Məhkəmə qərarları › İş №e-2(040)-690/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-690/2024

01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-690/2024 01.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“işəgötürənə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında (Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh-sabiq işçi Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7780,62 AZN (yeddi min yeddi yüz səksən manat-62 qəpik) pulun, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra- Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış, 09 iyun 2020-ci il tarixdə satıcı-kassir vəzifəsindən administrator vəzifəsinə keçirilmiş, 21 iyun 2022-ci il tarixli 295 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir: belə ki, 02 mart 2022-ci il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləği 9579,49 manat (doqquz min beş yüz yetmiş doqquz manat-49 qəpik) məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 7780,62 manat (yeddi min yeddi yüz səksən manat-62 qəpik) təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla bağlı həmçinin mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İş üzrə hazırlıq iclası 01 iyul 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 01 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 01 avqust 2024-cü il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, iddianı müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı MMC-nin ona qarşı iddiası tam əsassızdır. Belə ki, onunla işəgötürən arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilə olsa da, İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt”ların tərtib olunmasında o özü iştirak etməmişdir və həmin aktları imzalamamışdır; sayımın nəticəsi ilə razı olmadığına görə aktlara imza etməkdən imtina etmişdir. Onun işlədiyi dövrdə marketdə oğurluqlar olduğuna görə İddiaçı MMC-nin rəhbərliyinə və polisə bu barədə məlumat vermişdir. Həmçinin, invertarizasiya məqsədli sayımla bağlı bölgə müdirinə məlumat vermişdir ki, yenidən sayım olsun, lakin işəgötürənin səlahiyyətli işçiləri onun tələbini rədd etmişlər. Bundan başqa, hər dəfə malları yoxlama gəlib yoxlamışdır, əgər mallarda kəsir olsaydı, məlumat verərdilər, lakin bu barədə ona heç bir məlumat verməmişlər. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir. İş materiallarında olan: 03 oktyabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 03 oktyabr 2019-cu il tarixdə “X7” MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 09 iyun 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 09 iyun 2020-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: 21 iyun 2022-ci tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 02 iyun 2022-ci il tarixində 9579,49 manat çatışmazlıq müəyyən edilmiş, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 7780,62 manat (yeddi min yeddi yüz səksən manat 62 qəpik) borcu qalmışdır. İş materiallarında olan: 02 iyun 2022-ci il tarixli “Oba-Baksovet 1” filialında aparılmış inventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba Baksovet 1” filialında cəmi 2223 (iki min iki yüz iyirmi iki) sıra nömrəsi ilə ümumi 42743,06 manat (qırx iki min yeddi yüz qırx üç manat 06 qəpik) dəyərində mal sayılmışdır. İş materiallarında olan: 08 iyul 2022-ci il tarixdə təsdiq edilmiş “02 iyun 2022-ci il tarixli “Oba-Baksovet 1” filialında aparılmış inventarizasiya nəticələrinə dair akt”dan (02 iyun 2022-ci il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi) görünür ki, “Oba Baksovet 1” filialında cəmi 9579,49 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00175) X1 tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli MŞB/18/2023-00811 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 03 oktyabr 2019-cu il tarixdə “X7” MMC şirkətinə işə qəbul olunmuş və 21 iyun 2022-ci tarixdə işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini 02 iyun 2021-ci il tarixdə cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən tərtib edilmiş aktda tapmışdır; cavabdehin iddaçıya 7780,62 manat (yeddi min yeddi yüz səksən manat 62 qəpik) borcu qalır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sora-Əmək Məcəlləsi): -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar, o cümlədən bu barədə inventarizasiya aktı təqdim etmiş, eyni zamanda, cavabdeh (sabiq işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan dəyməsində təqsiri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh işəgötürənə vurulmuş ziyana görə 7780,62 AZN (yeddi min yeddi yüz səksən manat-62 qəpik), həmçinin məhkəmədə iddia qaldırılması ilə bağlı 50 (əlli) manat mediasiya xərci və 48 (qırx səkkiz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 7878,62 AZN (yeddi min səkkiz yüz yetmiş səkkiz manat-62 qəpik) pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar