Məhkəmə qərarları › İş №e-2(039)-2208/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2208/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2208/2024 31.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsinin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsinin Cavabdeh qarşı «özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsi Cavabdeh qarşı «özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 23 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək və 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) cavabdehdən tutularaq Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsi iddia tələbini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 23 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 12090, 14151, 12442 birka nömrəli inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 23 sentyabr tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 24 yanvar 2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 12090, 14151, 12442 birka nömrəli inəklər aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17- 2/2-M-30108/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 (üç) baş inək və 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsinin nümayəndəsi X9 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona mal və yem verilmişdir. Mallarin ikisi öldü. Ölməmişdən öncə baytar həkim çağırmışdır. Heyvanlar müalicə olunsa da, saxlamaq mümkün olmamışdır. Heyvanın ikisi öldü. Heyvanlar ölən zaman, heyvanların ona təhvil verildiyi vaxtda bir il keçmişdir. Heyvanlar müalicə olunan vaxt Məşğulluq agentliyinə şifahi müraciət etmişdir. Ona nəsə olarsa yenidən müraciət etməyi bildirilmişdir. Lakin heç kim gəlib heyvanlara baxış keçirmədi. Ölən heyvanları aparıb bərəyə atıb yandırdı. Üçüncü heyvan da ölməsin deyə satmışdır. Lakin heyvanı satan zaman malın ona verilməsindən bir il keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Elxan onun qonşusudur. Elxana özünüməşğulluq proqramı çərçivəsində mal verilmişdir. Heyvanlar yaşlı heyvan idi. Qış ayları idi heyvanlar öldü. Onu da çağırmışdır və olü heyvanı maşına qoymağa kömək etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, baytar həkim işləyir. Dörd kəndin baytar həkimi işləyir. Elxana üç baş mal verilmişdir. Heyvanlar yaşlı mallar idi. Təxminən 14-15 yaşlı mallar idi. Həmin heyvanların ikisi xəstə idi. Ona müraciət olundu o da heyvanlara baxmışdır. Bir müddət müalicə etsə də, müalicənin köməyi olmadı. Heyvanlar virusa yoluxmuşdur. Heyvanların sağalmasının mümkün olmadığını görəndə Elxana bildirmidir ki, gedib Məşğulluq idarəsinə xəbər versin. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Elxanla qapı bir qonşudur. Elxana üç baş mal verilmişdir. Heyvanlar xəstə idi. Hər dəfə həkim gələndə o da gedib baxırdı. Sonradan heyvanların ikisi öldü. Heyvanlar qoca heyvan idi. Heyvanların nə vaxt öldüyü dəqiq yadında deyil. Heyvanların ölüsünü də görmüşdür. Təxminən dekabr ayı idi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, Elxan onun qonşusudur. Elxana üç baş mal verilmişdir. Heyvanlar gələndən xəstə idi. Həkimin dəfələrlə Elxanın qapısına gəlməsini görmüşdür. Həmin heyvanların ikisi ölmüşdür. Heyvanların ölüsünü görmüşdür. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 yanvar 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktından məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxs Cavabdeh 3 (üç) baş inək aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhviltəslim aktından məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxs Cavabdeh 14202-14188 və 14206 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 saylı müqavilədən məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxs Cavabdeh 12090, 14151, 12442 birka nömrəli inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən filial tərəfindən arasındakı təhvil-təslim aktında göstərilən əmlakı müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verdiyi, həmin şəxs isə 1 (bir) il müddətində sözü gedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planada nəzərdə tutulan təyinat üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu müqavilənin şərtlərinə 1 il müddətində əmək olunduğu halda əmlakı özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X8 29 oktyabr 2024-cü il tarixli 23 saylı arayışından məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxs tərəfindən Cavabdeh verilmiş 3 baş inəkdən, 2 baş inəyi tələf olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 saylı müqavilə əsəsən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxs Cavabdeh 12090, 14151, 12442 birka nömrəli inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Cavabdeh ona verilmiş aktivləri təhvil almış və 1 ildən artıq müddətdə heyvanlara baxmışdır. Lakin heyvanların ikisi tələf olmuşdur. Bir il ərzində iddiaçı tərəfindən müvafiq qaydada monitorinq keçirilməli olduğu halda iddiaçı tərəfindən müqavilənin bu şərtinə əməl olunmamışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş 1 il müddət keçdikdən sonra ona verilmiş heyvanı birini satmışdır. Məhkəmə qeyd edir ki, özünə məşğulluğun məqsədi az təminatlı ailələrin sosial rifahını yüslksətmək məqsədi daşıyan lahiyədir. Fərdi təsərrüfatların təməlini yaratmaq üçün dövlətin dəstəyidir. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundakı şərtlər ilk növbədə iddiaçı tərəfindən pozulması halları müəyyən olunur. Belə ki, müqavilə müddəti bir il müəyyən edilmişdir. Bir il ərzində monitorinq aparmaq iddiaçının üzərinə düşən öhdəlikdir. Müqavilə şərtlərinə görə müqavilə müddətinin sonunda heyvanların cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı heyvanları cavabdehin istifadəsinə 23 sentyabr 2022-ci il tarixdə versə də, monitorinqi 24 yanvar 2024-cü il tarixdə keçirilmişdir. Bir il ərzində iddiaçı tərəfindən müvafiq qaydada monitorinq keçirilməli olduğu halda iddiaçı tərəfindən müqavilənin bu şərtinə əməl olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin isə 3.3.4-cü bəndinə əsasən cavabdehin 1 il müddətində üzrlü səbəb olmadan əmlakdan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq vəzifəsi müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin 1 il ərzində müqavilə şərtlərini pozmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh isə müqavilə ilə müəyyənləşdiriliş müddət keçdikdən sonra əmlakı öz istəyinə uyğun olaraq istifadə etməkdə haqlıdır. Heyvanların ikisinin tələf olması isə məhkəmə araşdırması zamanı öz əksini tapmış və üzrlü səbəb hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsinin Cavabdeh qarşı «özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 397.2-ci maddəsinə əsasən, Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Azərbaycan Respublikası MM-nin 399.3-cü maddəsinə əsasən, Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 450.1-ci maddəsinə əsasən, Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Publik Hüquqi şəxsinin Cavabdeh qarşı «özünüməşğulluğa kömək göstərilməsinə dair 23 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11460 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar