Məhkəmə qərarları › İş №e-2(039)-1827/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1827/2025

15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1827/2025 15.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə 15 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 1050 manat pulun, 30 manat dövlət rüsumunun, cəmi 1080 manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki Cavabdeh ilə tanışı Eldar vasitəsi ilə tanış olmuşdur. Belə ki, iddiaçı 2022-ci ilin dekabr ayında Eldarla onun işlədiyi çayxanada söhbət edərkən bildirmişdir ki, dəfələrlə ürək xəstəliyindən xəstəxanalarda müalicə olmuşdur. Eldar dedi ki, Namiq adlı tanışı var, belə işlərdə kömək edir. İddiaçı xahiş etdi ki, həmin Namiqlə onu tanış etsin və görsün necə kömək edə bilir. Eldar telefonla zəng edib həmin şəxsi işlədiyi çayxanaya çağırdı. İddiaçı Namiq gələndən sonra bildi ki, həmin şəxs Yevlax rayonunun Havarlı kənd sakini, kənd məktəbində müəllim işləyən Cavabdehdur. iddiaçı ona xəstə olduğunu, sənədlərinin olduğunu bildirəndə dedi ki, çox adama kömək etmişdir, ona da pensiyaya çıxmağa kömək edər. Namiq dedi ki, bunun 2200 manat xərci var. İddiaçı onunla razılaşdı və 2022-ci ilin dekabr ayının 16-dan başlayaraq 15-20 gün ərzində hissə-hissə 2200 manat pulu əlbəəl vermişdir. Verdiyi pulun 1100 manatını yeznəsi X1 borc almışdır. Bütün xəstəlik sənədlərini Cavabdeh vermişdir və onunla birlikdə “ASAN xidmət” Mərkəzinə gəlib şəxsiyyət vəsiqəsinin surətini notariusda təsdiq etdirib Namiqə vermişdir. Cavabdeh söz vermişdir ki, bir müddət sonra iş düzələcək. Lakin xeyli müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadı. İddaçı pulunu tələb edəndə Cavabdeh müxtəlif bəhanələr gətirib işin düzələcəyini demişdir. İş düzəlmədi və iddiaçı dəfələrlə pulunu tələb etsə də, indiyə kimi hissə-hissə cəmi 1150 manat qaytarmışdır. İddiaşı hadisə barədə Polis Şöbəsinə müraciət etmişdir və Polis Şöbəsi iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, məhkəməyə müraciət etsin. Odur ki, həmin pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh tanışı Eldar vasitəsilə 2200 manat pul vermişdir. Həmin puldan ona 1150 manat pul qaytarmışdır. Ərizəsində pulu işə düzəltmək adıyla verdiyini göstərsə də sonradan oturub danışmışlar, qalan 1050 manat pulun ona qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində və müvafiq ərizədə göstərilənləri bir daha təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçıdan borc olaraq 2200 manat borc almış və həmin puldan 1150 manat qaytarmışdır. Hazırda iddiaçıya 1050 manat borcu vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1050 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1050 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar