Məhkəmə qərarları › İş №e-2(042)-679/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-679/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-679/2022 21.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı bir ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 6920 manat dəymiş ziyanın və 89,2 manat dövlət rüsumunun, cəmi, 7009,2 manat məbləğin Cavabdeh tutularaq, İddiaçı ASC-ə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 aprel 2021-ci il tarixdə bağlanılmış operativ lizinq müqaviləsinə əsasən CLAAS Dominator-130 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Kombayn cavabdehə saz vəziyyətdə təhvil verilmiş, lakin cavabdeh kombayını istifadə etdikdən sonra geri təhvil verərkən nasazlıqlar aşkar edilmişdir. Bu barədə də akt tərtib edilmiş və cavabdeh aktın həqiqiliyini öz imzası ilə təsdiq etmişdir. Kombayının müayinəsi zamanı mühərrik və başqa hissələrində aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün 6920 manat miqdarında vəsait sərf edilmişdir. Cavabdehə bu barədə məlumat verilmiş. Lakin o, iddiaçıya vurduğu ziyanın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həqiqətən 23 aprel 2021-ci il tarixdə iddiaçı ilə müqavilə bağlamış və CLAAS Dominator-130 markalı taxılyığan kombaynı istifadəsinə götürmüşdür. İstifadəyə götürülən vaxtda da kombaynda müəyyən çatışmamazlıqlar müəyyən edilmiş və o, öz vəsaiti hesbına bu nasazlıqları aradan qaldırmışdır. Kombayndan istifadə zamanı kombaynın mühərrikində nasazlıq yaranmış, mühərrikə dizel yanacağınını düşməsi məlum olmuşdur. O, kombaynı dərhal saxlayıb mütəxəssisə müraciə etmiş, həmin şəxs mühərriki guya təmir etmiş, o, həmin şəxsin pulunu özü ödəmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxs bu sahədə mütəxəssis deyil və mühərriki düzgün yığmamışdır. Nəticədə mühərrik yenidən sıradan çıxmışdır. Onun mühərrikin sıradan çıxmasında təqsiri yoxdur. Bundan başqa, mühərrik yığılarkən dəyişdirilən ehtiyyat hissəslərin qiyməti də şübhə doğurur. Ona görə də iddia tələbinin təmin ediməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 23 aprel 2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, CLAAS Dominator-130 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. İşdə olan 23 aprel 2021-ci il tarixli Aktın surətindən görünür ki, CLAAS Dominator- 130 markalı taxılyığan kombayn cavabdehə saz vəziyyətdə təhvil verilmişdir. İşdə olan 03 avqust 2021-ci il tarixli Aktın və həmin tarixli Qüsur Aktının surətlərindən görünür ki, CLAAS Dominator-130 markalı taxılyığan kombayn cavabdehdən təhvil alınarkən mühərrik yararsız vəziyyətdə olmuş, 7 ədəd qoşabarmaq olmamış, 8 ədəd qoşabarmaq isə yararsız vəziyyətdə olmuşdur. İşdə olan xərclər barədə Arayışdan görünür ki, mühərrikin işlək vəziyyətə gətirilməsi üçün sərf olunacaq xərclər 6920 manat miqdarında müəyyən edilmişdir. İşdə olan Mədaxil Qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə işə baxılması üçün 89,2 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış 24 aprel 2022-ci il tarixli Müqavilənin 2.2.5-ci və 2.2.6cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeydşərtsiz öz üzərinə götürür. Azərbaycan Respublikasdı Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanılmış və CLAAS Dominator-130 markalı taxılyığan kombayn saz vəziyyətdə cavabdehin istifadəsinə verilmiş, bu barədə Akt tərtib edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istifadəsinə götürdüyü əmlakı iddiaçıya saz vəziyyətdə təhvil verməmişdir. Cavabdeh istifadəsinə götürdüyü əmlakı geri qaytararkən müayinə zamanı kombaynın mühərrikinin yararsız vəziyyətdə olduğu, 8 ədəd qoşabarmağın isə olmadığı müəyyən edilmiş və bu barədə Akt tərtib edilmişdir. Həmin Akt cavabdehin özü tərəfəndən də imzalanaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən kombaynın işlək vəziyyətə gətirilməsi xərcləri 6920 manat miqdarında müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 6920 manat maddi ziyan və işin məhkəmədə baxılması üçün ödənilmiş 89,2 manat dövlət rüsumunun əvəzi, cəmi, 7009, 2 manat tutularaq, İddiaçı ASC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6920 manat maddi ziyan və ödənilmiş 89,2 manat dövlət rüsumunun əvəzi, cəmi, 7009, 2 manat tutularaq, İddiaçı ASC-ə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar