Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-651/2024 21.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi (Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri) Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “2010-cu ildə cavabdehin adına tərtib edildiyi göstərilən “Ali təhsil sahəsində ixtisas ekvivalentliyinin müəyyən edilməsi barədə” 003058 qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra- Elm və Təhsil Nazirliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına yazılmış “Ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə” 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2020-ci tədris illərində təhsil aldığını, lakin Elm və Təhsil Nazirliyi tərəfindən onun adına diplom blankının verilmədiyini əsas tutaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan Gəncə İnzibati Məhkəməsi “iddiaçının adına dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul etmişdir. Qərardan apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə şikayət təmin edilməmişdir. İşə baxan məhkəmələrin hüquqi mövqeyi belə olmuşdur ki, Cavabdeh 2009-cu ildə Gürcüstan Respublikasının Politexnik, Humanitar, Tibb İnstitutunun “tarix müəllimliyi” ixtisasını bitirmiş və ona “000003” qeydiyyat nömrəli, “PHİM 0000044” nömrəli diplom verilmiş, həmin diplomun tanınmasını təsdiq edən Nazirlik tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin qüvvədə olması iddiaçının adına diplom blankı verilməsi üçün əsasdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının diplomunun ekvivalentliyinin müəyyən edən şəhadətnamənin ləğvi və etibarsızlığı barədə sübut mövcud olmadığından iddia təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respulikasının Qanununun 29.0.21-ci maddəsində xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir. Qeyd edilən qanuna uyğun olaraq və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla başa vurmasını təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikası ərazisində qüvvədə olmasını təsdiqi başa düşülür; 1.4-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir; 1.7-ci bəndnə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir; 2.1-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağdakılar əlavə edilir: -ali təhsil haqqında sənəd; -tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesinitəşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə; ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər. Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsullugunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır; 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır; 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması- Qaydaların bu bəndinin tələbindən görünür ki, ixtisasın tanınması üçün ilkin olaraq sənəd sahibinin ərizəsi və onun təhsil almasını təsdiq edən zəruri sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi zəruridir. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin baza təhsilinin tanınması ilə bağlı səlahiyyətli dövlət orqanına ərizə təqdim etməmişdir. Həmin Qaydaların 4.1-ci bəndində qeyd edilir ki, xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir, yaxud da bildirişli poçtla göndərilir (1 və ya 2 nömrəli əlavələr). Qaydaların 1 və 2 nömrəli əlavələrində göstərilən Şəhadətnamə nümunəsindən görünür ki, ərizə əsasında ixtisasın tanınması və ekvivalentliyi müəyyən edilən şəxslərə iki şəhadətnamə verilir, bunlardan biri əmək fəaliyyəti ilə məşğul olmaq üçün, digəri isə onun sahibinə keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir. Bildiririk ki, qanunvericiliklə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi bilavasitə Təhsil Nazirliyinin funksiyasına daxildir, hər hansı bir digər orqana belə bir səlahiyyət verilməmişdir. İddiaçının adına yazılmış Şəhadətnamənin Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar görünür. Digər tərəfdən, iddiaçıya məxsus şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi və saxta olmasını iddiaçı tərəf etiraf etsə də, işə baxan məhkəmələr bu faktı nəzərə almamışlar. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən məhkəməyə göndərilmiş yazılı mülahizədə (iddiaya qarşı etiraz) göstərilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli iddia ərizəsi formal tələblərə əsaslanır və tamamilə əsassızdır. 2010-cu il tarixli 003058 qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur və cavabdehin təkzib etməsi vacib olan sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2010-cu il tarixli 003058 qeydiyyat nömrəli şəhadətnamənin bir “əqd” hesab edilərək mülki hüquq normaları sistemində mübahisələndirilməsi absurd və hüquqa ziddir. Belə ki, sözügedən şəhadətnamə inzibati aktdır. Bununla yanaşı, iddiaçı tərəfindən şəhadətnamənin bir “əqd” kimi etibarsızlığının mübahisələndirilməsi üçün müddəti ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bununla yanaşı, sözügüdən münasibətlər Gəncə İnzibati Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən aradırılaraq obyektiv nəticəyə gəlinmişdir. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı X1 Tibb İnstitutunun “tarix-hüquq” ixtisasının bakalavriat səviyyəsi üzrə ali ixtisas təhsili almış və ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamə ilə nostrifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Daha sonra qeyd olunan şəhadətnaməyə əsasən 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində əlavə təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli xxxx-1326/15 nömrəli məktubla universitetə müraciət edilərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində “tarix-hüquq” ixtisasının 2009-cu il məzunu olmasına dair təqdim etdiyi X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli PHİM 000004 nömrəli diplomun nostrifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən Cavabdeh diplom blankı ayrılmamışdır. Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 nömrəli şəhadətnamənin mötəbərliliyi ilə bağlı cavabdehə sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Belə olan halda sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Hazırkı məhkəmə icraatında da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsi 08 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 13 iyun 2024-cü il tarixdə keçirilmiş və prosessual zərurətlə bağlı 11 iyul 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 21 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmişdir (o cümlədən nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır), 20 avqust 2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə, cavabdeh tərəfin vəsatətinin əsaslandırmamasını və iddiaçının nümayəndəsinin də bu barədə tələbini nəzərə alaraq, cavabdeh tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin mübahisələndirilən sənədin formal tələblərə uyğunluğuna baxmayaraq həmin sənədin Təhsil Nazirliyi tərəfindən verilməsinə şübhələr olduğunu- belə ki, cavabdehin diplomun tanınması ilə bağlı müraciətinin Təhsil Nazirliyinə daxil olmadığı, bununla belə, mübahisələndirilən sənədin qanunsuz olmasının təsdiq edən məhkəmə aktının hələlik mövcud olmadığını bildirmiş, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2010-cu ildə verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin fotosurətindən görünür ki, Cavabdeh adına 25 may 2009-cu ildə X1 Tibb İnstitutunun verdiyi “PHMİ 000044” saylı bakalavr diplomu Azərbaycan Respublikasında “050362- tarix müəllimliyi” ixtisas istiqamətinin “tarix müəllimi” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) olması təsdiq edilmişdir. İş materiallarında olan: Gəncə İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(114)- 1696/2023 saylı qərarının surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 2016- 2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması ilə bağlı dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli 2-1(104)-96/2024 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2- 1(114)-1696/2023 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 42-ci maddəsinin 1-ci və 3-cü hissələrində bəyan edilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində bəyan edilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan (xx.xx.1997) görünür ki,1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -32.1-ci maddəsinə əsasən, təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. - 32.2-ci maddəsinə əsasən, bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. - 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. - 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli sənədin verildiyi göstərilən tarixdə (2010-cu ildə) qüvvədə olmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: -1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. -1.4-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. -1.6-cı bəndindən görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. -1.7-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. -2.3-cü bəndindən görünür ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması və təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması zəriridir. -4.1-ci bəndinə əsasən, xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir yaxud da bildirişli poçtla göndərilir (1 və 2 nömrəli əlavələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki iş üzrə məhkəmə icraatı nəticəsində məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsaslarını təşkil edən halların mövcudluğu məhkəmə icraatında sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən hal- Cavabdeh adına yazılmış “ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə” 2010-cu il tarixli 003058 qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi iddiaçı tərəfindən əsaslandırıla bilməmişdir. Cavabdeh təhsil nazirinin imzası və Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlə təsdiqlənmiş ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamə verilmişdirsə və həmin sənədin alınması üçün cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi məhkəmə aktları ilə öz təsdiqini tapmırsa, həmin sənədi vermiş dövlət orqanına- Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (hal-hazırda “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi”) Cavabdeh etimadı qanunla qorunur. Xaricdə alınmış ali təhsil haqqında sənədin Azərbaycanda tanınması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının o zamankı Təhsil Nazirliyinə müraciətinin həmin inzibati orqanın hüquqi varisi olan hal-hazırki Elm və Təhsil Nazirliyində aşkar edilməməsi həmin orqan tərəfindən cavabdehə verilmiş dövlət nümunəli rəsmi sənədin etibarsız hesab edilməsinə əsas ola bilməz. İddia qanunsuz və əsassız olduğundan, rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətеtdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-651/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-651/2024
21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver