Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-2686/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «dividendin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5475 manat dividentin, 12157,6 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun, cəmi 52713,075 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadı ilə mübahisə predmetinə görə hazırkı mülki iş kommersiya mübahisəsi hesab edildiyindən mülki işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və işə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi dividendin və əldən çıxmış faydanın ödənilməsi ilə bağlıdır. Məhkəmə praktikasında bu cür mübahisələrə ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın məzmuundan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı cavabdeh hüquqi şəxsin təsisçilərindən olmaqla həmin hüquqi şəxsdən ona dividendin ödənilməsini, eləcə də dividendin ödənilməməsi nəticəsində ona vurulmuş zərər kimi əldən çıxmış faydanı tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırkı mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs, digəri isə həmin hüquqi şəxsin təsisçilərindən biridir. İddiaçı həmin hüquqi şəxsin əldə etdiyi mənfəətdən ona dividendin ödənilmədiyini, dividend ödənildiyi təqdirdə həmin məbləği illik 10 faizlə banka depozitə qoyun gəlir əldə edə biləcəyini bildirmiş və həm dividendlərin ödənilməsini, həm də əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə birbaşa və ya dolayı olaraq məşğul ola bilər. Qeyd olunan normalardan göründüyü kimi fiziki şəxsin kommersiya hüquqi şəxs olan məhdud məsuliyyətdə iştirak etməsinin məqsədi dolayı olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. Məhdud məsuliyyətli cəmiyyətin əsas məqsədi mənfəət əldə etmək olduğundan həmin cəmiyyətin iştirakçısı olan fiziki şəxsin əsas məqsədi də məhz gəlir əldə etməkdir. Həmin gəlir isə cəmiyyətin mənfəətindən iştirakçıya ödənilən dividend formasında əldə edilir. Mənfəətin bölüşdürülməsi isə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Buradan da iddiaçının hazırda irəli sürdüyü tələbin məhz cəmiyyətin idarə olunması ilə bağlı olan, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələb olduğu aydın olur. Buna görə də məhkəmə hesab edir ki, şikayət əsassızdır və bu mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.5-ci maddəsinə əsasən icraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269, 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, e-2(043)-2686/2021 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-2686/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-2686/2021
06.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver