Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-770/2025 31.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “2100 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş 2100 AZN (iki min yüz manat) ziyanın əvəzinin ona ödənilmədi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum oğlu 44 günlük Vətən müharibəsində qəhramancasına şəhid olmuşdur. Ailələrinə məxsus, Ceyrançöldə yerləşən mal-heyvan saxladıqları yataqda, qonşu yataqda heyvan saxlayan Cavabdeh tərəfindən 150 (yüz əlli) kiloqram çəkidə erkək danası (iribuynuzlu heyvan) iki dəfə olmaqla, eyni ardıcıllıqla itə qəsdən yedizdirilmiş və həmin heyvana it tərəfindən ciddi xəsarətlər yetirilmişdir. Bundan sonra həmin heyvan müalicə olunsa da, heç bir nəticə əldə edə bilməmişlər və 1 (bir) ay 15 (on beş) gün sonra heyvan tələf olmuşdur. Heyvanın it tərəfindən dişlənməsinə dair elektron daşıyıcıda videogörünütü də vardır: orada açıq şəkildə görünür ki, it onun heyvanına hansı xəsarətləri yetirmişdir; heyvan kəsilmiş və əti ümumiyyətlə heç nəyə yaramadığına görə basdırılmışdır. O, cavabdehdən vurduğu bu ziyana görə həmin heyvanın pulunu ödəməsini tələb etmiş, cavabdeh isə bu tələbə etinasız yanaşmışdır. Daha sonra isə, o, cavabdehin barəsində Ağstafa Rayon Polis Şöbəsinə şikayət etmiş və 04 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda olduğu kimi cavabdeh öz ifadəsində 2024-cü ilin son aylarında cavabdehin çoban itlərinin onların ailəsinə məxsus təsərrüfatda bir baş dananı dişlədiyini özü şəxsən bildirmişdir və guya ki onların (heyvan sahibinin) laqeydliyi səbəbindən dananın ölməsini bildirmişdir. O, cavabdehlə mübahisəni könüllü şəkildə həll etmək istəməsinə baxmayaraq, cavabdeh tərəfindən etinasızlığın və guya ki günahsız olması kimi hərəkətlərin edilməsi artıq onu təngə gətirmişdir. Çünki cavabdeh tərəfindən itlərin heyvanın üstünü qısqırdılması nəticəsində heyvan yaralanmış və infeksiya səbəbindən sağala bilməmişdir. Hazırda cavabdehin ona vurğuğu ziyan 2100 (iki min yüz) manat təşkil edir. Bununla bağlı bir sıra müraciətləri olsa da, nəticəsiz qalmışdır. Hazırda cavabdeh ona vurduğu ziyanı ödəmək fikrində deyil, ona görə işin məhkəmə qaydasında həll olunmasını xahiş edir. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmənin hazırlıq iclası 12 iyun 2025-ci il tarixdə iddiaçının iştirakı ilə və həmin iclas 14 iyul 2025-ci il tarixə təxirə salınaraq tərəflərin iştirakları olmadan keçirilmiş, məhkəmə baxışıiclası 31 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etmiş olduğu 12 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdr ki, iddianın predmeti olan bir baş dana ona məxsus olmuş və o, öz heyvanını qardaşına məxsus təsərüfatda saxlamışdır. O, kənarda yaşadığından, onun heyvanının tələf olması ilə bağlı polis orqanlarına qardaşı X9 şikayət etmişdir. İddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Ağstafa Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 icraatında olan HK-1/362 nömrəli material üzrə qəbul etdiyi 04 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki: Qazax şəhər sakini X9 (İddiaçı qardaşı- hakimin qeydi) 28 mart 2025-ci il tarixdə Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2024-cü ilin sonlarında Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində yerləşən, icarəyə götürərək istifadə etdikləri ərazilərdə ailələrinə məxsus bir baş dananı (iribuynuzlu heyvan) qonşu fermada heyvan saxlayan Cavabdeh itinin dişləməsini, 26 mart 2025-ci il tarixdə həmin birillik dananın tələf olduğunu bildirərək, qeyd olunan xüsusatlarla bağlı müvafiq araşdırma aparılmasını xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı izahatı alınmış şikayətçi X1 rayonunun Ceyrançöl qışlaq ərazisində fərdi heyvandarlıq təsərüfatlarının olduğunu və bununla bağlı ərazidə torpaq sahəsi icarəyə götürərək heyvandarlıq məqsədi ilə istifadə etdiklərini, qonşu ərazilərdə heyvandarlıq təsərrüfatı ilə məşğul olan Cavabdeh saxladığı çoban itinin 2024-cü ilin dekabr ayının sonlarında onun təsərrüfatında saxladığı, şəhid ailəsi olan bacısı X2 məxsus olan birillik danasını dişlədiyini. İt dişləməsindən sonra zəifləyərək inkişafdan qalan dananın bir neçə ay sonra 26 mart 2025-ci il tarixdə tələf olarkən sağ ikən kəsdiyini, heyvanın ətinin istifadə üçün yararsız olduğunu, həmin dananın real bazar qiymətinin təxminən 2000 (iki min) manat təşkil etdiyini, əvvəl şifahi razılaşsalar da, heyvanın dəyərinin Cavabdeh tərəfindən ödənilmədiyini, əsas xahişinin dəymiş maddi ziyanın itin sahibi Cavabdeh tərəfindən ödənilməsindən ibarət olduğunu bildirərək bununla bağlı köməklik edilməsini xahiş etmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh izahatında Ağstafa rayonunun Ceyrançöl örüş sahələri ərazisində icarəyə götürdüyü örüş sahəsində heyvandarlıq təsərüfatının olduğunu, 2024-cü ilin son aylarında təsərrüfatında saxladığı çoban itinin qonşu ərazilərdə fermer təsərrüfatı olan Vüqar Əliyevin fermasında saxladığı bir baş dananı (iribuynuzlu heyvanı) dişlədiyini, həmin dananı şifahi razılıqları əsasında öz fermalarına apararaq təxminən bir ay ərzində tam saxlayaraq tam sağaltığını və sahibi Vüqar Əliyevə təhvil vediyini, həmin dananın it dişləməsindən deyil, sahibinin heyvana lazımi qayğı göstərməməsi səbəbindən tələf olduğunu, qonşularının onlarla əsassız mülki mübahisə yaratdıqlarını, Vüqar Əliyev və onun bacısı Nəzəkət Hümmətovaya qəsdən heç bir maddi ziyan vurmadığını, həmin dananın sahibi Vüqar Əliyev tərəfindən kəsildiyini və ətinin ona verilmədiyini, həmçinin heç bir qanunsuz əmələ yol vermədiyini bildirmişdir. Qərarın Nəticə hissəsində: X4 müraciəti əsasında toplanmış ilkin araşdırma materiallarında əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağstafa Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi, mülki mübahisə tərəflərinə aralarında yaranan mülki mübahisələri ilə bağlı yerli məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən- 2000 (iki min) manat məbləğində pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, Ağstafa Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 icraatında olan HK-1/362 nömrəli material əsasında qəbul etdiyi 04 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, şikayətverən X12 Rayon Polis Şöbəsində verdiyi izahatında ona məxsus təsərrüfatda saxlanan, bacısı X3 məxsus bir baş dananın Cavabdeh məxsus çoban iti tərəfindən hücuma məruz qalaraq xəsarətə məruz qaldığını və bunun nəticəsində də tələf olduğunu bildirmiş, həmçinin cavabdeh Əsədov X10 Rayon Polis Şöbəsində verdiyi izahatında təsərrüfatında saxladığı çoban itinin qonşu ərazilərdə fermer təsərrüfatı olan Vüqar Əliyevin fermasında saxladığı bir baş iribuynuzlu dananı dişlədiyini bildirmiş, bununla da Cavabdeh iddiaçıya maddi ziyan vurduğunu etiraf etmişdir. İddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdeh iddiaya qarşı, o cümlədən iddianın qiymətinə qarşı etirazını məhkəməyə bildirmədiyindən, iddianın qiyməti ilə bağlı iddiaçının qoyduğu qiymət əsas götürülməlidir. İddia qalan hissədə - 100 AZN (bir yüz manat) pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından, həmin hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-770/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-770/2025
31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver