Məhkəmə qərarları › İş №e-2(038)-92/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-92/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-92/2025 10.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakın girovdan çıxarılması» tələbinə dair iddiasına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlakın girovluqdan azad edilməsi, 09 dekabr 2009-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən ******* nömrəli çıxarışın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin direktoru Ağayev Vaqif Bǝybala oğlu şəxsində ona məxsus Şirkətin nizamnaməsinə əsasən, kredit almaq üçün Nəsimi rayonu, Azadlıq Prospekti 43, mənzil 46 saylı ona məxsus mənzilini girov qoymaq şərti ilə 09 dekabr 2009-cu il tarixində KT 15 saylı kredit müqaviləsi imzalamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən, borc verən "xxxx" MMC "xxxx" ASC ilə bağladığı 24 sentyabr 2009-cu il tarixli 15 nömrəli kredit müqaviləsinin və bu müqavilənin şərtləri əsasında sub-borcalana kredit xəttinin ayrılmasını, Sub-borcalan isə ona ayrılmış kredit xəttindən təyinatı üzrə istifadə edilməsini və geri qaytarılmasını təmin edilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, 2009-cu ildən təsərrüfatın üzvü olduğu üçün, ona məxsus yaşayış evini girov qoymaqla "xxxx" ASC-dən 20.000 (iyirmi min) manat kredit götürüb arıçılığı inkişaf etdirməli və məqsəd istehsal olunan bal məhsulunu satmaq, həm krediti ödəmək, həm də ki, gəlir götürmək olmuşdur. Müqavilə əsasında 20.000 (iyirmi min) manat ona verilməsi göstərilsə də, cəmi 15.150 (on beş min yüz əlli) manat pul verilmişdir. Verilən məbləğin 850 (səkkiz yüz əlli) manatı evinin sığorta olunmasına çıxılmışdır. 4.000 (dörd min) manatı isə sonra verəcəyini bildirmişdir, lakin bu günə kimi verilməmişdir. Evdə olan yeddi nəfər qeydiyyatda olan ailə üzvlərinin dördünün razılığı alınmış, üçünün razılığı isə alınmamışdır. İki dəfə evi yanmış, sığorta edilmədiyinə görə sığorta pulu da ala bilməmiş və cavabdehə evinin yandığını bildirib onu çağırmışdır. Cavabdeh gəlmiş, evin yandığını öz gözü ilə görmüşdür və o cavabdehə şikayət etdiyini bildirdikdə o, ağlayaraq şikayət etməməsini xahiş etmişdir. Bütün bu işlərlə bağlı 07 noyabr 2019-cu il 500 manat, dövlət rüsumu 20 manat, 08 may 2020-ci il 600 manat, dövlət rüsumu 30 manat və 08 sentyabr 2021-ci il 500 manat, dövlət rüsumu 20 manat pul köçürərək üç dəfə Yardımlı Rayon Məhkəməsinə müraciət etmişdir. Yardımlı Rayon Məhkəməsi tərəfindən onun xeyrinə qətnamələr qəbul edilmişdir. üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, 20.000 (iyirmi min) manat kredit borcunu faizlərlə birlikdə qaytarmışdır. Bu haqda cavabdehə xx.xx.2017-ci il tarixində götürdüyü pulun tam ödənilməsi barədə arayış təqdim etmişdir. Buna baxmayaraq mülkiyyətində olan mənzil girovluqdan azad edilmir və mülkiyyət hüququnu təsdiq edən çıxarış ona qaytarılmır. Hələ, 07 iyul 2011-ci il tarixli məktubla yuxarıda göstərilən məsələ ilə bağlı "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin ünvanına müraciət etmişdir. X2 sədr müavini S.B.Baxşaliyev tərəfindən, 03/7068-11 14 iyul 2011-ci il tarixində cavablandıraraq, bildirmişdir ki, bu məsələlərlə bağlı yaranmış bütün suallarınızı borc alana ünvanlanması xahiş olunur. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı girovu bank qarşısında qoymuşdur. Onun iddiaçının əmlakını girovdan azad etmək səlahiyyəti yoxdur. Bunu yalnız bank edə bilər. O bu iddia üzrə heç bir cavabdehlik daşımır. Buna görə də iddianı qəbul etmir, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: «Təminatlı kredit müqaviləsi»ndən görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə "xxxx" ASC arı məhsullarının emalı və satışı məqsədilə "xxxx" MMC 80.000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti qəbul etməyi, 24 ay güzəşt müddəti bitdikdən sonra əsas məbləğ aylarüzrə bölünərək kredit vəsaitinin müddəti bitdiyi tarixə kimi geri qaytarmağı, kredit üzrə hesablanacaq faizləri hər rüb, ümumilikdə 5 il müddətinə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu ipotekadır. xx.xx.2017-ci il tarixli "xxxx" MMC-nin Arayışından görünür ki, arıçılığın inkişaf etdirilməsi üçün xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-dən təsərrüfata 80.000 manat kredit götürülmüşdür. Kreditin təminatına 2 ədəd yaşayış evi qoyulmuşdur, o cümlədən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus yaşayış evi girov qoyulmuşdur. O evi girov qoyarkən kreditin qaytarılmasına 20.000 manatına cavabdehlik daşıyırdı. Hal hazırda o götürdüyü pulu tam ödəmiş, onun borcu qalmamışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, ünvan 2 ünvanın yerləşən 46 saylı mənzil İddiaçı mülkiyyətindədir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçının tələbi girov və ipoteka hüquq münasibətlərindən irəi gələn mübahisə ilə bağlı olduğundan hesab edir ki, iddianın qanuni əsasını da girov və ipoteka hüquq müasibətlərini tənzimləyən hüquq normaları təşkil edir. Buna görə də məhkəmə həmin hüquq mübasibətlərini tənzimləyən hüquq normalarının məzmununa diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə Mmhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, Girov və ipoteka hüququ borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyaların və reyetrdə qeydə alınmalı olan daşınar əşyaların girovudur. Əmlakın girovdan, yəni ipotekadan azad olunması və ipotekaya xitam verilməsi üçün qanunverici bir neçə hal müəyyən etmişdir;

1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

2. əsas öhdəliyə xitam verildikdə;

3. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;

4. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

5. ipoteka predmeti məhv olduqda;

6. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Yalnız yuxarıda qeyd olunan halların mövcudluğu ipotekaya xitam verilməsi üçün əsas kimi qəbul edilə bilər. Əmlakın ipotekadan azad edilməsi hallarından biri də əsas öhdəliyə xitam verilməsidir. Məsələn, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak mövcuddursa, həmin əmlakla bağlı borc münasibətlərinə xitam verildikdən sonra ipotekaya da xitam verilir. Çünki, artıq ipoteka ilə təmin edilmiş borc öhdəliyi mövcud olmur, buna görə də əmlakın ipoteka ilə yüklü olmasına da zərurət aradan qalmış olur. Sübutetmə yükü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 77.1ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırda baxılan iş üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki işin hallarından isə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC tərəfindən üzərinə götürülmüş öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanın yerləşən 46 saylı mənzilin girovdan azad edilməsini tələb edir və bunun əsası kimi götürülmüş kreditin ödənilməsini təsdiq edən "xxxx" MMC-nin Arayışına əsaslanır. Lakin yuxarıda qeyd olunan hüquq normalarının məzmunu hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilən əmlak kreditor "xxxx" ASC-nin xeyrinə yüklü edildiyindən və əsas öhdəlik – kredit müqaviləsi də "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlandığından "xxxx" MMC-nin "xxxx" ASC qarşısında öhdəliyini tam şəkildə yerinə yetirib yetirməməsi "xxxx" MMC tərəfindən deyil, "xxxx" ASC tərəfindən verilmiş müvafiq sənədlə müəyyən edilə bilər. Lakin iddiaçı həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair "xxxx" ASC tərəfindən verilmiş hər hansı sənədi məhkəmə təqdim etməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğunu təsdiq edən sübutları təqdim etmək vəzifəsi bunu iddia edənin üzərnə düşür ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Digər tərəfdən iddiaçının bildirdiyi ünvan 2 ünvanın yerləşən 46 saylı mənzil "xxxx" MMC qarşısında deyil, "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir ki, həmin əmlakın girovdan azad olunmasına cavabdeh "xxxx" MMC ola bilməz. Çünki qeyd olunan hazırki məsələ üzrə ipoteka saxlayan qismində "xxxx" ASC çıxış edir və ipotekanın xitamına yalnız onun razılığı ilə xitam verilməsi mümkündür. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi bağlı məhkəmə tərəfindən müvafiq sorğu göndərilməsinə baxmayaraq sonuncu bununla bağlı, yəni cavabdehin əsl cavabdehlə əvəz olunmasına ilə bağlı məhkəməyə hər hansı mövqe bildirməmişdir.

NƏTİCƏ HİSSƏSİ:

Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ona məxsus əmlakın girovluqdan azad edilməsi, 09 dekabr 2009-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən ******* nömrəli çıxarışın ona qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ona məxsus əmlakın girovluqdan azad edilməsi, 09 dekabr 2009-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən ******* nömrəli çıxarışın ona qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar