Məhkəmə qərarları › İş №e-2(045)-100/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-100/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-100/2025 15.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Cavabdeh və qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borc, 350 manat məbləğində hüquqi yardıma görə ödənilən pulun və 51 manat məbləğində dövlət rüsumuna görə ödənilən pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh Bakı şəhəri 301 nömrəli məktəbin 11P sinfində oxuyurlar. 2024-cü ilin iyun ayında cavabdeh instaqram sosial şəbəkəsi vasitəsilə iddiaçıya bildirmişdir ki, “Manato” adlı mərc oyununda 2700 (iki min yeddi yüz) manat pul uduzmuş və xahiş etmişdir ki, ona borc pul versin. İddiaçı evdən anasının pulu olan 2700 manatı götürüb cavabdehə vermişdir. Pulun bir hissəsi nəğd, digər hissəsi isə cavabdehin **********043302 kart hesabına köçürülmüşdür. Borc məbləği faizsiz verilmişdir. Cavabdeh pulu qaytarmaqdan imtina etdiyi üçün iddiaçı məcbur qalıb xx.xx.2024-cü ildə ərizə ilə Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nə nüraciət etmişdir. Ərizə 3/2-A- 8395 nömrə ilə qeydiyyata alınmışdır. Ərizəni araşdıran Binəqədi RPİ-nin 6-cı PBnin baş tədqiqatçısı, polis mayoru Məmmədhüseyn Əliyev cavabdehin izahatını almış və cavabdeh iddiaçıdan 2700 manat pul aldığını etiraf etmiş, hətta 1000 manatı indi, qalanını da hissə-hissə qaytara biləcəyini bildirmişdir. Qərarda göstərilmişdir ki, toplanmış material üzrə iddiaçının göstərdiyi xüsusatlar cavabdeh tərəfindən təsdiq edildiyindən iş mülki xarakterdədir və buna görə cinayət işinin başlanılması rədd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu günə qədər cavabdeh öz borcunu ödəmişdir. Hazırki halda iddiaçının 16, cavabdehin isə 17 yaşı vardır. Mülki Məcəllənin 1104.1-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. İddiaçı və nümayənəsi vəkil Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə vəsatət vəərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və təqdim edilmiş sübutlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 vasitəsilə iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddiaçıdan cəmi 800- 900 manat məbləğində borc almışdır, həmin pulu da valideynləri geri qaytarmaq istəsə də, iddiaçı tərəf bunu qəbul etməyərək ondan daha çox məbləğdə pul tələb etmişdir. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, polis orqanında iddiaçıya 2700 manat borcunun olmasının etirafı barədə qanuni nümayəndəsi vasitəsilə vermiş olduğu izahatını polisdən qorxması və psixoloji təsirə məruz qalması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı orqana şikayət etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Binəqədi RPİ-nin 6-cı PB-nin rəhbərliyinə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin iyun ayından sinf yoldaşı Cavabdeh ondan 2700 manat pul alaraq qaytarmamaq üçün valideyinlərinə məlumat verəcəyi ilə hədələmişdir. Odur ki, Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir; Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 vasitəsi ilə Binəqədi RPİnin 6-cı PB-də verdiyi izahatından görünür ki, Cavabdeh Elburus oğlu anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə yaşayır. O, Azərbaycan dilində yazıb oxuya bilirəm. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır. Ona görə də izahatının kompyuter vasitəsilə latın qrafikalı Azərbaycan əlifbası ilə təqhqiatçı tərəfindən anası Qanuni nümayəndə2 iştirakı ilə yazılmasına etiraz etmir. Bildirir ki, o subaydır, 301 nömrəli məktəbin 11P sinfinin şagirdidir. İddiaçı şikayət ərizəsi ilə tanış olmuşdur. Bildirir ki, İddiaçı onun sinif yoldaşıdır. O, onunla bir neçə şəhərə gəzməyə çıxmışdır. Ona pula ehtiyacı olduğunu demiş və o da ona hissə-hissə olmaqla ümumi 2700 manat pul vermişdir. Ona bildirmişdir ki, pulu qaytaracaq, lakin qaytara bilməmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 335657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2007-ci ildə Bakı şəhərində doğulmuş, atası Qanuni nümayəndə1, anası Qanuni nümayəndə2dır; “ASANpay” ödəniş portalı tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 51 manat məbləğində dövlət rüsumu ödəmişdir; “Milliön” elektron ödəmə sistemi vasitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Bakı şəhəri 38 saylı vəkil bürosunun hesab nömrəsinə 350 manat məbləğində pul ödəmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında öhdəlik hüquq münasibəti yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan 2700 manat məbləğində borc almış və borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Həmçinin, cavabdeh məhkəmə iclasında aralarında borc müqaviləsindən irəli gələn münasibətlərin olduğunu etiraf etsə də, həmin müqavilə üzrə iddiaçıdan cəmi 800-900 manat məbləğində borc aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 vasitəsi ilə Binəqədi RPİ-nin 6-cı PB-də və məhkəmə iclasında verdiyi izahatlar bir-biri ilə ziddiyət təşkil edir. Belə ki, polis orqanında verdiyi izahatında 2700 manat pul vəsaiti aldığını, borcunu hissə-hissə qaytaracağını bildirsə də, məhkəmə iclasında iddiaçıya cəmi 800-900 manat borcu olduğunu göstərmişdir. Belə ki, məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olması nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə işin hallarına qiymət verərkən cavabdehin qanuni nümayəndəsi vasitəsilə polis orqanında verdiyi izahatı qorxması və psixoloji təsir altında qalması ilə əlaqələndirməsini ağlabatan mühakimə hesab etmir. Buna görə də, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Odur ki, məhkəmə cavabdehin polis orqanında vermiş olduğu izahatı əsas götürməklə, daxili inamına əsaslanaraq hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğu üçün iddia təmin edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğu üçün təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq iddiaçının xeyrinə cavabdehdən ödənilmiş 350 (üç yüz əlli) manat miqdarında hüquqi xidmət haqqı və 51 (əlli bir) manat miqdarında dövlət rüsumunun əvəzi tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (qanuni nümayəndəsi vasitəsi ilə) İddiaçı (qanuni nümayəndəsi vasitəsi ilə) xeyrinə 2700 (iki min yeddi yüz) manat məbləğində borc pul, ödənilmiş 350 (üç yüz əlli) manat miqdarında hüquqi xidmət haqqı və 51 (əlli bir) manat miqdarında dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (qanuni nümayəndəsi vasitəsi ilə) İddiaçı (qanuni nümayəndəsi vasitəsi ilə) xeyrinə 2700 (iki min yeddi yüz) manat məbləğində borc pul, ödənilmiş 350 (üç yüz əlli) manat miqdarında hüquqi xidmət haqqı və 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar