Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-742/2023 11.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 qarşı daşınmaz əmlakı zəbt edən şəxslərin çıxarılması tələbinə dair mülki işə 11 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onlarla birgə yaşayan digər ailə üzvlərinin ona məxsus İsmayıllı rayonu,M.Orucov küçəsi, 58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyriyaşayış sahəsindən çıxaılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,İsmayıllı şəhəri,M.Orucov küçəsi 58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.Həmin torpaq sahəsi uzun illərdir ki,həm İsmayıllı rayonunda qeydiyyatda olan cavabdehlər, eyni zamanda Xocalı rayonundan məcburi köçkün olmuş Cavabdeh2 tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir və faktiki və hüquqi olaraq mülkiyyətçi kimi onun hüquq və azadlıqlarının icrasından mərhum olmuş və həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququnun icrasını həyata keçirə bilmir. Cavabdehlərə dəfələrlə ona məxsus daşınmaz əmlakdan çıxarılmaları barədə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Belə ki,Cavabdeh4 İsmayıllı rayon sakinidir,məcburi köçkün deyildir və hal-hazırda da İsmayıllı şəhəri,M.F.Axundov küçəsi,ev 25,mənzil 1 ünvanında qeydiyyatda olsa da ona məxsus daşınmaz əmlakı zəbt etməyə davam edir.Onun Cavabdeh2 ilə nikahlarından olan övladı həmin ünvanda qeydiyyatdadır.Digər Cavabdeh3 isə İsmayıllı rayonu,Ruşan kəndində qeydiyyatdadır. Cavabdehlər ona məxsus daşınmaz əmlakı zəbt etdiyindən o həmin torpaq sahəsində hər hansı təsərrüfatla məşğul ola bilmir.Mülkiyyətçi kimi hüquqlarından istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onlarla birgə yaşayan digər ailə üzvlərinin ona məxsus İsmayıllı şəhəri,M.Orucov küçəsi 58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyri-yaşayış sahəsindən çıxaılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq təmsil etdiyi şəxsin adından göstərdi ki,təmsil etdiyi şəxsin həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ tanınaraq,dövlət qeydiyyatına alınmışdır.Lakin cavabdehlər təmsil etdiyi şəxslə heç bir qohumluq əlaqəsinə malik olmadıqları halda,ona məxsus qeyri yaşayış sahəsindən istifadə edirlər. Halbuki, cavabdehlərlə təmsil etdiyi şəxs arasında heç bir yazılı və şifahi razılaşma olmamışdır. Onlar yalnız formal mülahizələr əsasında özbaşına olaraq ona məxsus qeyri-yaşayış sahəsini zəbt etmişlər.Hesab edir ki, hazırda həmin qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsus olduğundan cavabdehlərin sahibliyi qanunsuzdur.Ona görə də onlar mübahisəli qeyriyaşayış sahəsindən çıxarılmalı və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır.Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasnın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını,işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın Dövlət kadastr və reyestri publik hüquqi şəxsin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi,58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyriyaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İsmayıllı şəhəri,M.Orucov küçəsi 58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının tam şəkildə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.Cavabdehlərin isə həmin mübahisəli qeyri-yaşayış sahəsi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Buna baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə etməklə bərabər,sahiblik edirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki,hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur.Belə ki, iddiaçının mübahisəli qeyri yaşayış və torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,həmin torpaq sahələri cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır.Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım, bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki,iddiaçının mülkiyyətində olan İsmayıllı şəhəri,M.Orucov küçəsi 58 ünvanında yerləşən 0.208040 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 295.80 kv.metr olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 çıxarılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 və onlarla birgə yaşayan digər ailə üzvlərinin ona məxsus İsmayıllı rayonu,M.Orucov küçəsi 58 ünvanda yerləşən və sahəsi 0,20804 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 295,80 kv.m qeyri-yaşayış sahəsindən çıxaılmaları hissəsinə münasibət bildirərək qeyd edir ki,iddiaçının qeyri-yaşayış evindən çıxarılmasını tələb etdiyi cavabdehlə birlikdə digər yaşayanlar qeyri-müəyyən olduğundan və konkret şəxslərin ad, soyad və ata adları qeyd edilmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 100.40 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası MPM-nin 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4,Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli, **********08-06301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı şəhəri, M.Orucov küçəsi 58 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.208040 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 295.80 kv.metr olan qeyri-yaşayış binasından çıxarılsınlar. Cavabdehlər Cavabdeh4,Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 100.40 (bir yüz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-742/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-742/2023
11.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver