Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-45/2022 14.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: "Azəriqaz” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 885,60 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 915,60 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirakı etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Cavabdeh isə məhkəməyə teleqram ilə müraciət edərək, onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01.01.2020-ci il tarixdə AKX-0198906/01-2020 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında cavadehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana Bakı Regional qazın satışı Departamenti tərəfindən **********000430 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində Zenner G-4T mexaniki markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh göstərilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3” 6.5-ci bəndinin tələblərini pozaraq. İstifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Bununla bağlı əməkdaşlar tərəfindən foto çəkiliş aparılaraq, həmin faktla bağlı 30.12.2019-cu il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdehin ödəməli olduğu məbləğ 885.60 manat təşkil edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, onunla iddiaçı arasında 01.01.2020-ci il tarixdə deyil, 07.01.2020-ci il tarixdə müqavilə imzalanmışdır. Belə ki, həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd olmamış, 07.01.2020-ci il tarixdə onun tərəfindən evin satın alınması üçün X1 beh qismində müəyyən məbləğdə pul ödəmişdir. Məhz bundan sonra həmin evə dair qaz sayğacı onun adına qeydə alınmışdır. Sonraki 1 ay ərzində isə evin dəyəri tam olaraq ödənilmiş, bundan sonra 07.01.2020-ci il tarixdə iddiaçı ilə onun arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmışdır. Sözügedən akt isə 30 dekabr 2019-cu il tarixdə İbrahimxəlilov Fəqan oğlunun adına tərtib edilmiş və o, həmin aktı imzalamaqdan imtina etmişdir. Göründüyü kimi onunla iddiaçı arasında müqavilə 07.01.2020-ci il tarixdə bağlanmış və o həmin tarixdən sonraki borc və öhdəliklərə görə cavabdehdir. Eyni zamanda İbrahimxəlilov Fəqanın adına tərtib edilmiş 30 dekabr 2019-cu il tarixli akta görə o məsuliyyət daşımamalıdır. Ona görə də göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, cavabdehin etirazını araşdırıb və təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2019-cu il tarixli, ******* saylı (texniki səhv olaraq 2020-ci il qeyd olunmuşdur) aktdan görünür ki, istehlakçı X2 barəsində qazdan qeyri-qanuni istifadə barədə həmin tarixdə akt tərtib edilmişdir. 07.01.2020-ci il tarixli AKX-0198906/01-2020 saylı müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında həmin tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 30 dekabr 2019-cu il tarixdə istehlakçı X2 (fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi) barəsində qazdan qeyri-qanuni istifadə barədə akt tərtib edilmiş, bundan 8 gün sonra yəni, 07.01.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında AKX-0198906/01-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmışdır. Hazırda iddiaçı dəymiş ziyan tələbini cavabdehdən tələb edir, cavabdeh isə onun müqavilə bağladıqdan əvvəl yaranmış borca və ya zərərə dair məsuliyyətinin yaranmadığını bildirərək, iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iş materiallarından da göründüyü kimi iddiaçı ilə hazırki mübahisə üzrə cavabdeh deyil, sözügedən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Fəqan İbrahimxəlilov adlı şəxs arasında müqavilə münasibətləri yaranmışdır. İddiaçının müqavilədən əmələ gələn öhdəliklərlə bağlı ona vurulmuş zərərin və çəkdiyi xərclərin əvəzini ödəməyi cavabdehdən tələb etmək hüququnun əmələ gəlməsi üçün iddiaçı ilə hazırki mübahisə üzrə cavabdeh arasında müqavilə öhdəliyi olmalı idi. Belə olan halda iddiaya cavab verməli olmayan cavadehdən tələb olunan borc məbləğinin tutulması əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, sözügedən fərdi yaşayış evinə dair qaz xəttinə qanunsuz müdaxilə barədə hazırki cavabdehə yox, əvvəlki mülkiyyətçi olan şəxsə 30 dekabr 2019-cu ildə akt tərtib edilmiş, hazırki cavabdehlə iddiaçı arasında isə akt tərtib edildikdən 8 gün sonra, 07.01.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında AKX- 0198906/01-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, iddiaçı tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəltməklə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yinin cavabdeh Soltanova Ruhəngı̇ z Ümüdvar qızına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-45/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-45/2022
14.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver