Məhkəmə qərarları › İş №e-2(044)-468/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-468/2021

05.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-468/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi, icra məmuru X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin fərdi yaşayış evi ailəsinin yeganə yaşayış evidir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, həmin mülk heç bir əsas olmadan Cavabdeh2 adına keçmişdir. Bundan yalnız Cavabdeh2 evdən çıxarılması üçün məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur. Daha sonra verilmiş sorğu əsasında məlum olmuşdur ki, ona məxsus mülk Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(044)-1071/2019 saylı qətnaməsinə əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir. Lakin həmin qətnamədə söhbət yalnız müəyyən pul məbləğinin ödənilməsindən gedir və ona məxsus olan mülkün mülkiyyətə verilməsinə hər hansı bir aidiyyəti yoxdur. Ona məlum olmuşdur ki, bu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı əsasında həyata keçirilmişdir. Hesab edir ki, bu, tamamilə qanunsuzdur. Belə ki, həmin mülk onun yeganə yaşayış sahəsidir. Bu səbəbdən də tələb həmin mülkə yönəldilə bilməzdi. Buna baxmayaraq, tələb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən heç bir əsas olmadan bu əmlaka yönəldilmiş, eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi də hər hansı bir hüquq müəyyənedici əsas olmadan həmin mülkü Cavabdeh2 mülkiyyətinə verərək onun hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. Qeyd edilənlərə əsaslanaraq, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, mübahisəli Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı əsasında Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydiyyata alınması qanunsuzdur və bu hal mülki qanunvericiliklə tənzimlənməmişdir. Həmçinin sözügedən Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı yegəna yaşayış sahəsidir. İddia ərizəsində və izahatında bildirdiklərinə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(044)-1071/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 30000 (otuz min) ABŞ dolları məbləğində pulun qətnamənin icra oldunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq tutulması və Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu Ülvi Əlizadə tərəfindən qeyd olunan qətnamə üzrə xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqına” Qərar qəbul edilmiş və icra haqqında qanunun tələblərinə uyğun olaraq borcluya 10 gün müddətinə qətnamənin könüllü icra edilməsi təklif edilmişdir. Borclu könüllü icra müddəti ərzində borcunu ödəmədiyindən icra məmuru tərəfindən borcun ödənilməsi istiqamətində qanunamüvafiq tədbirlərə başlanılmışdır. Bu məqsədlə borcludan xx.xx.2020-ci il tarixdə izahat alınmış və sonuncu borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə borcluya xəbərdarlıq edilmişdir (Gəncə şəhər İcra İdarəsinin xx.xx.2019-cu il tarixli 88388/2019-21-29 saylı məktubu), xx.xx.2019cu il tarixdə borcludan növbəti izahat alınmış, bu dəfə o, borcunu ödəmək üçün vaxt istəmişdir. xx.xx.2019-cu il tarixdə borcluya xəbərdarlıq edilmişdir (Gəncə şəhər İcra İdarəsinin xx.xx.2019-cu il tarixli 88388/2019-21-29 saylı məktubu). Qeyd olunan tədbirlər heç bir nəticə vermədiyindən icra məmuru tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli 88388/2019 saylı təqdimatla Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilərək borclunun əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Qeyd olunan təqdimatın sürəti borclu İddiaçı da göndərilmişdir. Təqdimata baxılması barədə məhkəmə iclasına çağırılmasına baxmayaraq borclu məhkəmə iclasına gəlməmişdir. Bundan sonra, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-553/19 saylı qərardadı ilə borclu İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 35A ünvanında yerləşən yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın qiymətləndirilməsi məqsədilə mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Qiymətləndiricinin xx.xx.2019-cu il tarixli 60 nömrəli hesabatına əsasən əmlakın dəyəri 57000 (əlli yeddi min) manat müəyyən edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə mübahisə predmeti olan əmlak tələbkar X3 təklif edilmişdir. Tələbkar əmlakı qəbul etmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə tələbkarın əmlakı qəbul etməsi nəzərə alınaraq əmlakın tələbkarın adına rəsmiləşdirilməsi məqsədilə ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Sonuncu tərəfindən müvafiq rəsmiləşdirmə aparılmış, mübahisə premdmeti olan daşınmaz əmlaka dair tələbkar Anarə Məmmədovanın mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi, icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi əsasında İddiaçı pulun tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. İddiaçı tələbin könüllü icrası üçün vaxt verilmişdir, lakin o, məhkəmənin qətnaməsini icra etməmişdir. Daha sonra, o, İcra İdarəsinə çağırılaraq ondan izahat alınıb və rəsmi xəbardarlıq edilib. Sonra borclu İddiaçı əmlakının və gəlirlərinin axtarılması haqqında qərar qəbul edilmiş və borclunun mülkiyyətində Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat göndərilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)- 553/19 saylı qərardadına əsasən həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan tərəflər şikayət verməmiş və məhkəmənin qərardadı qanuni qüvvəyə minmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə həmin mübahisəli fərdi yaşayış evində olmuşlar və İddiaçı həmin evdə yaşamadığı müəyyən edilmişdir, bu barədə akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə İcra haqqında Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qərar qəbul edilmiş və qiymətləndiricinin həmin əmlakın bazar qiymətini əks etdirən hesabatı İcra İdarəsinə göndərilmişdir. Bundan sonra, həmin əmlak İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən tələbkar Cavabdeh2 təklif olunmuşdur. Cavabdeh2 Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək təklifi qəbul etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə həmin yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qərar qəbul edilmişdir, tərəflərə həmin qərardan 10 gün müddətində məhkəməyə şikayət etmək hüquqları izah edilmişdir, həmin qərardan şikayət verilməmişdir. Sənədlər Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərildikdən və icra edildikdən sonra icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin nümayəndəsi X2 izahat verərək iddia tələbini qəbul etmədiyini, qanuna müvafiq icra tədbirləri görüldüyünü və məhkəmə qətnaməsinin icrası ilə bağlı tələbin əmlaka yönəldilməsinin tam qanun çərçivəsində olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 ünvanında yaşayır. İddiaçı onun yaşadığı həmin ünvanda qeydiyyatdadır. İddiaçı onun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35 ünvanında qediyyatda olsa da, həmin ünvanda yaşamır. Hal-hazırda İddiaçı onun yaşadığı evdən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(044)- 1071/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 30000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlərlə yanaşı, həmin qətnamənin icrası ilə bağlı Gəncə şəhəri İcra İdarəsindən məhkəmənin sorğusu əsasında əldə edilmiş icra işinin materialları tədqiq edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı adına qeydiyyata alınmış Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair məhkəməyə təqdimat göndərilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 8(044)- 553/19 saylı qərardadından görünür ki, həmin təqdimatla əlaqədar İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən Cavabdeh2 təklif olunmuşdur. İş materiallarındakı Cavabdeh2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin ona göndərilmiş təklifini qəbul etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(044)-1071/2019 saylı qətnaməsinin icrasını təmin etmək üçün tələbkar Cavabdeh2 borclu İddiaçı adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A saylı fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmiş, həmçinin tərəflərə həmin qərardan 10 gün müddətində məhkəməyə şikayət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə iclasında araşdırılmış faktiki hallarının və yuxarıda göstərilmiş materiallarının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(044)-1071/2019 saylı qətnaməsi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına qəbul edildikdən sonra, həmin qətnamənin icrası ilə bağlı icra tədbirlərinə başlanılmış, borclunun əmlakının və gəlirlərinin axtarılması haqqında qərar qəbul edilmiş, həmin icra işi üzrə borclu İddiaçı mülkiyyətində Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin olması müəyyən edilmiş, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat göndərilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-553/19 saylı qərardadına əsasən həmin əmlakın üzərinə həbs qoyulmuş, həmçinin həmin qərardaddan tərəflərə şikayət vermək hüququ izah edilmiş, həmin qərardad qanuni qüvvəyə mindikdən xeyli sonra üzərinə həbs qoyulmuş həmin əmlakın Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı ilə qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmiş və əmlak qiymətləndirilmiş, daha sonra həmin əmlak İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən tələbkar Cavabdeh2 təklif olunmuş, Cavabdeh2 Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini qəbul etmiş, bundan sonra həmin yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qərar qəbul edilmiş, həmçinin tərəflərə həmin qərardan 10 gün müddətində məhkəməyə şikayət etmək hüquqları izah edilmiş və həmin əmlak Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçı tərəfindən göstərilən həmin əmlakın heç bir əsas olmadan Cavabdeh2 adına qeydiyyata alınması ilə bağlı göstərdikləri ilə əlaqədar olaraq qeyd edir ki, borclu İddiaçı tərəfindən əmlakın tələbkar Cavabdeh2 adına rəsmiləşdirilməsinə qədər olan hərəkətlər icra işi üzrə icraat zamanı mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı hazırki iddia tələbi üzrə Cavabdeh2 adına qeydə alınmış reyestrdən çıxarışı mübahisələndirsə də, istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etmədiyindən məhkəmə mübahisələndirilən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə alır. Bundan başqa, iddiaçı tərəfindən iddia tələbində həmin əmlakın iddiaçının yeganə yaşayış sahəsi olmasına dair göstərdikləri ilə bağlı, həmçinin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsində göstərilənlərlə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmlakın iddiaçının yeganə yaşayış sahəsi olub-olmaması hazırki məhkəmə mübahisəsinin predmeti deyil, belə ki, həmin əmlakın üzərinə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 8(044)-553/19 saylı qərardadı ilə həbs qoyularkən həmin məhkəmə araşdırması zamanı əmlakın borclunun yeganə yaşayış sahəsi olub-olmaması mübahisə predmeti olmuş və bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı mövcuddur. Qeyd edilənlərdən başqa, göstərilməlidir ki, iddiaçı tərəfindən iddia tələbində Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hər hansı bir hüquq müəyyənedici əsas olmadan həmin əmlakın cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün göstərilən əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Göründüyü kimi, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş əmlakın Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tələbkar Cavabdeh2 təklif olunması, həmin əmlakın onun tərəfindən qəbul edilməsi və nəticədə əmlakın onun adına rəsmiləşdirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar