daha böyük zərərə yol aça biləcəyi qəbul edilərək, şəxsin məzmunundan asılı olmayaraq özünüifadəsinə imkan yaradılmasında problem olmamalıdır. Çünki, zərərli məzmuna malik özünüifadəyə görə şəxsin həm mülki, həm də cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər oturuşmuş həm beynəlxalq, həm də dövlətdaxili hüquq təcrübəsi mövcuddur. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.4 və 23.6-cı maddəsinin məzmununa əsasən, şəxs özü, yaxud marağı olan şəxslər onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan, habelə natamam dərc edilən faktik məlumatların məhkəmə qaydasında təkzib olunmasını, nəticədə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki,həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Hazırkı mübahisə üzrə işin faktiki halına nəzər salsaq görərik ki, cavabdeh məhkəmə iclaslarında verdiyi ifadələrdə iddiaçı haqqında ünvanladığı müraciətlərində ümumiyyətlə səhv etmədiyini, hətda etdiyi müraciətləri pozulmuş hüquqlarının bərpası üçün etdiyini bildirmişdir. Təsadüfi deyil ki, 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində də təsbit olunmuşdur ki, öz rəyində qalmaq ifadə azadlığının ayrılmaz tərkib hissəsidir. 1966-cı il “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə isə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Başqa formada desək, şərəf və ləyaqət əslində insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfdən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvi kimi hər bir şəxsiyyətin mühim dəyəridir. Deməli bu halda, “rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur, baxmayaraq ki, bu “imkan” demokratik cəmiyyətin mövcudolma tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür:iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehin iddiaçıya zəng edərək müxtəlif mesajlar göndərərək ondan bir dəfə 8000 manat, sonra 12000 manat, daha sonra isə 20000 manat pul tələb etməsi və eyni zamanda iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla, rayonlarda və cəmiyyət arasında onun işgüzar nüfuzuna və adına ciddi xələl gətirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı Cavabdeh ona zəng edərək müxtəlif mesajlar göndərərək ondan bir dəfə 8000 manat, sonra 12000 manat, daha sonra isə 20000 manat pul tələb etməsi, eyni zamanda barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla, rayonlarda və cəmiyyət arasında onun işgüzar nüfuzuna və adına ciddi xələl gətirməsi barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin,konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla,digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği və hüquqi yardıma görə çəkilmiş 1200 manat xərc iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği və hüquqi yardım üçün vəkilə ödənilən xərc iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar