Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-41/2025 27.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin icarə münasibətlərindən yaranmış 16000 manat pul borcunun və avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 18000 manatın, cəmi 34000 manat məbləğdə pul vəsaitinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən **-BC-*** dövlət qeydiyyat nişanlı “Shagman” markalı yük avtomobilindən 7 aylıq istifadəyə görə ona ödənilməli olduğu 21000 manat pulun ödənilməmiş 16000 manatını, istifadə müddətində avtomobilə vurduğu maddi ziyanın əvəzi kimi 18000 manat olmaqla, cəmi 34000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi ilə ondan cavabdehin xeyrinə 17000 (on yeddi min) manat pulun və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun tutulması qət edilmişdir. O, qətnamənin ləğv edilib iddianın rədd edilməsi üçün apellyasiya şikayəti vermiş və mülki iş hal-hazırda Gəncə Apellyasiya məhkəməsinin icraatındadır. Eyni zamanda, o, bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan **-BC-*** dövlət qeydiyyat nişanlı “Shagman” markalı avtomobilindən yeddi ay istifadəyə görə cavabdehin ona ödəməli olduğu 21000 (iyirmi bir min) manat icarə haqqının ödənilməmiş qalan 16000 (on altı min) manatın və istifadə müddətində avtomobilə vurulmuş 18000 (on səkkiz min) manat ziyanla birlikdə 34000 (otuz dörd min) manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən göründüyü kimi, cavabdehin onun avtomobilini 2022-ci il fevral ayında ondan alıb 2022-ci ilin oktyabr ayının sonuna kimi istifadəsində saxlaması, yeddi ay ərzində hər ay 3000 (üç min) manat ödəməklə cəmi ödəməli olduğu 21000 (iyirmi bir min) manatın əvəzinə 5000 (beş min) manat ödəməsi işin mübahisəsiz halıdır. Eyni zamanda, cavabdehin ödəməli olduğu 21000 (iyirmi bir min) manatın 16000 (on altı min) manat hissəsinin ödənilməməsi və cavabdehin istifadəsində olan zaman avtomobilə ziyanın dəyməsi də sübut edilir. O, avtomobili cavabdehdən təhvil aldıqdan sonra 18000 (on səkkiz min) manat xərcləyərək onu tam təmir etdirmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli e-2(002)- 2659/2024 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 26 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası ilk dəfə 28 oktyabr 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 26 noyabr 2024-cü il və 11 dekabr 2024-cü il tarixlərə təxirə salınmış, məhkəmə baxış iclası 16 yanvar 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 27 yanvar 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsində göstərdikərini təsdiq edərək iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, əslində iddiaçı onu aldadaraq ona 38000 (otuz səkkiz min) manat maddi ziyan vurmuşdur. Bununla bağlı, o, Ağdam Rayon Məhkəməsində iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi ilə onun İddiaçı qarşı iddiası qismən təmin edilərək, İddiaçı 17000 (on yeddi min) manat pulun və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun alınaraq onun (Cavabdeh) xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı bundan hiddətlənərək ona qarşı əsassız iddia qaldırmışdır. Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(104)-2003/2024 saylı qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddianın qanunsuz və əsassız olması səbəbindən rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Elbrus onun yaxın dostudur. Fazili isə Elbrusla maşın alverindən tanıyır. Elbrus ona bildirmişdir ki, yük maşınını icarəyə vermək istəyir. Həmin yük maşınını Fazil icarəyə götürmüşdür. Bir müddət sonra Elbrusdan icarənin pulunu alıb-almadığını soruşmuş, Elbrus isə ona bildirmişdir ki, Fazil yük maşınını aparıb yararsız vəziyyətə salmışdır. Elbrus maşını düzəltmək üçün 20000 (iyirmi min) manata yaxın pul xərcləmişdir. Şahid qismində Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, Fazili tanımır, Fazilin Elbrusa və ya Elbrusun Fazilə nə qədər pul borcu olduğunu da bilmir. Sadəcə olaraq, 2022-ci ilin yay ayında Elbrus onu çağırmışdır ki, gəlib avtomobili sürücü kimi işlətsin. O, gələndə görümüşdür ki, maşın dağılıb. Elbrus maşının mühərrikini yığdırmaq üçün on bir-on iki min manat pul vermişdir. Bundan başqa, maşının digər yerlərini də təmir etdirmək üçün əlavə xərc çəkmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Cavabdeh dayısıdır. Fazil onun yanına gələrək Elbrusdan icarəyə yük avtomobili götürdüyünü, lakin avtomobili aldıqdan təxminən on beş gün sonra mühərrikinin xarab olduğunu, ona təcili 15000 (on beş min) manata qədər pul lazım olduğunu bildirmişdir. Onun özündə o qədər pul olmadığını və kredit götürüb verə biləcəyini bildirmiş, onlar razılaşdıqdan sonra, o, "xxxx" ASC-dən 15000 (on beş min) manat kredit götürüb Fazilə vermişdir. Fazil avtomobili təmir etdirdikdən sonra Ağdam rayonuna işləməyə getmişdir. Bir neçə aydan sonra Fazilə zəng vurub bildirmişdir ki, Daşkəsəndə işləməyə yük avtomobili lazımdır, əgər avtomobili hazırda işlətmirsə və ona uyğundursa, maşını Daşkəsəndə işlətmək üçün icarəyə versin. Fazil həmin vaxt ona bildirmişdir ki, yük maşını artıq onda deyil, Elbrus maşını ondan almışdır. O, səbəbini soruşanda Fazil ona bildirmişdir ki, Elbrus ona demişdir ki, “maşını işlədə bilmirsən, ona görə də qoy maşını aparıb satım, satışdan əldə olunan məbləği isə aramızda bölüşdürək. Bir neçə vaxtdan sonra Fazil ona bildirmişdir ki, Elbrus onu aldadır. Belə olduqda, o, Fazili də götürüb məsələni aydınlaşdırmaq üçün Elbrsun yanına getmiş, Elbrus da ona bildirmişdir ki, Fazilin yük maşınını yaxşı işlədə bilmədiyini görüb maşını ondan almış və maşını satmaq qərarına gəlmişdir. Elbrusla söhbət əsnasında o bilmişdir ki, Fazil ilkin ödəniş olaraq Elbrusa 12000 (on iki min) manat pul vermiş, sonradan isə aybaay ödəməklə Elbrusa 18000 (on səkkiz min) manata yaxın pul vermişdir. Fazilin Elbrusa 18000 (on səkkiz min) manat verdiyini Elbrusun özü də ona bildirmişdir. Həmin vaxt Fazil Elbrusa irad bildirmişdir ki, Elbrus onu aldadaraq əslində yük maşınını icrayə vermişdir. Orada ona aydın olmuşdur ki, Elbrus Fazili açıq-aşkar aldadır. Maşını satmaq adı ilə Fazildən alaraq əslində icarəyə vermiş və bundan pul qazanır. O, Elbrusa demişdir ki, ya maşını satıb pulunu bölməklə Fazilin pulunu versin, ya da ki, maşının icarəsindən qazandığı pulu Fazilin ona verəcəyi pulla əvəzləşdirərək bu söhbəti bağlasın, Elbrus da bununla razılaşmış, onlar çıxıb gəlmişlər. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)- 1092/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 17000 (on yeddi min) manat pulun və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(104)-2003/2024 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən 30 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -676.0-cı və 676.0.1-ci maddələrindən görünür ki, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına görə məsuliyyət daşıyır. -677.1-ci maddəsindən görünür ki, əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1 (ixtisarla). əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur; yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. -682-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən avtomobilin icarəyə verilməsini və icarə müqaviləsi tərəflərinin öhdəliklərini təsdiq edən mötəbər sübut təqdim etməmiş, cavabdehin iddiaçıya borclu olduğu və hər hansı zərər vurduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-41/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-41/2025
27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver