Məhkəmə qərarları › İş №e-2(040)-65/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-65/2025

23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-65/2025 23.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29000 (iyirmi doqquz min) manat məbləğində borcun və ödənilmiş 177 (yüz yetmiş yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2üvəqqəti yaşayan Cavabdeh bir müddətdir ki, tanıyır. Bu müddət ərzində onunla münasibətləri yaxınlaşmış, nəticədə cavabdehə qarşı onda güvən və inam hissi yaranmışdır. Mülkiyyətində olan “Cadillac CTS” minik markalı avtomobilini satmaq qərarına gəlmiş və cavabdeh bundan xəbərdar idi. Həmin avtomobili “HH” adlı avtomobil salonunda 23000 ABŞ dollarına satışa qoymuşdur. Cavabdeh ona zəng edərək bildirmişdir ki, “dostuq, qardaşıq, o maşını mənə 20000 ABŞ dollarına ver”. Həmçinin bildirmişdir ki, bu yaxınlarda 40000 (qırx min) manat alacağı vardır və həmin pulu alıb onun pulunu verəcəkdir. Cavabdehin havalandırma işləri ilə məşğul olduğunu bildiyi üçün onun bu dedikləri inandırıcı gəlmişdir. Beləliklə, cavabdeh onunla ünsiyyəti zamanı havalandırma fəaliyyəti ilə məşğul olduğunu və kifayət qədər gəlir əldə etdiyini bildirirdi. O, cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermək istəsə də, cavabdeh maşına öz adına nömrə alacağını, bu səbəbdən ona “nəqliyyat vasitəsinin sərəncam verilməsinə dair” etibarnamə verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, etibarnaməni 2 aylıq versin və əgər pulu qaytarmasa etibarnaməni ləğv edər. Belə oldu ki, cavabdehə elektron qaydada etibarnamə verdi. (nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair elektron qaydada verdiyi etibarnamə iddia ərizəsinə sübut kimi əlavə edilir). Cavabdeh isə avtomobili ondan yox, “HH” adlı avtomobil salonun sahibi Zaur adlı şəxsdən təhvil almışdır. Etibarnamənin müddətinin bitməsinə az qalmış təsadüfi yoxlayan zaman etibarnamənin ləğv olunduğunu və avtomobilin başqa adamın adına keçdiyi ona məlum olmuşdur. Bununla bağlı Cavabdeh zəng edib məlumat alarkən pula ehtiyacı olduğu üçün avtomobili satdığını, lakin onun pulunu yaxın zamanda qaytaracağını bildirdi. Həmin müddətdən xeyli kəçəndən sonra cavabdeh ona olan borcundan heç bir ödəniş etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu yaxın vaxtlarda ödəyəcəyini bildirsə də, vədlərinə əməl etməmişdir. Cavabdeh faktiki Bakı şəhərində yaşadığından və avtomobil cavabdehə Bakı şəhəri Xətai rayonu ərazisində verildiyindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh polis şöbəsində həbs olunacağından qorxaraq həmin gün ona 5000 manat ödəniş etdi. Cavabdeh bundan sonra xx.xx.2023-cü il tarixdə iltizam yazaraq ona borclu olduğu 29000 manatdan 5000 manatını xx.xx.2024-cü il tarixdə ödəyəciyini, yerdə qalan 24000 manat borcunu isə 2024-cü ilin fevral ayından etibarən hər ay 2000 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Sözügedən iltizam Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmişdir. (İltizamın əsli məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. Eyni zamanda, elektron qaydada surəti iddia ərizəsinə əlavə edilir). Cavabdehin ona olan borcunu qaytarmasına dair öhdəlik götürərək iltizam verməsindən 10 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər verdiyi vədə əməl etməmiş, ona olan 29000 manat borcunu qaytarmamışdır. O, cavabdeh tərəfindən borcunun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmənin diqqətinə onu çatdırır ki, cavabdehlə olan telefon mesajlarından da görülməkdədir ki, cavabdeh ona borcu olmasını etiraf edir, lakin hər dəfə bir bəhanə gətirərək borc öhdəliyindən yayınır. Cavabdehlə olan mesaj yazışmalarının bir hissəsini iddia ərizəsinə elektron qaydada əlavə edəcəkdir. Digər hissəsi isə məhkəmə hazırlıq iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. Bundan əlavə, cavabdehlə arasında olan borc məsələsini, cavabdehin ondan aldığı avtomobilə görə ödəməli olduğu 29000 manatı ödəməməsini məhkəməyə dəvət edə biləcəyi şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən 10 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərilmiş teleqramda qeyd edilmişdir ki, “Mən Cavabdeh İddiaçı 29000 (iyirmi doqquz min) manat borcum olduğunu təsdiq edirəm”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 29000 (iyirmi doqquz min) manat borclu olduğu təsdiqini tapmış, cavabdeh iddiaçıya 29000 (iyirmi doqquz min) manat borcunun olduğunu etiraf etmişdir. Belə olan halda, Cavabdeh 29000 (iyirmi doqquz min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 177 (yüz yetmiş yeddi) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə 29000 (iyirmi doqquz min) manat pul borcu, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 177 (yüz yetmiş yeddi) manat dövlət rüsumunun pul əvəzi, cəmi 29177 (iyirmi doqquz min yüz yetmiş yeddi) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar