Məhkəmə qərarları › İş №e-2(039)-1452/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1452/2025

14.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1452/2025 14.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əlizadə Ruslan Əliar oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmağına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını, onun həmin evə və həyətə köçürülməsi, həmin yaşayış evində müşahidə kamerasının quraşdırılmasının cavabdehlərə qadağan edilməsini, fərdi yaşayış evinə mülkiyyətçilərdən başqa şəxslərin daxil olmasının qadağan edilməsini, fərdi yaşayış evində ümumi paylı mülkiyyətçilərin razılığı olmadan tikinti işlərinin, dəyişikliklər aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-14/2024 nömrəli iş üzrə qəbul etdiyi 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Əli) onun tələbi qismən təmin edilmiş, İddiaçı Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 07 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 m2torpaq sahəsində, həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 43.8 m2 olan fərdi yaşayış evində X1 aid hissəyə, habelə tonluq su çəninə münasibətdə ½ hissədə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti versələr də şikayətləri Şəki Apellyasiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır. 04 mart 2025-ci il tarixdə ünvan 2 ünvana onun paylı mülkiyyətində olmasına dair çıxarış verilmişdir. Hazırda həmin fərdi yaşayış evi onunla cavabdehlərin paylı mülkiyyətindədir. Bundan hiddətlənən cavabdehlər həmin həyətə videokamera quraşdırmaqla onun mülkiyyətində olan, nənəsi Cəmilə Allahverdiyeva tərəfindən ona vəsiyyət edilən həyətə girişinə mane olurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) X8 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı iddia etdiyi evdə yaşamağa heç bir maneə yoxdur. Belə ki, iddiaçı istədiyi vaxt evdə gəlib yaşaya bilər. İddianın digər hissəsi, yəni fərdi yaşayış evinə mülkiyyətçilərdən başqa şəxslərin daxil olmasının qadağan edilməsi, fərdi yaşayış evində ümumi paylı mülkiyyətçilərin razılığı olmadan tikinti işlərinin, dəyişikliklər aparılmasının cavabdehlərə qadağan edilməsi hissədə təmin edilməməsini xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını, iddianın evə və həyətə köçürülməsi hissəsini qəbul etdiklərini, qalan hissədə isə qəbul etmədiklərini göstərmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iİş materiallarında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, İddiaçı **********03-10301 reyestr nömrəli AZ 6620 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 10/1 hissəsində payı vardır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 cavabdehlər X5 və İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Yevlax rayonu Xanabad kəndində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 43,80 kv.m olan fərdi yaşayış evi 1/10 hissədə (paylı mülkiyyət) mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər iddiaçıya mülkiyyətində olduğu evdə yaşamağa imkan vermədiklərindən sonuncu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddiaçını evə və həyətə köçürülməsi hissəsində iddianı qəbul edirlər. Məhkəmə iddiaçının yaşayış evində maneələrin aradan qaldırılması, müşahidə kamerasının quraşdırılmasının cavabdehlərə qadağan edilməsini, fərdi yaşayış evinə mülkiyyətçilərdən başqa şəxslərin daxil olmasının qadağan edilməsini, fərdi yaşayış evində ümumi paylı mülkiyyətçilərin razılığı olmadan tikinti işlərinin, dəyişikliklər aparılmasının cavabdehlərə qadağan edilməsi tələbi hissəsində hesab edir ki, iddianın rədd ediməlidir. Ərizənin həmin hissədə təmin edilməsi digər mülkiyyət hüquqlarının mənafeyinə ziddir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da görünür ki, cavabdehlər iddia olunan ünvanda yerləşən daşınmaz əmlakda adları keçir və paylı mülkiyyət növüdür. Cavabdehlər sözügedən daşınmaz əmlakdan öz paylarına uyğun istifadə etmək hüquqları vardır. Fərdi yaşayış evinə həm iddiaçının, həm də cavabdehlərin hüququ olduğundan, yaşayış evində müşahidə kamerasının quraşdırılmasının cavabdehlərə qadağan edilməsi, fərdi yaşayış evinə mülkiyyətçilərdən başqa şəxslərin daxil olmasının qadağan edilməsi, fərdi yaşayış evində ümumi paylı mülkiyyətçilərin razılığı olmadan tikinti işləri, dəyişikliklər aparılmasının cavabdehlərə qadağan edilməsi əks tərəfin (cavabdehlərin və ya iddiaçının) hüquqlarının məhdudlaşdırılması deməkdir. İddiaçı tərəfindən hər hansı maneələrin mövcudluğuna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərfəindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın (bax: İatridis Yunanıstana qarşı, [GC], ərizə N 31107/96, b. 58, AİHM 1999-İİ; sonrakı istinadlarla birlikdə). Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyət etibarı ilə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 48,80 kv.m ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsinə” dair iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 48,80 kv.m ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar