Məhkəmə qərarları › İş №e-2(040)-87/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-87/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-87/2025 12.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı və nümayəndəsi (vəkil) X1, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət saxlanmasına imkan verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (nümayəndəsi (vəkil) X2 vasitəsi ilə) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı nəvəsi- 15 oktyabr 2019-cu il tarixdə doğulmuş X12 ilə hər həftənin şənbə günü saat 12:00-dan (gecə qalmaq daxil olmaqla) həmin həftənin bazar günü saat 18:00-dək iddiaçının müəyyən etdiyi yerdə sərbəst şəkildə cavabdehin və onun ailə üzvlərinin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X13 ilə iş üzrə Cavabdeh nikahları 01 mart 2021-ci il tarixdə pozulmuş və tərəflərə 06 aprel 2021-ci il tarixli AZ-İ № 384687 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” təqdim edilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş övladları- 15 oktyabr 2019-cu il tarixdə doğulmuş X12 və 22 mart 2016-cı il tarixdə doğulmuş X6 məhkəmə qətnaməsi ilə anaları X3 himayəsinə verilmişlər. Nikah pozulduqdan sonra həm uşaqlar, həm də uşaqların anası Minayə Ağazadə iddiaçı Yaqut Ağazadə ilə birlikdə ünvan 1 ünvanında yaşamış, Minayə Ağazadə 28 avqust 2023-cü il tarixində vəfat etmişdir. Minayə Ağazadə vəfat etdikdən sonra da uşaqlar iddiaçı ilə (ana nənələri ilə) birlikdə yaşamağa davam etmiş və Nuray Qasımzadə həmin ünvana yaxın ərazidə məktəbə, Yusif Qasımov isə məktəbəqədər hazırlığa qeydiyyatdan keçmişlər. 2024-cü ilin yanvar ayında Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların ataları- Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə Yusif Qasımova münasibətdə icra edilmiş, Nuray Qasımzadə isə atası ilə birgə yaşamaq istəmədiyindən qətnamə ona münasibətdə icra edilməmişdir. Qətnamənin 20 avqust 2024-cü il tarixli icrasından etibarən Cavabdeh iddiaçının nəvəsi X12 ilə ünsiyyətdə olmasına maneə törədir. Bu isə yeddi aylıq körpəliyindən icra tarixinə qədər Yusiflə birlikdə yaşamış iddiaçının hüquqlarının pozulmasına və onun mənəvi iztirabına səbəb olmaqdadır. Eyni zamanda Nuray Qasımzadə də iddiaçı ilə birlikdə yaşadığından qardaşı Yusif Qasımovla ünsiyyətdə ola bilmir. Cavabdeh övladlarının bir-birini görmələrinə, ünsiyyətdə olmalarına süni maneə yaradır; hazırki iddia təmin ediləcəyi halda, bu, uşaqların da bir-biri ilə ünsiyyətdə olmalarına şərait yaradacaqdır. Bununla yanaşı, Yusif Qasımov iddiaçıya məxsus xüsusi kod vasitəsilə Xırdalan şəhərindəki məktəblərin birində məktəbəqədər hazırlıq üçün qeydiyyatdan keçdiyinə görə, hazırda təhsilini davam etdirə bilmir. İddiaçı Kəlbəcər Rayon İcra hakimiyyətinə müraciət edilərək nəvəsi- 15 oktyabr 2019-cu il tarixdə doğulmuş X12 ilə hər həftənin şənbə günü saat 12:00-dan (gecə qalmaq daxil olmaqla) bazar günü saat 18:00-dək iddiaçının müəyyən etdiyi yerdə sərbəst şəkildə cavabdehin və ailə üzvlərinin iştirakı olmadan ünsiyyət hüququnun həyata keçirilməsinə dair qərar qəbul edilməsini xahiş edilmiş və Kəlbəcər Rayon İcra Hakimiyyətinin 28 oktyabr 2024-cü il tarixli 1207 nömrəli cavab məktubunda iddiaçı tərəfindən edilmiş müraciətin həllinin səlahiyyətləri xaricində olması və məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Laçın rayonu Ağoğlan kənd tam orta məktəbinin direktoru S.Təhməzova tərəfindən təsdiqlənmiş 10 oktyabr 2024-cü il tarixli 37 nömrəli arayışdan görünür ki, X12 2024/2025-ci tədris ilində Ağoğlan kənd tam orta məktəbinin hazırlıq sinifinə qəbul edilsə də, hal-hazırda təhsildən yayındırılır və dərslərdə iştirak etmir; həmin tarixli 36 nömrəli arayışdan görünür ki, X8 2023-cü ilin oktyabr ayından etibarən Laçın rayonu Ağoğlan kənd tam orta məktəbinə qəbul edilmiş və hal-hazırda üçüncü sinifdə oxuyur. Arayışlardan da müəyyən olunur ki, X12 və X8 iddiaçının yanında və himayəsində qalmaqla yaşamışlar və Qasımzadə Nuray hal-hazırda da nənəsi ilə birlikdə yaşayır, lakin Cavabdeh onun da qardaşı ilə ünsiyyətinə mane olur. Göründüyü kimi hazırda cavabdeh iddiaçının 15 oktyabr 2019-cü il təvəllüdlü X12 ilə ünsiyyətdə olmasına, görüşməsinə mane olur və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 yanvar 2024-cü il tarixli 2(040)-115/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə mərhum X3 birgə nikahlarından 22 mart 2016-cı ildə doğulmuş X6 və 15 oktyabr 2019-cu ildə doğulmuş X4 cavabdeh İddiaçı alınaraq ataları- iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən övladı X12 iddiaçıdan alınaraq ona verilsə də, qızı Nuray Qasımzadə bugünədək ona verilməmiş, hətta uşağın onunla görüşməsinə belə şərait yaradılmamışdır. İddiaçı uşaqları atalarına qarşı düşmən ruhda böyüdür, bununla da uşaqların psixologiyasını pozur. İddiaçı məhkəmə qətnaməsi əsasında uşaqları evinə aparmaq və geri qaytarmamağı planlayır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddiaçı nümayəndəsi (vəkil) X2 cavabdeh X4 iddia tələbinə etirazına yazılı mülahizə təqdim edərək etirazın əsassız olduğunu bildirmişdir. Cavabdeh X12 övladı Yusif Qasımovun İddiaçı ilə ünsiyyətdə olmasına şərait yaratmır. Cavabdeh heç bir sübut təqdim etmədən iddia edir ki, İddiaçı X7 birdəfəlik almaq məqsədi güdür, görüş həyata keçirildikdən sonra uşağı Bakı şəhərinə aparacaq və geri qaytarmayacaqdır. Halbuki, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 yanvar 2024-cü il tarixli 2(040)- 115/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə mərhum X3 birgə nikahlarından 22 mart 2016-cı ildə doğulmuş X6 və 15 oktyabr 2019-cu ildə doğulmuş X12 cavabdeh İddiaçı alınaraq ataları- iddiaçı Cavabdeh himayəsinə verilməsinə baxmayaraq, Nuray Qasımzadə atasınnın yanında qalmaq istəmədiyini, heç atasını görmək belə istəmədiyini, təkidlə nənəsi İddiaçı ilə qalmaq istədiyini bildirmişdir. Bütün bunlar iddiaçının nənəsi ilə ünsiyyət hüququnu istisna etmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda Abşeron rayonunda yaşayır və yolun uzaq olmasını və digər diqqətəlayiq halları nəzərə alaraq 15 oktyabr 2019-cu il tarixdə doğulmuş nəvəsi X12 ilə ayda dörd dəfədən az olmamaqla gecə qalmaq şərti ilə ünsiyyət hüququnun verilməsini məhkəmədən xahiş edir. İddiaçı və nümayəndəsi (vəkil) X2 məhkəmə baxış iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 15 oktyabr 2019-cu il tarixdə doğulmuş övladı X4 iddiaçı ilə görüşməsinə mane olur, ona görə də məhkməyə müraciət etməyə məcbur olmuşlar. Yusifi lap körpəliyindən nənəsi İddiaçı saxlayıb. Ana öləndən sonra məhkəmə qətnaməsi ilə uşaqlar ataya verilib. Yolun uzaq olması səbəbi ilə uşağın iddiaçıya təhvil yeri cavabdehin yaşadığı Daşkəsən rayonunun Bayan kəndi deyil, Gəncə şəhəri olması daha uyğundur. Nənənin ev şəraiti yoxlanılıb və ona uyğun rəy verilib. Bütün bunları və digər diqqətəlayiq halları nəzərə alıb iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək və yazılı etirazının dəlillərini müdafiə edərək bildirmişdir ki, uşağın hər həftə icra məmurunun iştirakı ilə görüşməsinə etiraz etmir, lakin uşağın öz yaşadığı evdən kənar yerdə gecə qalmasına razı deyildir; saat fərqi yoxdur, səhərdən axşamadək görüşməsinə icazə verir. Qəyyumluq və himayəçilik orqanının rəyi ilə razı deyil, rəy verilərkən də orada iştirak etməmişdir. Ona görə də iddianın qismən- yuxarıda qeyd etdiyi şərtlər daxilində təmin edilməsinə etiraz etmir (bununla bağlı ərizəsini də məhkəməyə təqdim etmişdir-hakimin qeydi). İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Gəncə “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 08 aprel 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 739326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 mart 2016-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası-X5r. İş materiallarında olan: Gəncə “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV № 368397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası- X5r İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2021-cu il tarixdə verilmiş AZ-İ № 384687 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikaha 01 mart 2021-ci il tarixdə xitam verilmişdir; nikah pozulduqdan sonra kişiyə “Qasımov”, qadına “Ağazadə” soyadları verilmişdir. İş materiallarında olan: 1 saylı Bakı Regional «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə verilmiş “AZ-İİ № 375240” nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 avqust 2023-cü ildə Bakı şəhərində ölmüşdür; bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 avqust 2023-cü ildə 477 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 yanvar 2024-cü il tarixli 2(040)-115/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə mərhum X3 birgə nikahlarından 22 mart 2016-cı ildə doğulmuş X6 və 15 oktyabr 2019-cu ildə doğulmuş X4 nənələri- cavabdeh İddiaçı alınaraq ataları- iddiaçı Cavabdeh himayəsinə verilmələri qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 oktyabr 2024-cü il tarixli 16(040)-25/2024 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı nəvəsi - 15 oktyabr 2019-cu ildə doğulmuş X12 ilə 1 (bir) ay ərzində - 30 noyabr 2024-cü il tarixədək olan müddətdə hər həftənin şənbə günləri saat 14:00-dan həmin günü saat 16:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququnun tanınması və həmin hüququn həyata keçirilməsinə Cavabdeh tərəfindən imkan yaradılması, iddiaçının uşaqla ünsiyyətinə süni maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 noyabr 2024-cü il tarixli 16(040)-26/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası üzrə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 2(040)-1262/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı nəvəsi - 15 oktyabr 2019-cu ildə doğulmuş X12 ilə hər həftənin şənbə günləri saat 14:00-dan həmin günü saat 16:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq) hüququnun tanınması və həmin hüququn həyata keçirilməsinə Cavabdeh tərəfindən imkan yaradılması, iddiaçının uşaqla ünsiyyətinə süni maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 16 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Komissiya iddiaçının nənə kimi nəvəsi ilə qanunla müəyyən edilmiş ünsiyət hüququnun oldyuğunu nəzərə alaraq və uşağın hüquq və mənafelərinin qorunmasını rəhbər tutaraq İddiaçı nəvəsi– 15 oktyabr 2019-cu ildə doğulmuş X12 ilə ünsiyyət hüququnun təmin olunmasını və bu hüququn uşağın mənafeyinə uyğun şəkildə həyata keçirilməsi üçün hər həftənin şənbə günü saat 12:00-dan (həmin gün gecə nənəsinin yanında qalmaq şərtilə) bazar günü saat 18:00-a kimi görüş vaxtının müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”): -50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. -62.1-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən görünür ki, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddiaçının yaxın qohumu- nənə olaraq nəvəsi ilə qanunla müəyyən edilmiş ünsiyyət hüququnun olmasını, həmçinin uşağın hüquq və mənafeyini, cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı, nəvəsi- 15 oktyabr 2019-cu ildə doğulmuş X12 ilə hər ayın birinci şənbə günü saat 12:00dan növbəti gün- bazar günü saat 18:00-dək, hər ayın ikinci və digər şənbə günləri saat 12:00-dan həmin günlər saat 18:00-dək sərbəst ünsiyyətdə olmaq hüququ tanınmalı və həmin hüququn həyata keçirilməsinə cavabdeh tərəfindən imkan yaradılmalıdır. Bu qətnamə əsasında uşaqla ünsiyyətin başlanğıcı və sonu aşağıdakı qaydada həyata keçirilməlidir: 15 oktyabr 2019-cu ildə doğulmuş X12 hər ayın şənbə günləri saat 12:00-da cavabdehlə birlikdə adətən yaşadığı yaşayış yerində Cavabdeh tərəfindən İddiaçı ləyaqətli şəkildə təhvil verilməlidir; 15 oktyabr 2019-cu ildə doğulmuş X12 hər ayın birinci şənbə günündən sonrakı ilk bazar günü saat 18:00-da, hər ayın ikinci və digər şənbə günləri saat 18:00-da cavabdehlə birlikdə adətən yaşadığı yaşayış yerində İddiaçı tərəfindən Cavabdeh ləyaqətli şəkildə təhvil verilməlidir. Məhkəmə izah edir ki, bu qətnamədə “ləyaqətli şəkildə” dedikdə tərəfin həm özünə, həm qarşı tərəfə, həm də uşağa qarşı hörmətlə yanaşması, o cümlədən qanunu və cəmiyyətdə formalaşmış adət normalarını qəsdən pozmaması, həmçinin uşağı qarşı tərəfə təhvil verərkən uşağın təmiz və səliqəli görkəmdə olmasının təmin edilməsi başa düşülməlidir. İddia tələbi qalan hissədə- iddiaçının uşaqla ünsiyyətdə olması üçün iddianın təmin edilmiş hissəsindən artıq olan müddət hissəsində əsassız olduğundan, yəni, uşaqla ünsiyyət üçün tələb edilən müddət həmin hissədə ağlabatan olmadığından və məhkəmə tərəfindən uşağın mənafeyinə uyğun hesab edilmədiyindən, həmin hissədə təmin edilməməlidir. Məhkəmə hazırki mülki iş üzrə qəyyumluq və himayəçilik orqanının yuxarıda təsvir olunan rəyində tövsiyə olunan uşaqla ünsiyyət rejimini uşağın mənafeyi baxımından ağlabatan hesab etmir, belə ki, uşağın istirahət hüququnun gözlənilməsi ilkin şərtlərdəndir və həmin rəydə tövsiyə edilən ünsiyyət rejimi uşağın istirahət rejimini poza bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən edilsin. İddiaçı, nəvəsi- 15 oktyabr 2019-cu ildə doğulmuş X12 ilə hər ayın birinci şənbə günü saat 12:00-dan növbəti gün- bazar günü saat 18:00-dək, hər ayın ikinci və digər şənbə günləri saat 12:00-dan həmin günlər saat 18:00-dək sərbəst ünsiyyətdə olmaq hüququ tanınsın və cavabdeh tərəfindən buna imkan verilsin. Bu qətnamə əsasında uşaqla ünsiyyətin başlanğıcı və sonu aşağıdakı qaydada həyata keçirilsin: 15 oktyabr 2019-cu ildə doğulmuş X12 hər ayın şənbə günləri saat 12:00-da cavabdehlə birlikdə adətən yaşadığı yaşayış yerində Cavabdeh tərəfindən İddiaçı ləyaqətli şəkildə təhvil verilsin; 15 oktyabr 2019-cu ildə doğulmuş X12 hər ayın birinci şənbə günündən sonrakı ilk bazar günü saat 18:00-da, hər ayın ikinci və digər şənbə günləri saat 18:00-da cavabdehlə birlikdə adətən yaşadığı yaşayış yerində İddiaçı tərəfindən Cavabdeh ləyaqətli şəkildə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Uşaqla ünsiyyət hüququnun müvəqqəti təmin edilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-16(040)-26/2024 saylı qərardadı bu qətnamənin qüvvəyə mindiyi gündən ləğv edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar