Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1409/2024 22.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13300 (on üç min üç yüz) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 17 iyun 2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə xx.xx.2015-ci il tarixdə Rəbiyyə və xx.xx.2018-ci il tarixdə isə Dəniz adlı qızları olmuşdur. Cavabdehlə birgə yaşamaq mümükün olmadığı üçün Goranboy rayon Məhəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 506/2024 saylı qətnaməsinə əsasən nikahı pozulmuş, uşaqları onun himayəsinə verilmiş və cavabdehdən hər ay bir uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə birgə yaşadığı müddətdə Goranboy rayonunun Veyisli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 111.80kv.m. olan yaşayış evini almışlar. Bu barədə olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətini məhkəmyə təqdim edir. Cavabdehdən ayrılarkən öz aralarında razılaşmışlar ki, birgə nikah müddətində aldığı ev satılaraq pulunu yarı böləcəklər. Məhkəməyə təqdim etdiyi 22 iyul 2024-cü il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, cavabdeh Goranboy rayonu,Veyisli kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 111.8 kv.m olan fərdi yaşayış evini 26600 (iyirmi altı min altı yüz) manata X1. Məhkəməyə təqdim etdiyi **********634 saylı ərizənin surətindən görünür ki, əmlak satılarkən onun da razılığı alınmışdır. O da razılığı ona görə vermişdir ki, yuxarıda qeyd etdiyi kimi, satılan əmlakın pulunun yarsını cavabdeh ona verməli idi. Lakin, cavabdeh onu aldatmışdır. Belə ki, cavabdeh onun aliment kartına 10.000 (on min) manat pul ataraq Goranboy rayon İcra və Probasiya idarəsinə müraciət edərək həmin pulun aliment borcu olduğunu bildirmiş və qət olunmuş alimenti əvvəlcədən ödədiyini bildirmişdir. O, bunu aydınlaşdırmaq üçün dəfələrlə cavabdehlə görüşüb aydınlaşdırmaq istəmişdir. Lakin, cavabdeh bir mənalı bildirdi ki, “get hara şikayət edirsən et, sənə heç nə verən deyiləm”. Ona görə də məhkəməyə müraciət edir. İndi istəyir ki, cavabdehlə birgə nikah müddətində əldə etdiyi həyətyanı torpaq sahəsini və evi 26600 (iyirmi altı min altı ytiz) manata satdığı üçün həmin pulun yarsını razılaşdığı kimi 13300 (on üç min üç yüz) manatı ona versin. O, cavabdehdən ona vurduğu maddi və mənəvi zərəri də tələb edə bilərdi, lakin onu hələ etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah qeydi pozulduqdan sonra o, sözügedən torpaq sahəsini və üzrəində yerləşən mənzili borcu olduğu üçün satmışdır. İddiaçı evin satılmasına ona 10000 manat məbləğində pul ödəniləcəyi halda razılıq vermişdir. Birgə mülkiyyətlərində olan ev satıldıqdan sonra o, əldə olunan vəsaitin 10000 (on min) manatını iddiaçıya aliment olaraq ödəmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı ilə razılığı 10000 (on min) manat qarşılığında olmuş, həmin pulu da iddiaçıya ödəmişdir. O, hesab edir ki, ödənilən pul aliment olaraq ödənilsə də, birgə mülkiyyətin satışından əldə olunan vəsaitdən ödənilib, ona görə də, onun 13300 (on üç min üç yüz) manatı ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 2(045)-506/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh ilə iddiaçı X6 arasında Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində 17 iyun 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 374 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2018ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək anası X2 yanında saxlanılması və Cavabdeh iddiaçı X2 xeyrinə xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 480839 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra sonuncuya “Xəlilova” soyadı verilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Goranboy rayonunun Veyisli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinn üzərində yerləşən ümumi sahəsi 111.80 kv.m. olan yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusi tərəfindən bağlanmış xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Məmmədov X9 rayonu, Veyisli kəndi, ev 0 ünvanında yerləşən, mülkiyyətində olan 0.22 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 111.8 kv/m olan fərdi yaşayış evini alıcı X4 26600 (iyirmi altı min altı yüz) manata satmışdır; 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, **********634 nömrəli ərizəsindən görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş keçmiş əri Cavabdeh məxsus Goranboy rayonu, Veyisli kəndində yerləşən 0.22 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 111.8 kv/m olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyun 2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində bağlanması, tərəflərin birgə nikahından iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların anasının yanında saxlanılması və onların saxlanılması üçün alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir (Goranboy Rayon Məhəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-506/2024 nömrəli qətnaməsi). Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər Goranboy rayonunun Veyisli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 111.80 kv/m olan yaşayış evini birgə nikah dövründə əldə edilmiş gəlirlər (qazanc) hesabına almışlar və sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Tərəflərin arasında nikah pozulduqdan sonra Goranboy rayonunun Veyisli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 111.80 kv/m olan yaşayış evi daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə X4 26600 manata satılmış və əldə olunan məbləğin hər iki tərəfin arasında bölünməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakın satılmasından əldə edilmiş vəsaitin müəyyən hissəsini iddiaçıya ödəyəcəyini öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Cavabdeh məhkəmə iclasında satışdan əldə olunan məbləğin 10000 (on min) manatını birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün aliment olaraq iddiaçıya ödədiyini və bundan başqa iddiaçıya hər hansı məbləğ ödəmədiyini bildirmişdir. Buna baxmayaraq, iddiaçı qarşısında hər hansı öhdəliyinin olmasını qəbul etmir. Məhkəmə qeyd edir mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir; 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əvəzli olaraq əldə olunması. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Goranboy rayonunun Veyisli kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111.80 kv/m olan yaşayış evinin satışından əldə olunmuş 26600 (iyirmi altı min altı yüz) manatın yarısı, yəni 13300 (on üç min üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 13300 (on üç min üç yüz) manat məbləğində pul və ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13300 (on üç min üç yüz) manat məbləğində pul və ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1409/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1409/2024
22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver