Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2046/2024 28.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı X7 X12n nümayəndəsi X3, Cavabdeh Baxşalıoğlu (Baxşalıyev) Siyavuş İsmayıl oğlunun iştirakı ilə, İddiaçı X7 X12n cavabdeh Baxşalıoğlu (Baxşalıyev) Siyavuş İsmayıl oğluna qarşı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 X12 cavabdeh Baxşalıoğlu (Baxşalıyev) Siyavuş İsmayıl oğluna qarşı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 17 avqust 2022-ci il tarixli, ÖM/08388 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 X12n nümayəndəsi X6 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 17 avqust 2022-ci il tarixli, ÖM/08388 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 7544-7132 və 7543 birka nömrəli 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 17 avqust 2022-ci il tarixli, ÖM/08388 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-ci il 17 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 7544-7132 və 7543 birka nömrəli 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-B-27140/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar X1 tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Baxşalıoğlu (Baxşalıyev) Siyavuş İsmayıl oğlu iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, X7 X12 ilə aralarında bağlanmış 17 avqust 2022-ci il tarixli müqaviləyə əsasən Agentlik tərəfindən ona 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması verilmişdir. Həmin heyvanlara qulluq etmiş, lakin heyvanlardan biri xəstə, ikisi isə bala vermədiyinə görə müqavilə bağlandıqdan bir 1 il 1 ay 15 gün keçdikdən sonra heyvanları satmış, əvəzinə başqa heyvan almış, lakin sonradan həmin heyvanı saxlaya bilmədiyinə görə sataraq, yaşadığı kənddə kiçik mağaza icarəyə götürərək işlətməyə başlamışdır. Müqavilə bağlndıqdan sonra heyvanlar satılanadək iddiaçı Agentliyin əməkdaşları tərəfindən həmin heyvanlara görə monitorinq aparılmamışdır. 2024-cü ilin yanvar ayında Agentliyin əməkdaşları yaşadığı evə gəlmiş, lakin heyvanları satdığına görə həmin vaxt heyvanları aşkar etməmişdirlər. Agentliyin əməkdaşlarına da həmin heyvanları satdığını bildirmişdir. O (cavabdeh) müqavilənin şərtlərinə riayət etmiş, ona verilmiş heyvanları müqavilədə nəzərdə tutulmuş 1 illik müddət ötdükdən sonra satmışdır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan X7 X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/ÖM/08388 saylı özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, həmin müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünəməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın Özünəməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. İşdə olan 17 avqust 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X12 tərəfindən Cavabdeh 3 yaşa qədər 3 baş inək, 400 kq. qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində təhvil verilmişdir. İşdə olan 17 yanvar 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X12n əməkdaşları tərəfindən özünəməşğulluğa cəlb olunmuş Yevlax rayonunun Yuxarı Qarxun kəndində yaşayış Cavabdeh fəaliyyətinin yekun monitorinqi aparılmış, monitorinq nəticəsində 3 baş inəyin satıldığı, 400 kq. qarışıq yemin və 65 ədəd ot bağlamasının istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Mühasibatlıq və Təyinat filialı arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 17 avqust 2022-ci il tarixli, ÖM/08388 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 7544-7132 və 7543 birka nömrəli 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında tərtib edilmiş 17 avqust 2022-ci il tarixli, ÖM/08388 nömrəli akta əsasən qeyd edilən əmlaklar Cavabdeh təhvil verilmişdir. 2024-ci il 17 yanvar tarixli monitorinq aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 7544-7132 və 7543 birka nömrəli 3 (üç) baş inək, 400 kq. qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2- B-27140/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin həmin aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təmin edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan tərəflər arasından bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/ÖM/08388 saylı özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilənin 2.2-ci bəndindən görünür ki, filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözü gedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planada nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, filial özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəailyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin 3.1.2-ci bəndindən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu müqavilənin şərtlərinə 1 il müddətində əməl olunduğu halda filial əmlakı özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, 2022/ÖM/08388 saylı müqaviləyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X12 tərəfindən Cavabdeh 7544-7132 və 7543 birka nömrəli 3 (üç) baş inək, 400 kq. qarışıq yem (paketlənmiş) və 65 ədəd ot bağlaması (ot və yonca qarışığı) natura şəklində verilmiş, cavabdeh həmin aktivləri təhvil almış, 1 ildən artıq müddət ərzində həmin heyvanlara baxmış və 400 kq. qarışıq yem (paketlənmiş) və 65 ədəd ot bağlaması həmin heyvanların saxlanmasına sərf edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Agentlik tərəfindən müqavilə şərtlərinə əsasən 1 il ərzində müvafiq qaydada monitorinq keçirilməli olduğu halda müqavilənin bu şərtinə əməl etməmiş və cavabdeh müqavilə ilə müəyyən edilmiş 1 il müddət keçdikdən sonra ona verilmiş heyvanları satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3.4-cü bəndindən müəyyən edilir ki, özünəməşğulluğa cəlb olunmuş şəxs bu müqavlə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həminəmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X4 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmalıdır. Məhkəmə iclasında cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsi müəyyən edilmir. Əksinə, işin müəyyən edilmiş hallarından müəyyən edilir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə əməl edərək, ona təhvil verilmiş 3 baş heyvana müqavilə müddəti ərzində baxaraq qulluq etmiş və 400 kq. qarışıq yemi (paketlənmiş) və 65 ədəd ot bağlamasını həmin heyvanların saxlanmasına sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X7 X12n cavabdeh Baxşalıoğlu (Baxşalıyev) Siyavuş İsmayıl oğluna qarşı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-2046/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2046/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver