Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-452/2023 18.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, “Renault Megane” markalı, ağ rəngli, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 880 manat maddi ziyan cavabdehdən (hadisənin törədilməsində təqsirkar olan Cavabdeh) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. O, xx.xx.2022-ci il tarixndə saat təqribən 11:00 radələrində əmək fəaliyyəti ilə məşğul olduğu “X3 Donanması”-dan təqribən 200 metr məsafədə, Bakı şəhəri Xətai rayonda, Zığ yolunda yerləşən “Bakı Oil" yanacaq doldurma məntəqəsinin nəznində (ərazisində) avtoyuma fəaliyyəti göstərən avtoyuma məntəqəsinə gələrək özünün idarə etdiyi “Renault Megane” markalı, ağ rəngli, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh yumaq məqsədi ilə, tam saz vəziyyətdə təhvil vermişdir. Bu zaman Cavabdeh avtomobil ilə birlikdə onun açarını da vermişdir ki, avtomobili yumaq məqsədi ilə avtoyuma məntəqəsinin yuma hissəsinə sürmək, avtomobili yuduqdan sonra isə müvafiq ehtiyat və təhlükəsizlik qaydalarını təmin etməklə yuma məntəqəsindən sürərək çıxarmaq mümkün olsun. Bu zaman o cavabdedən avtomobil sürmək hüququnun olub-olmamasını da soruşmuş və sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Öncə cavabdehin “AzSamand” markalı avtomobili idarə etdiyinin şahidi olmuşdur. Təqribən 2 saatda sonra “Bakı Oil” yanacaq doldurma məntəqəsinin nəznində (ərazisində) avtoyuma məntəqəsinə gəldikdə avtomobilin ön sağ təkərinin və sağ buferinin əzilmiş vəziyyətdə olmasını görmüşdür. Cavabdeh bu barədə soruşduqda, o avtomobili yuyub qurtardıqdan sonra suyunun axması üçün sürüb avtoyuma məntəqəsinin həyətinə çıxarmaq istədiyi zaman avtomobili yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin üzərinə “Hava” yazılmış qırmızı rəngli nişana vurduğunu bildirmişdir. Əslində isə avtomobil səkiyə çırpıldıqdan sonra hava yazılan dəmir dirəyə çırpılmışdır. Hadisə ilə əlaqədar o xx.xx.2022-ci il tarixində saat təqribən 18:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək yuxarıda qeyd edilənləri bildirmişdir. AR DİN-nin Xətai RPİ-nin 36cı polis bölməsinə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Hadisə ilə əlaqədar AR DİNnin Xətai RPİ-nin 36-cı polis bölməsinin təhqiqatçı polis mayoru Qabil Rüstəmov tərəfindən araşdırma aparılmış və AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda ona izah edilmişdir ki, ona dəymiş 880 manat maddi ziyanın təqsirkar tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququ var. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh İddiaçı məxsus “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qəza törətməsi faktı ilə bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı İddiaçı 880 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İşdə olan “X2” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 880 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 880 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və ya hər hansı istifadə hüququ olmadan idarə edərkən avtoqəza törətmiş və nəticə avtomobilin sahibi İddiaçı 880 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı İddiaçı 880 manat məbləğində ziyan dəyməsi işdə olan sübutlarla təsdiqini tapır. Hadisə ilə bağlı Xətai RPŞ-də araşdırma aparılan zaman Cavabdeh izahatında xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman qeyd edilən avtoqəzanın baş verməsini bildirmişdir. Göründüyü kimi, qeyd edilən avtonəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş 880 manat məbləğində zərərin əvəzinin Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cu maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 880 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 880 (səkkiz yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-452/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-452/2023
18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver