Məhkəmə qərarları › İş №e-2(037)-912/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-912/2024

16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-912/2024 16.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 35 saylı Notariat Ofisinə qarşı pul tələbinə dair mülki işə 16 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Bakı şəhəri,Suraxanı rayonu,Hövsan qəsəbəsində yerləşən və onun razılığı ilə satılmış mənzilin müqabilində alınmış 85000 manat məbləğinin yarısı 42500 manat, Bakı şəhəri Qala qəsəbəsində birgə nikah dövründə tikilmiş yaşayış evinin dəyərinin yarısı kimi 30000 manat, Bərdə rayonu, Əliyanlı kəndindəki evin dəyərinin yarısı olaraq 27500 manat və ona məxsus olmuş qızıl-zinyət əşyalarının bütöv dəyəri olaraq 17500 manat olmaqla, ümumilikdə 117500 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci ildə Cavabdeh1lə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar.Həmin nikahdan xx.xx.2010-cu ildə oğlanları Əbəlfəz Ağazadə, xx.xx.2012-ci ildə isə digər oğlanları Əli Ağayev anadan olmuşlar. Əri hərbiçi olduğundan uzun müddət müxtəlif ünvanlarda, kirayədə, uyğunlaşdırılmış tikilidə yaşamışlar və həmişə ümid edirdi ki, ərinin təqaüdə çıxma vaxtı çatanda daimi olaraq bir yerdə məskunlaşıb yaşayaraq uşaqlarını böyüdərlər. Vaxt gəldi əri artıq qanunla nəzərdə tutulan müddəti xidmət keçib təqaüdə çıxdı. Birgə nikah dövründə təqaüdə çıxmış hərbiçi kimi ərinin adına 4 nəfər ailə tərkibi ilə (özü, əri və iki uşaqları) Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsi, Azərbaycan Ordusu küçəsi,ev 48,mənzil 1 (yeni qaydalarla: AZ 1069, ünvan 1 ünvanda 3 otaqdan ibarət mənzil veriləcəyi məlum olmuşdur. Əri ilə öz aralarında razılığa gəlmişlər ki, həmin mənzili satmaq üçün o razılıq versin, mənzil satılsın və əldə olunan vəsait aralarında yarı bölünsün. Belə ki, bu ərəfələrdə onun ərinin başqa bir qadınla artıq xeyli vaxtdır ki, münasibətdə olması, həmin qadından iki uşağının doğulması ona məlum olandan sonra aralarında soyuqluq yarandı və cavabdeh həmin qadınla həyatını davam etdirmək niyyətində olduğunu bildirmişdir. Beləliklə, o Bakı şəhəri 35 saylı Notariat ofisinə cavabdehlə birlikdə gedib mənzillərinin satılması üçün razılıq vermişdir. Şərtləri də bu idi ki, alqı-satqı məbləğinin yarısı onunla uşaqlarının payına düşəcək və həmin məbləğ dərhal ona veriləcəkdir. Lakin, cavabdeh mənzili sataraq əldə etmiş olduğu 85000 manat vəsaiti yarı bölmədi və belə ad qoydu ki, onun üçün adına yaşayış sahəsi alınacaqdır. Hələ bundan 6-7 ay əvvəl cavabdeh onu və iki övladını yuxarıda göstərilən səbəbdən ailədə yaranmış ixtilafla bağlı heç bir əşyasını götürməyə imkan vermədən maşına mindirib Bərdə şəhərinə gətirib şəhərin ortasında atıb getmişdir. Belə olan halda o bir vasitə ilə uşaqlarını da götürüb kəndlərinə - ata evinə sığınmış və o vaxtdan hazırki vaxta qədər ata evində qardaşının himayəsində yaşamaqda davam edir. Bundan başqa, Bakı şəhəri Xəzər rayonunun ərazisində Qala qəsəbəsində hələ birgə nikahda olub heçnədən xəbəri olmadığı zamanlarda 4 otaq və mansardan ibarət olan yaşayış evini tikdirmişlər. Elə əri uşaqları ilə onu gecə vaxtı gətirib Bərdə şəhərinin ortasında atana qədər həmin evdə yaşamışlar,ailəsinə məxsus olan və onun şəxsi əşyaları həmin evdə qalmışdır. Bundan əlavə, əri guya uşaqları ilə onun yaşamaqları üçün onun razılığı və xəbəri olmadan Bərdə rayonu, Əliyanlı kəndi ərazisində 3 xırda otaqdan ibarət bir kənd evini almışdır ki, bu da birgə nikah dövrünə və ailənin birgə büdcəsindən alınmış əşya hesab edilməlidir. Daha sonra cavabdeh hələ birgə nikahda və bir ailədə yaşadıqları zaman müxtəlif mərasimlərlə bağlı və özünün istəyi ilə əlaqədar bir sıra qızıl-zinyət əşyaları 3800 manat dəyərində 750 əyyarlı hər sırğanın və üzüyün üzərində 6 ədəd brilyant qaş olmaqla ümumi çəkisi 32 qram olan bir dəst üzük-sırğa dəsti, 6400 manat dəyərində 60 qram çəkidə 750 əyyarlı İtalya istehsalı olan bir ədəd boyunbağı, 2200 manat dəyərində 16 qram çəkidə 750 əyarlı İtalya istehsalı olan 1 ədəd nişan üzüyü və 4100 manat dəyərində 750 əyyarlı İtaliya istehsalı çəkisi 50 qram olan 1 ədəd qolbaq olmaqla, ümumi dəyəri 17500 manat olan qızıl-zinət əşyaları ona hədiyyə olaraq alınmışdır ki, həmin əşyalar da cavabdeh tərəfindən onun əlindən alınmışdır. Ona görə də hazırkı iddia tələbinin təmin edilərək Cavabdeh1 birgə nikah dövründə əldə edilərək satılmış ünvan 2 ünvanında yerləşən 85000 manat dəyərində olan mənzilin dəyərinin yarısı 42500 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək səhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini,onun iştirakı olmadan işə baxıb müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 35 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2023-cü il tarixli AZ-İ №057402 nömrəli nikah haqqında şəhadətnamənin (təkrar) sürətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin may ayının 03 günündə 391 nömrə ilə qeydə alınmışdır.Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 3M-67 nömrə ilə qeydə alınmış 23 yanvar 2024-cü il tarixli “ilkin alğı-satqı müqaviləsinin” sürətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı X2 arasında Bakı Şəhəri 35 saylı Notariat Ofisində reyestrdə 3M-67 nömrə ilə qeydə alınmış 23 yanvar 2024-cü il tarixli “ilkin alğı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan satış dəyəri 85000 manat olan mənzili müqavilədə qeyd edilən şərtlərə uyğun olaraq alıcı X1 istifadəsinə verməyi, alıcı X2 isə əvəzində müqavilədə qeyd edilən mənzilin dəyərinin 80000 manatını notariusun depazit hesabına köçürməyi, qalan 5000 manat məbləğini isə müqavilədə qeyd edilən müddət üzrə tam ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********39-05301-093004 olan xx.xx.2023-cü il tarixli çıxarışın sürətindən görünür ki, ünvan 5, yeni qaydalarla AZ 1089, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2010-cu ildə Əbəlfəz Ağazadə və xx.xx.2012-ci ildə isə Əli Ağayev adlı iki övladları doğulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********39-05301-093004 olan xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 5, yeni qaydalarla AZ1089, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan mənzilin alğı-satqısı ilə bağlı qarşılıqlı razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı Bakı şəhəri 35 saylı Notariat ofisinə cavabdehlə birlikdə gedib mənzilin satılması üçün razılıq verməyi, cavabdeh isə mənzilin alqı-satqı üçün olan 85000 manat məbləğinin yarısını iddiaçıya verməyi öhdəsinə götürmüşdür.Lakin, cavabdeh mənzilin satışından əldə etdiyi 85000 manat vəsaitin yarısını iddiaçıya verməmişdir.Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 3M-67 nömrə ilə qeydə alınmış 23 yanvar 2024-cü il tarixli “ilkin alğı-satqı müqaviləsinə” əsasən satıcı Cavabdeh1 ilə alıcı X2 arasında Bakı Şəhəri 35 saylı Notariat Ofisində reyestrdə 3M-67 nömrə ilə qeydə alınmış 23 yanvar 2024-cü il tarixli “ilkin alğı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr, satış dəyəri 85000 manat olan mənzili müqavilədə qeyd edilən şərtlərə uyğun olaraq alıcı X1 istifadəsinə verməyi,alıcı X2 isə əvəzində müqavilədə qeyd edilən mənzilin dəyərinin 80000 manatını notariusun depazit hesabına köçürməyi, qalan 5000 manat məbləğini isə müqavilədə qeyd edilən müddət üzrə tam ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə edilərək satılmış ünvan 5 ünvanında yerləşən 85000 manat dəyərində olan mənzilin dəyərinin yarısını 42500 manat məbləğinin alınıb ona verilməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasını və hazırda həmin əmlakların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisə predmeti olan ünvan 5, yeni qaydalarla AZ1089, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş və həmin müddət ərzində də iddiaçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında cavabdeh tərəfindən satılmışdır. Tərəflər arasında əvvəlcədən mübahisəli mənzilin alğısatqısından əldə ediləcək vəsaitin bərabər hissədə bölünməsi ilə bağlı qarşılıqlı razılaşma olmuş, iddiaçı razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi icra etsə də, ancaq cavabdeh razılaşmaya əməl etməyərək mübahisəli mənzilin satışından əldə etdiyi 85000 manat pulun 42500 manatını iddiaçıya verməmişdir. Ona görə də məhkəmə mübahisə predmeti olan ünvan 2, yeni qaydalarla AZ1089, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan mənzilin alğı-satqısından əldə edilmiş 85000 manat pulun 42500 manatının cavabdehdən alınıb iddiaçıya verilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qəqrarın 3.4-cü bəndinə əsasən Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Həmin Qərarının 4.8-ci bəndinə əsasən birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Məhkəmə, iddianın cavabdeh Bakı Şəhəri 35 saylı Notariat Ofisinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı Şəhəri 35 saylı Notariat Ofisi hazırkı iddia tələbinə cavab verməli olan tərəf olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 birgə nikah dövründə əldə edilərək satılmış ünvan 2 ünvanında yerləşən 85000 manat dəyərində olan mənzilin dəyərinin yarısı 42500 (qırx iki min beş yüz) manat məbləği alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 birgə nikah dövründə əldə edilərək satılmış ünvan 2, yeni qaydalarla AZ1089, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 114.60 kv.metr olan 85000 manat dəyərində olan mənzilin dəyərinin yarısı 42500 (qırx iki min beş yüz) manat məbləği alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar