Məhkəmə qərarları › İş №e-2(037)-898/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-898/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-898/2024 14.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə 14 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi/Vəkil məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək iddia ərizəsində qeyd edilmiş “vərəsəlik hüququ haqqında” şəhadətnamənin tarixinin “23 iyul 2020-ci il” kimi oxunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xalid Şıxıyev ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin sakini olmuş, böyük vətən müharibəsində həlak olmuş X1 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu Xalid Şıxıyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elmi-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Xalid Əlimərdanovun adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün Xalid Şıxıyevə məxsus olması faktı müəyyən edilmişdir. Bu qətnamə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilərək onun əsasında Xalid Şıxıyevin adına daşınmaz əmlaka dair hüquqların qeydiyyatı barədə reyestrdən çıxarış verilmişdir. Qeyd olunan qətnamədən narazı qaldığı üçün məhkəmənin 2(027)- 160/2011 saylı, 18 may 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 saylı,26 noyabr 2011- cü il tarixli qərardadı ilə İsmayıllı rayon Məhkəməsinin 2(037)-160/2011 saylı, 18 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, daha sonra Ali Məhkəmənin 2(102)-543/15 saylı, 17 fevral 2015ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 saylı 26 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, o Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmış qeydiyyat ləğv edilməmişdir. Onun Dövlət Reyestri Xidmətinə ünvanladığı ərizə 9 saylı ərazi idarəsi tərəfindən təmin edilməmiş və İsmayıllı Rayon Məhəkəməsinin 2(037)-160/2011 saylı, 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmış qeydiyyat ləğv edilməmişdir. O,Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq cavabdehin üzərinə İsmayıllı rayon Məhkəməsinin 2(037)- 160/2011 saylı qətnaməsi əsasında Xalid Şıxıyevin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(116)- 234/2033 saylı qərarı ilə onun iddiası əsasında Xalid Şıxıyevin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Bildirir ki, xx.xx.2018-ci ildə Xalid Şıxıyevin vəfatından sonra, xx.xx.2020-ci ildə daşınmaz əmlaka dair mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə bərabər paylarla Solmaz Şıxıyeva, Vüqar Şıxıyev və Xalid Şıxıyevin adlarına keçirilib. Həmin qeydiyyatların ləğv edilibedilməməsini aydınlaşdırmaq üçün 9 saylı ərazi idarəsinə müraciət edilsə də, həmin orqanın verdiyi cavabdan belə aydın olur ki, Solmaz Şıxıyevanın, Vüqar Şıxıyevin və Rəşad Şıxıyevin adlarına aid olan qeydiyyatın ləğv edilməsi cavabdeh orqan tərəfindən həyata keçirilməyibdir. O, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi İdarəsinə qarşı iddia qaldırıb, həmin qeydiyyatların ləğv edilməsini xahiş etsə də, Şəki İnzibati Məhkəməsi iddianı mümkünsüz saymış və bildirmişdir ki, İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlaka dair Xalid Şıxıyevin ölümündən sonra, Solmaz Şıxıyevanın,Vüqar Şıxıyevin və Rəşad Şıxıyevin adlarına olan qeydiyyat 23 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında aparılmışdır. İddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi barədə Notariat kontoruna qarşı iddia qaldırmalıdır. Belə iddia isə, mülki mübahisə olduğu üçün ümumi məhkəməyə verilməlidir. Hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)234/2023 saylı qərarı əsasında Xalid Şıxıyevin adına aparılmış qeydiyyat ləğv edildiyindən 04 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əhəmiyyətsiz əqd olmuşdur. “Azərbayvan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 saylı qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının 8-bəndinə əsasən aparılmış Notariat hərəkətlərindən və ya Notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir.Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir mümkün olan qısa müddət ərzində sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 4455.0.6-cı,İnzibati Prosessual Məcəllənin 8.1.3.1-ci, “Notariat” haqqında Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir.Odur ki, müvafiq təkmilləşdirmələr aparılmaqla aidiyyətlə bağlı məsələnin Qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı,eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verməlidir.Bu baxımdan qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. O, İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş 23 iyul 2020ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi/Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tə\ləbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Suraxanı RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(116)-234/2023 saylı qərarından görünür ki, İddiaçı iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşdə olan Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(116)-2553/2023 saylı qərardadından görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu,Lahıc qəsəbəsində yerləşən əmlaka dair X3 ölümündən sonra,X2, X4 və X5 adlarına olan qeydiyyatların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi ev 51 ünvanında yerləşən ümumi sahəsi 74.5 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan xx.xx.2018-ci il tarixdə ölmüş mərhum X3 vərəsələri arvadı X2 və oğlanları X4 və X5 1/3 hissədə paylarının müəyyən edilməsinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən X2, X4 və X5 adlarına 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hazırki iddiaçı tərəfindən ləğv edilməsi istənən vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan qətnamə ləğv edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki,müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir.Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir.Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.Göründüyü kimi,mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(116)-234/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulduğundan, eyni zamanda vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan qətnamə ləğv edildiyindən İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ilə mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhumun vərəsələri X2, X4 və X5 adlarına verilmiş 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlaka dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış 23 iyul 2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar