Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-319/2024 29.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı Cavabdeh qarşı“vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12468,33 manat (on iki min dörd yüz altmış səkkiz manat 33 qəpik) pulun, mediasiya xərci kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 78 (yetmiş səkkiz) manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra- Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. 01 mart 2022-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, 08 sentyabr 2022-ci il tarixli 458 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir: belə ki, 25 avqust 2022-ci il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləği 12468,91 manat (on iki min dörd yüz altmış səkkiz manat 91 qəpik) məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 12468,33 manat (on iki min dörd yüz altmış səkkiz manat 33 qəpik) təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İş üzrə hazırlıq iclası 14 mart 2024-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 04 aprel 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 02 may 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 29 may 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 29 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 25 avqust 2022-ci il tarixində 12636,91 manat çatışmazlıq müəyyən edilmiş, müvafiq güzəşt tətbiq edildikdən sonra, 12 iyul 2023-cü il tarixinə cəmi 12468,33 manat (on iki min dörd yüz altmış səkkiz manat 33 qəpik) borcu qalmışdır. İş materiallarında olan: 14 iyul 2022-ci il tarixli “Oba-kubinka 1” filialında aparılmış İnventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba Kubinka 1” filialında cəmi 12636,90 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: 04 avqust 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 04 avqust 2021-ci il tarixdə “X7” MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 01 mart 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 01 mart 2022-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: 08 sentyabr 2022-ci tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00398) X3 tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli MŞB/4-2023-00222 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 04 avqust 2021ci il tarixdə “X7” MMC şirkətinə işə qəbul olunmuş və 08 sentyabr 2022-ci tarixdə əmək müvaqiləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini 14 iyul 2022-ci il tarixdə cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən tərtib edilmiş aktda tapmışdır; cavabdehin iddaçıya 12468,33 manat (on iki min dörd yüz altmış səkkiz manat 33 qəpik) borcu qalır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair kifayət qədər sübut təqdim etmiş, eyni zamanda, cavabdeh (işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan vurulmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12468,33 manat (on iki min dörd yüz altmış səkkiz manat 33 qəpik), həmçinin, məhkəmədə iddia qaldırılması ilə bağlı 50 (əlli) manat mediasiya xərci və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 12596,33 manat (on iki min beş yüz doxsan altı manat 33 qəpik) pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə daxil edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-319/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-319/2024
29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver