Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1397/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1425 (bir min dörd yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumuna görə 44,25 (qırx dörd manat iyirmi beş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** BX *** dövlət qeydiyyat nişanlı, “Qaz 3110” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində Gəncə şəhəri, Nizami prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Picanto” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Kia Picanto” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər BPİ DYPŞ tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda da müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 12 oktyabr 2022-ci il tarixli, 1459-/22 nömrəli məktubla Cavabdeh qarşı 1425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhəri, Nizami prospektində yol nəqliyyat hadisəsi törətmişdir. Bu zaman onun idarə etdiyi avtomobil “Kia Picanto” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə zərər dəymişdir. Onun avtomobili icbari qaydada sığortalanmışdır və vururlmuş ziyan ödənilmişdir. Buna baxmayaraq sığorta ondan ödədiyi pulu tələb edir. Sığorta şirkəti ondan pulu tələb etməsinin əsası kimi, hadisə vaxtı onun sürücülük hüququnun olmamasını bildirir. Lakin, hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmışdır. Hesab edir ki, bu onun avtomobili idarə edə bilməməsi mənasına gələ bilməz. Bu əsasdan sığorta şirkətinin tələbi əsassızdır. Həmçinin, o, bu hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş və 400 manat cərimələnmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, “Kia Picanto” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1425 manatdır; xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə aktı”ndan görünür ki, “Kia Picanto” markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1425 manat qiymətləndirilmişdir; “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, Cavabdeh məxsus “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir, xx.xx.2021-ci il tarixdə qüvvədən düşür; AB seriyalı, 612434 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “BC” kateqoriyalı sürücüdür. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixədəkdir; AC seriyalı, 126231 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir; xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; 717 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 1425 manat ödənilmişdir; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” dan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10:30-da Cavabdeh tərəfindən idarə olunan “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Picanto” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Nəticədə “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və “Kia Picanto” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı vasitəsi vasitələrinə zərər vurulmuşdur; X3 ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 44,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 10:30-da Cavabdeh tərəfindən idarə olunan “Qaz 3110” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Picanto” markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Yəni, yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh sürücülük hüququ olmamışdır. Belə ki, Cavabdeh məxsus sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh məsuliyyət daşımalıdır. Cavabdeh Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh yüksək təhlükə mənbəyinin sahibidir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalıdır. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusatlara, yəni sürücülük vəsqiqəsinin müddətinin başa çatması onun sürücülük hüququnun olmaması mənasına gəlmədiyinə dair qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V hissəsinə əsasən şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 senytabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1425 (min dörd yüz iyirmi beş) manat və 44,25 (qırx dörd manat iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1425 (min dörd yüz iyirmi beş) manat və 44,25 (qırx dörd manat iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-1397/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1397/2023
16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver