Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-384/2022 10.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mayis oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mayis oğluna qarşı «subroqasiya qaydasında pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mayis oğluna qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Mayis oğlundan 650 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 17 iyul 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Vaz-21013” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 31 avqust 2021-ci il tarixdə Yevlax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “Daimler Chrysler” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yevlax DYPB-nin protokolu ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verilməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 650 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, Cavabdeh1 Mayis oğluna məxsus avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin vaxt Yevlax rayonunda yolnəqliyyat hadisəsi olmuşdur. Hazırda pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Cavabdeh1 Mayis oğlu məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, Cavabdeh2 avtomobili etibarnaməsiz vermişdir. O da Yevlax rayonunda yol-nəqliyyat hadisəsi törətmişdir. Pul hissə-hissə ödəniləcəkdir. Cavabdehlər məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiklərini, lakin hazırda 650 manat pulu bir dəfəyə ödəməyə imkanları olmamasını və pulu hissə-hissə ödəyəcəklərini bildirmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, "xxxx" ASC 30.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, sığorta ödənişi ilə bağlı aktın surətindən məlum olur ki, “Daimler Chrysler” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X2 650 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, dəymiş zərərin hesablanmasına dair aktın surətindən məlum olur ki, “Daimler Chrysler” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X2 650 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 04 noyabr 2021-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, 650 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, inzibati xəta haqqında İXP ******* saylı protokolun surətindən məlum olur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş materialları ilə məlum olmuşdur ki, X6 özünə məxsus “VAZ-21013” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də icbari sığorta etmişdir. X1 özünə məxsus “VAZ-21013” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh2 vermişdir. Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz X5 məxsus VAZ-21013” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş, nəticədə X2 məxsus olan “Daimler Chrysler” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 04 noyabr 2021-ci il tarixli 106258 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən X2 dəymiş zərərə görə 650 manat pul ödənilmişdir. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mayis oğlundan 650 manat pulun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Cavabdehlər iddianı etiraf edir. Ona görə də, iddia təmin edilməli, 650 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 Mayis oğlundan alınıb "xxxx" ASC-nin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 650 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 Mayis oğlundan alınıb "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-384/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-384/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver