Məhkəmə qərarları › İş №e-2(037)-433/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-433/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-433/2023 07.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” X5 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki işə 07 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” PHŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 19 may 2021-ci il tarixli, №ÖM/035 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X2” PHŞ-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 11 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 19 may 2021-ci il tarixli, №ÖM/035 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 209, 206 və 308 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində ona verilmişdir.Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 19 may 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi,habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 15 dekabr 2021 və 10 noyabr 2022-ci il tarixli aralıq monitorinqi aktlarına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 209, 206 və 308 birka nömrəli 3 (üç) baş inəkdən 2(iki) başı aşkar edilməmişdir. Cavabdeh aralıq monitorinqi zamanı 3 (üç) baş inəkdən 2 (iki) başını satdığını etiraf etmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 28 dekabr 2022-ci il tarixli,**********10 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş,əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir.Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 2 (iki) baş inəyin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, Mican kəndində yaşayır. Özünüməşğulluq proqramı çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 11 saylı Mərkəzi Məşğulluq filialı ilə aralarında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 19 may 2021ci il tarixli, №ÖM/035 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən ona “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 209, 206 və 308 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Agentlik tərəfindən ona verilən heyvanlar xəstə və qısır olmuşdur.O, öz vəsaiti hesabına baha qiymətə yem alaraq ona verilən qısır heyvanları bir il saxlasa da, həmin heyanlar xəstə olduqlarından bala verməmişlər. Bir neçə dəfə baytar həkim dəvət edərək heyvanların xəstəliyinin və bala verməmələrinin səbəbini soruşmuş, baytar həkim ona heyvanlar gətirilərkən maşında sıxlıqda qaldıqlarından və soyuqladıqlarından ayağa qalxa bilmədiklərini və bala vermədiklərini bildirmişdir. O, verilən heyvanların başqa heyvanlarla dəyişdirilməsi ilə bağlı dəfələrlə X1 11 saylı Mərkəzi Məşğulluq filialına şifahi müraciət etsə də, həmin idarənin işçiləri onun müraciətinə baxmayaraq verilən xəstə heyvanları başqa heyvanlarla dəyişdirməmişlər. O, özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanları satmamışdır. Həmin heyvanlar xəstə olduqlarından və bala vermədiklərindən məcbur qalaraq 2 başını 1 baş başqa heyvanla dəyişdirmişdir. Onun maddi imkanı yaxşı deyildir. Belə ki, o həmin heyvanları maddi imkanını yaxşılaşdırmaq məqsədi ilə götürmüşdür. Ancaq həmin heyvanlar xəstə olduqlarından bala verməmişlər. Ona görə də məcbur qalaraq verilən 2 baş inəyi başqa 1 baş inəklə dəyişdirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli, №ÖM/035 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər istifadəyə verilən aktivlərin geri qaytarılmasının özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 11 saylı Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X1 11 saylı Məşğulluq Mərkəzi tərəfindən Cavabdeh 3 baş inək və 400 kq qarışıq yem verilmiş, Cavabdeh həmin istifadəyə verilən aktivləri təhvil almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “AKT”lardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün "xxxx" QSC və "xxxx" QSC tərəfindən baytarlıq sertifikatları əsasında 1445 baş iri buynuzlu heyvanlara kliniki baxış keçirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən Cavabdeh verilmiş 209,206 və 308 birka nömrəli 3 (üç) baş inəkdə xəstəlik əlamətləri aşkar edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, İsmayıllı rayonu,Mican kəndində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 3 baş inək və qarşıq yem verilmişdir. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bu müddət ərzində verilən malların iki başını satmışdır. Yoxlama zamanı 2 baş inək aşkar edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış 28 dekabr 2022-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə 19 may 2021-ci il tarixində №ÖM/035 nömrəli müqavilə bağlanılaraq kənd təsərrüfatı istiqamətləri üzrə “Maldarlıq təsərrüfatı” zərfi çərçivəsində əmlak təqdim edilmişdir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı sizə verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılmasıdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılması məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarmağı, bu mümkün olmadıqda isə həmin istifadəyə verilən aktivlərin geri qaytarılmasının dəyərini bu məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməyi tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və onunla bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, İsmayıllı rayonu,Mican kəndində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 3 baş inək və 400 kq qarışıq yem verilmişdir. Yoxlama zamanı 3 baş inəkdən 2 başı aşkar edilməmişdir. Vətəndaş Cavabdeh heyvanların iki başını sataraq yerinə başqa heyvan aldığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı “X2” PHŞ tərəfindən 19 may 2021-ci il tarixli, №ÖM/035 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər,yəni 209, 206 və 308 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “X2” PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 2 (iki) baş inəyi satmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, “X2” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili,işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, iş axtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin,habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi,bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra-müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən,Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda,özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən isə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115.1-ci maddəsində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək,zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.Belə ki,işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək vermiş,lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan özünün deməsinə görə hər iki inəyi satmayaraq başqa inəklə dəyişmişdir. Məhkəmə iclası zamanı sədrlik edən tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, bildirirsiniz ki, hər iki inəyin hamısı cavabdeh tərəfindən satılıbdır. Belə olduğu halda inəklər olmadıqda həmin inəklərin dəyərini tələb etmək istəmirsinizmi soruşulmuşdur. İddiaçı isə inəklərin yalnız natura şəklində qaytarılmasına dair Agentlikdən göstərişin olduğunu bildirmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 19 may 2021-ci il tarixli,№ÖM/035 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək alınaraq natura şəklində “X2” PHŞ-nə verilməlidir. Göründüyü kimi iddia qiymətləndirilməyən iddiadır və buna görə qanunvericilikdə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı belə bir rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia təmin edildiyindən həmin qiymətləndirilməyən iddia üçün ödənilməli olan 100 manat rüsum cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş,iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı şəhəri Mican kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1966-cı ildə anadan olmuş Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 19 may 2021-ci il tarixli,№ÖM/035 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək alınaraq natura şəklində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X2” X4ytarılsın. Cavabdeh qiymətləndirilməyən iddianın qiyməti olan 100 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar