Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-65/2025 10.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı “X5” Publik hüquqi şəxsiin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı "X5” Publik hüquqi şəxsin Cavabdeh qarşı “iribuynuzlu heyvanların natura şəklində qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X5” Publik hüquqi şəxsi cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2 avqust 2022-ci il tarixində 2022/ÖM/06794 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək və 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ( FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2 avqust 2022-ci il tarixində 2022/ÖM/06794 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 2 avqust tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi X8 filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 12 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdehn a ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-E-27845/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar Cavabdeh eyni növlü və keyfiyyətli (2-3 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılmasını tələb edirlər. Həmin heyvanların dəyərini tələb etmirlər. Müqavilə əsasında cavabdehə verdikləri qoyunların natura şəklində qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə iddiaçı təşkilata müraciət etmişdir. Təşkilatla onun arasında 02.08 2022-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ona 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) verilmişdir. Həmin heyvanlar çox yaşlı və xəstə idi və bu barədə o, X3 məlumat vermişdir. Heyvanlar yaşlı olduğundan o, həmin heyvanları satmışdır. Heyvanları satması barədə X3 məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə X2 əməkdaşları heyvanları yoxlamaq məqsədi ilə monitorinq keçirmiş və bu zaman onlara heyvanları satdığını bildirmişdir. Hazırda iddia tələbinin predmeti olan heyvanların onda olmamasının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş "Özünüməşğulluğa kömək göstərilməsinə dair" 02 avqust 2022-ci il tarixli, 2022/ÖM/06794 saylı müqavilədən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı ilə Cavabdeh arasında "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə bağlanmışdır. Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə iş materiallarına əlavə edilmiş 02 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının nümayəndəsi tərəfindən Filial adından AQTA-nın arayışı ilə birgə məşğulluğa cəlb olunmuş şəxs Cavabdeh təhvil verilmiş, foto-video görüntülər şəxsi kabinetə əlavə olunmuş, əmlak kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olduğundan akt həm nümayəndə, həm də Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş özünüməşğulluğun təşkili üçün şəraitin təmin ediləcəyi barədə iltizamdan görünür ki, özünüməşğulluğa cəlb edilmiş şəxs Cavabdeh kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluğun təşkili üçün əmlakı təhvil aldıqda iltizamda göstərilən şərtlərə əməl edəcəyini bildirmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin iş materiallarına əlavə edilmiş 12 fevral 2024-cü il tarixli yekun monitorinqi aktından görünür ki, yoxlama zamanı 3 baş inək aşkar edilməmiş, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh ona verilmiş 3 baş inəyin xəstəliyi ilə əlaqədar satdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış 03 may 2024-cü il tarixli, 3-17-2/2-E-27845/2024 saylı məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə 02 avqust 2022-ci il tarixdə 06794 saylı müqavilə bağlanaraq kənd təsərrüfatı istiqamətləri üzrə "iribuynuzlu heyvandarlıq zərfi çərçivəsində əmlak təqdim edilmişdir. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitoring zamanı Cavabdeh əmlakdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası"nın 8.3-cü bəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq ƏƏSMN tabeliyində X2 hesabına köçürməlidir. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş əmlakın məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakın dəyərini məktub alınan tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürülməsi tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 92-ci bəndinə və bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, "X5" PHŞ Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, özünü məşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. "Məşğulluq haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası"nın 8.1-ci bəndinə əsasən, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası"nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işın hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "X5" PHŞ tərəfindən 02 avqust 2024cü il tarixli, 2022/ÖM/06794 saylı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən "iribuynuzlu heyvandarlıq zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində Cavabdeh verilmişdır. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "X5 PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 3 (üç) baş inəyi satmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan özünün deməsinə görə hər üç inəyi satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh "Özünüməşğulluğa kömək göstərilməsinə dair" 02 avqust 2022-ci il tarixli 2022/ÖM/06794 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq yem və 65 ədəd yem (ot və yonca qarışığı) alınaraq natura şəklində "X5" PHŞ-nə verilməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdır kı, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 9.1.7-ci maddəsinə görə sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial teminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.1979-cu ildə Kürdəmir rayonunun Topalhəsənli kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh "Özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022/ÖM/06794 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "X5" PHŞ-nə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №e-2(041)-65/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-65/2025
10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver