Məhkəmə qərarları › İş №e-2(040)-144/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-144/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-144/2025 16.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənetdim: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 1049,75 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manatın cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 26 aprel 2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. 12 dekabr 2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 05 dekabr 2023-cü il tarixində İddiaçı MMC-nin Oba Bərdə 15 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 05 dekabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4537 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1049,75 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1049,75 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 18 dekabr 2020-ci il tarixli əmək müqaviləsindən və həmin tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 18 dekabr 2020-ci il tarixdə İddiaçı MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 26 aprel 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 26 aprel 2021-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: 12 dekabr 2023-cü tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 26 aprel 2021-ci il tarixli “X2 haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 03 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 05 dekabr 2023-cü il tarixində 4537,37 manat çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 1049,75 manat borcu qalmışdır. İş materiallarında olan: 05 dekabr 2023-ci tarixli “Oba-Bərdə 15” filialında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba-Bərdə 15” filialında cəmi 4537,36 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00528) X1 tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli MŞB/20/2024-00465 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiya xərci və 10 manat poçt-kargüzarlığın aparılması üçün İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 28 avqust 2023-cü il tarixli məktubun surətindən (poçt qəbzi var) görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sora-Əmək Məcəlləsi): -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək hakim hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar, o cümlədən bu barədə inventarizasiya aktı təqdim etmiş, eyni zamanda, cavabdeh (sabiq işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan dəyməsində təqsiri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Odur ki, iddiaçı cavabdehdən vurulmuş 1049,75 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia tələbi təmin edilsin. Cavabdeh işə götürənə vurulmuş ziyana görə 1049,75 manat (bir min qırx doqquz manat 75 qəpik), həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin pul əvəzi, cəmi 1109,75 manat (bir min yüz doqquz manat 75 qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar