Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2434/2025 30.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak passivinin bölgüsü tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak passivinin bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında olan xx.xx.2025-ci il tarixli, RGTK4549461C299 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 2395,95 manat kredit məbləğinin və onların faizləri ilə birlikdə borc məbləğinin ümumi borc hesab edilərək ½ hissədə bölünməsi və ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Birgə nikah dövründə olduğu vaxt cavabdeh həmişə ailəsini ağır iqtisadi vəziyyətə salmış, dəfələrlə qumar oyunlarında uduzduğu üçün borc pul götürmüş, hər dəfə də onun borclarını, o, ödəmiş, onun borclarını bağlamaq üçün bankdan bir neçə dəfə kredit götürmüşdür. Çünki cavabdeh dəfələrlə kredit götürdüyünə görə ona kredit verilmirdi. Ona görə də özü və cavabdehin anası onu məcbur etdilər ki, o, kredit götürüb və cavabdehin qumar borclarını bağlasın. Sonuncu dəfə yenə cavabdehin qumar oyunlarında uduzmasına görə onun borclarını ödəmək üçün "xxxx" ASC ilə aralarında olan xx.xx.2025-ci il tarixli, RGTK4549461C299 nömrəli kredit müqaviləsinə əsasən 2395,95 manat kredit məbləği götürmüşdür. Həmin kredit məbləği faizləri ilə birgə 3000 manatdan çox edir. Cavabdehin qumar oyunlarına görə artıq onunla münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar və o övladları birgə anasının evinə sığınmışdır. Buna görə nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş Nizami Rayon Məhkəməsinin icraatındadır. Hazırkı halda hesab edir ki,"xxxx" ASC ilə aralarında olan xx.xx.2025-ci il tarixli, RGTK4549461C299 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 2395,95 manat kredit məbləği birgə nikah dövründə götürüldüyündən, o cümlədən həmin kredit məbləği cavabdehin qumar oyunlarına xərcləndiyindən həmin kredit borcu cavabdehlə aralarında ½ hissədə bölünməlidir. Tərəflərin izahatları İddiaçı Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasında səhhətində yaranmış problem və yolun uzaqlığı ilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmayacaqdır. Onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. xx.xx.2025-ci il traixli məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlər münasibətləri korlanmış, 2025-ci ilin may ayından atası evinə getmişdir. Həmin vaxtdan etibarən ayrı yaşayırlar. Nikahın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Dəfələrlə "xxxx" ASC-də kreditlər götürmüş, ödəniş edə bilmədiyi üçün iyun ayının 3-də yenidən müqavilə bağlanmışdır. Müqavilə yeni bağlanmışdır. Kredit müqaviləsinə əlavəyə əsasən aylıq ödəniş 135.09 manatdır. Birgə nikahdan anadan olmuş uşaqlar da onun himayəsindədir. Onun bütün krediti təkbaşına ödəməsi mümkünsüzdür və onun əsassız yerə yüklənməsinə səbəb olacaq. Hesab edir ki, birgə nikah dövründə götürüldüyü üçün cavabdehlə onun arasında bölünməli və yarısı cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman iddia ərizəsi və məhkəmə prosesi barədə məlumatlı olduğunu, lakin iddia tələbini qəbul etmədiyini, bankdan kredit götürmədiyini, iddiaçı tərəfindən götürülən kreditə isə cavabdeh olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, RGTK4549461C299 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 31% faiz dərəcəsi ilə 24 ay müddətinə olmaqla, 2393.95 manat məbləğində kredit vermişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə keçirilmiş birgə nikah dövründə əldə olunmuş kreditin bölüşdürülməsinə, cehiz əşyalarının və ya əvəzinin pul şəkilində dəyərinin ödənilməsinə dair ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisələndirilməyən halları odur ki, iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlanmış, birgə nikah münasibətlərindən iki uşaq dünyaya gəlmişdir. Tərəflərin münasibəti korlanmış və 2025ci ilin may ayından etibarən faktiki olaraq ayrılmışlar. İddiaçı 3 iyun 2025-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 2393.95 manat kredit götürmüşdür. Həmin borcun ailə ehtiyaclarına sərf edilməsi işin mübahisələndirilən halıdır. İddiaçı borc müqaviləsi əsasında əldə olunan vəsaitin cavabdehin qumar borclarına sərf olunduğunu iddia edir, cavabdeh isə bunu qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər- arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil əmlaklarda öz növbəsində əmlak aktivinə və passivinə bölünür. Nəzərə alınmalıdır ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Öhdəliyin ümumiliyi dedikdə, birgə nikah dövründə ər-arvaddan biri tərəfindən yalnız ailə ehtiyaclarının qarşılanması üçün götürülmüş öhdəliklər başa düşülür ki, həmin öhdəliklərin icrası zamanı ər(arvad) ümumi əmlakı ilə birgə məsuliyyət daşıyır. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Hazırda iddiaçı tərəflərin birgə nikahda olduqları dövrdə borc götürülmüş 2393,95 Manat əsasə kredit borcunun və onun faizlərinin pul vəsaitinin ümumi borc hesab edilərək, ½ hissədə bölünməsi və ½ hissəsinin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu vəsaitin məhz tərəflərin birgə nikahı dövründə əldə edilməsi və ailənin ehtiyacları üçün sərf olunması (cavabdehin borcları üçün) iş materialları ilə sübuta yetirilmir. Məhkəmə həmçinin qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş əmlak passivinin bölgüsü tələbinə dair işlərə baxılarkən borcun ödənilib-ödənilməməsinin araşdırılmalıdır.. Belə ki, qüvvədə olan qanunvericilik birgə nikah dövründə əldə edilmiş və ailə ehtiyaclarına sərf olunmuş yalnız o passivin birgə əmlakdakı paya uyğun hissəsinin arvaddan (ərdən) tutulmasını mümkün hesab edir ki, ər (arvad) öhdəliyin icra edilməmiş hissəsini nikaha faktiki xitam verildikdən və ya nikah rəsmi qaydada pozulduqdan sonra öz şəxsi vəsaiti hesabına ödəsin. Belə ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. İddiaçı izahatında da bildirmişdir ki, münasibətləri 2025-ci ilin may ayından pozulmuş, kredit müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Kreditin aylıq ödənişi 135.09 manat təşkil edir. İddiaçı özü bildirmişdir ki, krediti öədyə bilmir və bu səbəbdən bölünməlidir. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak passivinin bölgüsü tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak passivinin bölgüsü tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №e-2(039)-2434/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2434/2025
30.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver