Məhkəmə qərarları › İş №e-2(039)-895/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-895/2025

20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-895/2025 20.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünü Cavabdeh kimi təqdim edən şəxs ona (iddiaçıya) məxsus olan Bakı şəhəri Nərimanov rayonu X1 prospekti ev 128, mənzil 36-da yerləşən mənzili aylıq 360 (üç yüz altmış) manat və digər kommünal xərcləri ödəmək şərti ilə yaxındakı qonşulardan nömrəsini (iddiaçının) alaraq müvəqqəti yaşamaq üçün müraciət etmişdir. Cavabdeh ilkin telefon danışığında və görüşləri zamanı özünü normal təəssüratla apararaq ona (iddiaçıya) şəxsiyyət vəsiqəsinin rəsmini təqdim etmiş və A.H.Əliyev küçəsi 239 ünvanında yerləşən «Ləzzət Garden» restoranında aşpaz kimi çalışdığını şifahi olaraq bildirmişdir. 18 iyun 2024-cü il tarixdən özü və anası mənzilə köçüb yaşamağa başlamışlar və razılaşdıqlar ödənişi kart vasitəsi ilə ödəmişdir. Mənzildə olan vəsaitləri, əşyaları siyahılaşdıraraq, eyni zamanda şifahi danışdıqları kommunal və aylıq ödəniş razılaşmalarını hər ikisi şəxsiyyət vəsiqələrini bir-birinə təqdim etməklə öz aralarında kirayə müqaviləsi bağlamışlar. Lakin ikinci ayın ödəniş vaxtı gəldikdə, yəni 18 iyul 2024-cü il tarixdən növbəti ayın ödənişini uzadaraq 03 avqust 2024-cü il tarixdə mənzili kommunal və aylıq ödənişi etmədən tərk etmişlər. Bu tarixdən bəri dəfələrlə zəng, sms yazmağına baxmayaraq cavab vermir və digər nömrələrdən etdiyi zəngləri də açıb o (iddiaçı) olduğunu bildikdən sonra söndürür. Bundan əlavə binanın sökülməsi ilə əlaqədar olaraq su sayğacını 11 dekabr 2024-cü il tarixdə laboratoriyaya təhvil verən zaman müəyyən olunmuşdur ki, Cavabdeh mənzildə olan "xxxx" QSC tərəfindən quraşdırılmış su sayğacını zədələməklə düzgün ölçü aparılmasına əngəl törətmişdir. Qeyd olunan sayğac onun (iddiaçının) adına olduğundan dövlət əmlakına zədə vurulduğu üçün ona (iddiaçıya) cərimə yazılmış və sayğacı yenisi ilə əvəz etməlidir. Mənzilin yaxınlığında olan əvvəllər işlədiyi restoran əməkdaşlarından da az miqdarda pul alaraq borclanıb daha sonra qaytarmadığı bir çox məlumatları eşitmişdir. Bu məsələ ilə əlaqədar bir neçə dəfə DİN-ə onlayn qaydada və Bakı şəhəri Nərimanov rayon 18-ci Polis Bölməsinə yaxınlaşaraq ərizə və izahat şəklində yazıb təqdim etsə də, müsbət nəticə olmamışdır. İddiaçı qeyd edilənlərin nəzəə alınaraq, cavabdehdən ona (iddiaçıya) dəymiş 600 (altı yüz) manat zərərin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi 128 saylı binanın 23 saylı mənzilini aylıq kirayə haqqı 360 (üç yüz altmış) manat olmaqla Cavabdeh kirayə vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi 128 saylı binanın 23 saylı mənzilini aylıq kirayə haqqı 360 (üç yüz altmış) manat olmaqla Cavabdeh kirayə vermişdir. Cavabdeh bilinci ayın kirayə haqqını ödəsə də, sonrakı ay üçün kirayə haqqını ödəmədən və iddaçıya məlumat vermədən mənzildən çıxmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh kirayə haqqını ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tələbində cavabdeh tərəfindən kommunal xidmətlərin ödənilmədiyini, sayğaca cavabdeh tərəfindən müdaxilə edildiyini, bunun nəticəsində ona maddi ziyan dəydiyini göstərsə də həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh tərəfindən hansı kommunal xidmətlərə görə ödənilməli olan haqq və məbləğ göstərilməmiş, cavabdehin kommunal xidmətlərə görə borclu qalmasını, eyni zamanda su sayğacına müdaxilə edilməsi və həmin müdaxilənin cavabdeh tərəfindən edilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən ödənilməmiş kirayə haqqına görə 360 (üç yüz altmış) manatın alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat kirayə haqqı və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar