Məhkəmə qərarları › İş №e-2(045)-1686/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1686/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1686/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə (iddiaçının nümayəndəsi və vəkili Vəkil vasitəsilə) məhkəməyə müraciət edərək, cavabdehdən 28000 manat məbləğində pul və 500 manat hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehdən 10 mart 2023-cü il tarixdə “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında 28000 manata satın almışdır. Avtomobilin mülkiyyətçisi X3r. Cavabdeh avtomobili X1 etibarnamə əsasında almış və ona da etibarnamə əsasında satmışdır. Avtomobilin mülkiyyətçisi X4 ilə cavabdeh arasında sonradan yaranan narazılığa görə X4 avtomobilin etibarnaməsini ləğv etdirmişdir. Beləliklə, ona ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı xəstə olduğundan avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Sonradan avtomobili mülkiyyətinə keçirmək istəyərkən etibarnamənin ləğv olunduğunu bilmişdir. Hazırda avtomobil iddiaçıdadır, lakin etibarnamə ləğv edildiyindən avtomobildən istifadə edə bilmir. İddiaçı avtomobilin cavabdehə və ödədiyi pulun da cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh pulunu qaytardığı halda iddiaçı da avtomobili qaytaracaq. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili X1 etibarnamə ilə almış və iddiaçıya 28000 manata satmışdır. Həmin avtomobil iddiaçıya etibarnamə əsasında satılmışdır. Lakin, sonradan iddiaçı ona bildirmişdir ki, etibarnamə ləğv olunmuş və iddiaçı alğı-satqı əməliyyatını apara bilməmişdir. Avtomobilin mülkiyyətçisi X4 tək onlara deyil başqa şəxslərə satdığı maşınlara verdiyi etibarnamələri də ləğv elətdirmişdir. Buna görə də mülkiyyətçinin barəsində dələduzluq maddəsi üzrə cinayət işi gedir. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, mülkiyyətçi tərəfindən etibarnamənin ləğv edilməsi səbəbini bilmir. İddiaçı pulunu istəmiş və avtomobilin ona qaytarılmasını təklif etmiş, lakin o, razılaşmamışdır. Mülkiyyətçi onun pulunu qaytaracağı halda o da iddiaçının pulunu qaytara bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 28 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r; 10 mart 2023-cü il tarixli, 7E-1268 nömrəli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş etibarnamədən görünür ki, X2 mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı 05 fevral 2024-cü il tarixədək etibar edilmişdir; 07 iyul 2023-cü il tarixli, BPM**********68 nömrəli mədaxil qəbzindən görünür ki, vəkil xidməti üçün 500 manat məbləğində pul Bakı Şəhər 9 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Belə ki, iddia tələbi avtomobilə görə cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh etibarnamə əsasında 28000 manat müqabilində avtomobili iddiaçıya satmış, sonradan avtomobilin mülkiyyətçisi cavabdehə verdiyi etibarnaməni ləğv etdirdiyi üçün cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüş, nəticədə iddiaçıya ziyan dəymişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı “Toyota Land-Cruiser Prado” markalı, **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 mart 2023-cü il tarixdə cavabdehdən etibarnamə əsasında 28000 manata almış, yəni iddiaçı tərəfindən ödənilmiş 28000 manat müqabilində cavabdeh tərəfindən etibarnamə əsasında avtomobil iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilmiş, sonradan iddiaçı avtomobili öz adına rəsmiləşdirən zaman etibarnamənin ləğv olunduğu barədə məlumatlanmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh avtomobilə dair iddiaçıya etibarnamə vermiş, avtomobilə görə 28000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Göründüyü kimi tərəflər arasında avtomobilin alğı-satqısı baş vermiş, lakin onlar bunu qanunla müəyyən edilmiş qaydada alğı-satqı əqdi bağlamaqla yox, etibarnamə vermək yolu ilə həyata keçirmişlər. Lakin, tərəflər alğı-satqı əqdinin şərtləri daxilində hərəkət etmişlər, yəni satıcı olan cavabdeh avtomobili və onun sənədlərini təhvil vermiş, alıcı olan iddiaçı isə avtomobilə görə razılaşdırılmış məbləği, yəni 28000 manatı ödəmişdir. Daha sonra isə avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Göründüyü kimi tərəflər arasında avtomobilə dair alğı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır. Bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də mümkün deyildir. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya verilmiş etibarnamənin cavabdeh tərəfindən ləğv edilməməsi halı hazırkı iddianın əsassızlığına dəlalət etmir. Belə ki, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Yəni, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğv edilməsi nəticəsində həmin etibarnamənin qüvvəsinə xitam verilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçıya cavabdeh tərəfindən verilmiş etibarnamə isə etibar edilmişi etibaretmədir və cavabdehə verilmiş etibarnaməyə xitam verildiyindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Nəzərə alınmalıdır ki, avtomobilə görə ödənilmiş pul cavabdehə verilmiş və faktiki alğı-satqı münasibətləri onların arasında mövcud olmuşdur. Avtomobil hazırda iddiaçının sahibliyində olsa da iddiaçı faktiki olaraq avtomobildən istifadə edə bilmir. Nəticə etibarilə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödədiyi puldan məhrum olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı pulunu istəmiş və avtomobilin qaytarılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh avtomobilin ona qaytarılması və pulunun alınması barədə iddiaçının təklifini təsdiq etmişdir. Məhkəmə iclasında da iddiaçı ödədiyi pul qaytarıldığı halda avtomobilin cavabdehə verilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə avtomobilin mülkiyyətçisi arasında olan münasibətlə bağlı cavabdehin avtomobilin mülkiyyətçisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 500 manat hüquqi xidmət haqqının alınması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən vəkil xidməti üçün ödənilmiş 500 manat məbləğində pulun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pul və hüquqi xidmət haqqının əvəzi 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, ödənilmiş 182 (yüz səksən iki) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pul və hüquqi xidmət haqqının əvəzi 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 182 (yüz səksən iki) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar