Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3648/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi İbrahimli Natiq Namiq oğlunun, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş siğorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-ti tərəfindən faydalanan şəxsə ödənilmiş 750 manat sığorta ödənişi məbləğindən subroqasiya qaydasında geri qaytarılmamış 650 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil 29.09.2020-ci il tarixli PSS200124102 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh2 01.12.2020-ci il tarixdə saat 20:30 radələrində həmin avtomobili ona idarə etmək səlahiyyəti verən etibarnamə olmadan Gəncə şəhəri, İ.Məmmədov küçəsində idarə edərkən əks istiqamətli yola çıxaraq qarşıdarn gələn “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan, Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin polis kapitanı X1 01.12.2020-ci il tarixli, İXP ******* saylı X5 protokolundan və 01.12.2020ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, 2020-ci ilin 01 dekabr tarixində, saat 20:30 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta Fəaliyyəti Haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyələ sığorta sahəsində qardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 750 manat məbləğində müəyyən edilmişdir. 01.02.2021-ci il tarixli İ-100/21 saylı sığorta ödənişi aktına və 04.02.2021-ci il tarixli, 04022021-1006-364 saylı ödəniş tapşırığına əsasən 750 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh2 tərəfindən üçüncü şəxsə ödənilmiş 750 manat sığorta ödənişindən 100 manat məbləğini ona göndərdikləri pretenziya məktubuna əsasən subroqasiya qaydasında cəmiyətə geri qaytarılmış, qalan hissəsini isə ödəmədiyindən 650 manat məbləği cavabdehlər tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehlərə bu barədə bir neçə dəfə şifahi məlumat verilmiş, həmçinin onlara yeni pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. “VAZ 21102” markalı ** DF *** dövlət nömrə nişanlı avtomobilin sürücülük hüququ olmayan şəxsin idarəetməsinə verdiyi üçün həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 da "xxxx" ASC tərəfindən ödənilmiş 650 manat məbləğində sığorta ödənişinin geri qaytarılmasına məsuliyyət daşıyır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından həmçinin, avtomobili idarə etməsi üçün etibarnaməsi olmadığından Azərbaycan respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.3.1 və 63.1-ci maddələrinə əsasən "xxxx" AASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehlərdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 01.12.2020-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsində idarə edərkən qarşıdan gələn “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş və ziyanın dəyəri 650 manat məbləğində müəyyən edilmişdir. Hazırda onun iddia tələbində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcu hissə-hissə ödəyə bilər. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və həmin avtomobili Cavabdeh2 01.12.2020-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsində idarə edərkən qarşıdan gələn “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat məbləğində ziyan dəymişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 01.02.2021-ci il tarixli İ-100/21 saylı aktın surətindən görünür ki, Cavabdeh1 29.09.2020-ci il tarixli PSS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən səlahiyyəti olmadan idarə olunan “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 01.12 2020-ci il tarixində Gəncə şəhəri, İ.Məmmədov küçəsində əks istiqamətli yola çıxaraq “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Nəticədə “Mersedes Benz C200” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil 750.00 manat məbləğində ziyan dəymişdir. 01.12.2020-ci il tarixli ******* saylı X5 Protokolun surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 327.2-ci və 332.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 01.12.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, 2020-ci ilin 01 dekabr tarixində, saat 20:30 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. AC 622902 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 adına 14.04.2016-cı il tarixdə verilmiş sürücülük vəsiqəsi 14.04.2026-cı il tarixdək etibarlıdır. AC 611952 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 adına 10.12.2014-cü il tarixdə verilmiş sürücülük vəsiqəsi 10.12.2024-cü il tarixdək etibarlıdır. AC 741770 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 adına 27.05.2016-cı il tarixdə şəhadətnamə verilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V bəndinin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ, şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 34-cü maddəsinin İ hissəsinə görə sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Konstitusiya Məhkəməsinin göstərilən qərarında olan mövqyeinə görə «Yol Hərəkəti haqqında» Qanunun 35-ci maddəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki,Cavabdeh1 məxsus “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil 29.09.2020-ci il tarixli PSS200124102 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh2 01.12.2020-ci il tarixdə saat 20:30 radələrində həmin avtomobili idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh1 məxsus “VAZ 21102” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən zərər çəkənə 650 (altı yüz əli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən siğorta hadisəsi baş verən zaman siğorta müqaviləsinə əsasən faydalanan şəxsə sığrorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan "xxxx"ASC-nə keçdiyindən ödənilmiş 650 (altı yüz əli) manat siğorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 650 (altı yüz əli) manat siğorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, "xxxx"ASC-nə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-3648/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3648/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver