Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-695/2024 16.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh "xxxx" KB ASC-yə vurulmuş 3187.5 manat məbləğində maddi ziyanın və 51.88 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 06B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 06B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində, 0.0368 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində **********27-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-824/2017 saylı icra vərəqəsinə əsasən, Cavabdeh 06B8/14-1 saylıəlavə kredit müqaviləsinə əsasən borcun tutulması və tələbin ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində, 0.0368 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması qət edilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-824/2017 saylı icra vərəqəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində, 0.0368 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Hərrac Mərkəzi "xxxx" MMC-də açıq hərraca çıxarılmış və İpoteka haqqında qanunun 43.7- ci maddəsinə əsasən, ipoteka saxlayan "xxxx" KB ASC-yə təklif olunmuşdur. "xxxx" KB ASC təklifə razılıq vermiş və xx.xx.2020-ci il tarixli, hərrac protokoluna əsasən, Abşeron rayonu, Xırdalan şəhərində, 0.0368 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixli 38383 № li ödəniş tapşırığına əsasən, hərracın keçirilməsi ilə əlaqədar 2701.27 manat xidmət haqqı və 486.23 manat əlavə dəyər vergisi, cəmi 3187.5 manat pul "xxxx" KB ASC tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bankla razılıq əsasında borc məbləği ödənilsədə, çəkilmiş xərclər cavabdehlər tərəfindən ödənilməmişdir. Belə ki, "xxxx" KB ASC-yə dəymiş 3187.5 manat məbləğində maddi ziyanın ödənilməsi barədə Cavabdeh pretenziya məktubu göndərilmiş lakin, qeyd olunan pul məbləği indiyədək banka ödənilməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(011)-824/2017 saylı qətnaməsinin surətindən görünür ki, ödəniş gününə qüvvədə olan məzənnə ilə 17813.28 ABŞ dolları məbləğində əsas borc, 737.68 ABŞ dolları məbləğində faiz borcu, 80 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 18730.96 ABŞ dolları məbləğində Azərbaycan manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, tələb Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın açıq hərracda satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 18730.96 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqı "xxxx" ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhərində mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh və X2 mənzildən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0.0368 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən əldə olunmuşdur. İş materiallarında olan 38383 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 2701.27 manat ödənilmişdir. İş materiallarında olan 38383 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 486.23 manat ƏDV ödənilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, Cavabdeh tərəfindən tələbkar "xxxx" Kommersiya Bankı ASC-yə maddi zərər vurulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər daxildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 81.1 -ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, iddia tələbi əsaslıdır və iddiaçının cavabdehin əvəzinə ödədiyi icra xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 51.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3187.5 manat maddi ziyan və ödənilmiş 51.88 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3187.5 manat maddi ziyan və ödənilmiş 51.88 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-695/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-695/2024
16.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver