Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-183/2022 01.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat məbləğində verilmiş sığorta ödənişinin və 70.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 24 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “MAZ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 15 yanvar 2021-ci il tarixdə Daşkəsən rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 ölmüşdür. Gəncə Ağır Cinayətləri Məhkəməsinin hökmü ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin ölümü ilə əlaqədar onun varisinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “MAZ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobili sürücülük hüququ olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə verərək, iddia tələblərini müdafiə etdiklərini bildirib məhkəmənin bütün iclaslarını iştirakları olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinin surətindən görünür ki, sığortalı Cavabdeh2 məxsus “MAZ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.08.2020-ci il tarixdən 24.08.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan ziyana görə 5000 manat, sağlamlığa vurulan ziyana görə bir şəxs üzrə 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan AZ-İİ № 154893 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15.01.2021-ci il tarixdə Daşkəsən rayonu, Aşağı Daşkəsən kəndində ölmüşdür. İşdə olan 30 iyul 2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-403 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.01.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan arvadı X6 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə Günay Sığortanın 22.07.2021-ci il tarixli, HD-983/21 nömrəli arayışa əsasən hesabında olan 5000 manat pul vəsaitindən ibarət miras əmlakdan ibarətdir. İşdə olan 30 iyul 2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-404 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.01.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan arvadı X8 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə Günay Sığortanın 22.07.2021-ci il tarixli, HD-983/21 nömrəli arayışa əsasən hesabında olan 5000 manat pul vəsaitindən ibarət miras əmlakdan ibarətdir. İşdə olan sığorta ödənişi ilə bağlı aktın təsdiq edilmiş surətindən görünür ki, “MAZ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X3 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan 95805 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 “AZ14İBAZ********************” nömrəli hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli, 1(100)- 221/2021 saylı hökmünün surətində görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cavabdeh2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşdə olan AC seriyalı 880880 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAZ 64229 YÜK” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, sığortalı Cavabdeh2 məxsus “MAZ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.08.2020-ci il tarixdən 24.08.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan ziyana görə 5000 manat, sağlamlığa vurulan ziyana görə bir şəxs üzrə 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli, 1(100)-221/2021 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 15.01.2021-ci il tarixdə saat 13 radələrində Daşkəsən-Gəncə avtomobil yolunun 4-cü kilometrliyində, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, Cavabdeh1 məxsus olan etibarnamə əsasında idarə etdiyi, “MAZ-953000 yarımqoşqu" markalı, **-ZA-*** dövlət nömrə nişanlı, özüboşaldan tipli yarımqoşqu olan "MAZ-64229 yük” markalı, **-BP- *** dövlət nömrə qeydiyyat nişanlı yəhərli dartıcı tipli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomobillə Gəncə şəhəri istiqamətində hərəkətdə Olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitəsinin istismara buraxılmasına dair yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığım yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda, bu tələblərə əməl etməyib tormoz sistemi nasaz vəziyyətdə olan həmin avtomobillə öz hərəkətini davam etdirməklə, nəqliyyat vasitəsinə olan idarəetməni itirib onu sağ yan üstə aşıraraq yolun sağ kənarında olan beton baryerə çırpmış, nəticədə avtomobilin sağ sərnişin oturacağında əyləşən X4 açıq küt baş-beyin zədələnməsi, başın alın və təpə sümüyünün yerini dəyişmiş sınığı, baş beyin əzilməsi, baş beynin yumşaq maddəsinə və beyin mədəcikləri daxilinə qansızma, sol bud sümüyünün yerim dəyişmiş qəlpəli sınığı, başın sağ alın nahiyəsinin yarası, başın sağ və sol alın nahiyəsinin, burunun, sifətin, sağ və sol almacıq nahiyəsinin, sağ saidin, sağ diz oynağının, sol diz oynağının, sağ topuq oynağının sıyrıqları kimi xəsarətlər yetirməklə ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Həmin hökmə əsasən, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cavabdeh2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən zərərçəkənin ölümü ilə əlaqədar onun hüquqi varisinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İddiaçının iddia tələbinin qanuni əsasının mövcudluğu üçün onun subroqasiya tələb hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir. Subroqasiya hüququnun yaranmasının əsası İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən, Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişi tələb edir. X13 Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli, 1(100)-221/2021 saylı hökmü ilə Cavabdeh1 təqsirinin olmasını müəyyən edilməmiş eləcə də, iddiaçı "xxxx" ASC Cavabdeh1 təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı subroqasiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi baş verməlidir; - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sadalanan icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri mövcud olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ o halda yaranır ki, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olsun. Qanunun qeyd olunan maddəsinin mənasından da göründüyü kimi, baş vermiş sığorta hadisəsinə görə sığortaçının subroqasiya hüququ o halda yaranır ki, həmin sığorta hadisəsi sığortalının qəsdən törədilmiş qanunazidd hərəkətlərin nəticəsində baş vermiş olsun. Cavabdeh2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2021-ci il tarixli, 1(100)- 221/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayətdir. Yəni Cavabdeh2 törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş sığorta hadisəsi onun qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyil, ehtiyatsızlıqdan törədilmişdir. Belə olan halda iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortalı Cavabdeh2 qarşı subroqasiya hüququ yarana bilməz. Həmçinin iddiaçı cavabdehlərdən subroqasiya hüququ tələbinin əsası kimi Cavabdeh2 idarə etmə hüququ olmadan sığortalanmış əmlakı idarə etməsi göstərilmişdir. Məhkəmə bununla əlaqədar aşağıdakıları qeyd edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, bu əsasla sığortalanmış əmlakın sığortalının və ya sığorta olunanın tərəfindən deyil, digər şəxs tərəfindən idarə edilməsi zamanı subroqasiya hüququ yarana bilər. Cavabdeh2 isə 24 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortalı şəxsdir. Odur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, sığortalı şəxsə qarşı subroqasiya hüququnun yaranması istisna olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququnun yaranması üçün əsasları olmadığından iddia tələbinin qanuni əsasları mövcud deyildir. Odur ki, məhkəmə iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasını əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 70 manat dövlət rüsumu və 0.40 manat bank xidməti ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 70 manat dövlət rüsumu və 0.40 manat xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-183/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-183/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver