Məhkəmə qərarları › İş №e-2(043)-1695/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1695/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1695/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2523,25 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2553,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 noyabr 2020-ci iİ tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Opel Meriva" markalı ** UY *** dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə, "xxxx" ASC-də "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanmış "Chevrolet Cruze" markalı ** PE *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Nəsimi rayon DYPŞ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Chevrolet Cruze" markalı ** PE *** dövlət nömrə nişanlı avtomobilə 7941 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200260 saylı 05 yanvar tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5705,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-dən sığortalandığından 3182 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MİB1900343 saylı avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhdətnaməsinin surətindən görünür ki, «Chevrolet Cruze» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.12.2019-cu il tarixdən 11.12.2022-ci il tarixədək “xxxx” ASC-də sığorta olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən sığorta dəyəri 20500 manat, sığorta məbləği 15375 manat, sığorta haqqı 769 manat, hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği 250 manat müəyyən edilmişdir. İş materiallarında olan AD seriyalı, 672605 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Cehvrolet Cruze» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” Bank Olmayan Təşkilatı MMC-dir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, “xxxx” BOKT MMC tərəfindən «Chevrolet Cruze» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrəində bütün hərəkətləri etməyə X6 etibar edilmişdir. İş materiallarında olan AD seriyalı, 892705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Meriva markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r. İş materiallarında olan 09.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh 21.11.2020-ci tarixdə saat təxminən 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Opel Meriva markalı **-UY-*** d.q.n-lı avtomobili Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi ilə 20 Yanvar dairəsi İstiqamətindən özü Dərnəgül İstiqamətində hərəkət edərək, həmin vaxt 3-cü mikrorayon bazarının qarşısından keçərək Alı Mustafayev küçəsində olan tunel yoluna daxil olub, sol zolaqla hərəkətini davam etdikdə tunelin orta hissəsinə çatdıqda ara məsafə saxlamadığından ehtiyatsızlıq edərək qarşısında hərəkətdə olan sürücü X2 etibarnamə əsasında İdarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Chevrolet Cruze markalı **-PE-*** d.q.n-lı avtomaşının arxa sağ hissəsindən toqquşmuş və zərbənin təsirindən Chevrolet markalı avtomaşın da qarşısında yolda nasazlıq səbəbindən dayanmış vəziyyətdə yolda Qaz 3110 markalı avtomaşının arxa hissəsindən toqquşmuş, toqquşma nəticəsində zərbədən Qaz-3110 markalı avtomobildə yaranmış nasazlıq səbəbi İlə bağlı həmin avtomobilin qarşısında dayanmış onun sürücüsü X3 və onun yanında olan həyat yoldaşı X1 az ağır bədən xəsarətinin yetirilməsinə səbəb olmuş zincirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda həmin anda sürücü X4 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Kia Sorento markalı **-CL-*** d.q.n-lı avtomaşınla həmin qəzadan yayınmaq istəsə də ehtiyatsızlıq nəticəsində avtomaşının ön sol bufer hissəsi İlə Cavabdeh idarə etdiyi Opel Meriva markalı **-UY-*** d.q.nlı avtomobilin arxa hissəsinin sağ tərəfinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh qeyd edilən əməlində cinayət tərkibi olmadığı olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, o, X11 Qanunun tələblərini pozaraq İXM-nin 327.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 16.12.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələblərini pozmuşdur. Nəticədə Kazımlı X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “KİA Motors” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Chevrolet Cruze» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 7941 manat təşkil edir. İş materiallarında olan sığorta ödənişi aktının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, “xxxx” ASC tərəfindən “Chevrolet Cruze” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5705,75 manat ödənilmişdir. Həmin məbləğin 3182 manat hissəsi cavabdehin mülki məsuliyyətinin sığortalandığı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh 21.11.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Opel Meriva” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı “xxxx” ASC-də könüllü sığortalanmış “Cehvrolet Cruze” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. “xxxx” ASC tərəfindən “Chevrolet Cruze” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5705,75 manat zərər məbləği avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Həmin məbləğin bir hissəsi, yəni 3182 manat pul vəsaiti cavabdehin idarə etdiyi avtomobilin icbari qaydada sığorta olunduğu sığortaçı tərəfindən iddiaçıya ödənilmişdir. Bununla da iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləğinin qalan hissəsinə münasibətdə subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 2523,75 manat (5705,75-3182=2523,75) pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2523,25 manat (iki min beş yüz iyirmi üç manat iyirmi beş qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar