Məhkəmə qərarları › İş №e-2(045)-2065/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2065/2023

26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2065/2023 26.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyalarınıın icrası zamanı iddiaçıya dəymiş 321,58 manat məbləğində maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində mediasiya xərcinin və 10 manat əlavə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “MKT- Goranboy” filialında traktorçu vəzifəsində əmək funksiyalarını həyata keçirmişdir. Eyni zamanda tərəflər arasında mövcud olmuş tam maddi-məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona iddiaçı tərəfindən etibar edilmiş daşınar və daşınmaz əşyaların, həmçinin digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi, idarə edilməsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorununub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi-məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. Cavabdehin əmək funksiyasının icrası zamanı iddiaçı tərəfindən ona təhkim edilmiş traktora cəmi 930,0 litr miqdarında dizel yanacağı ayrılmışdır. Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə və s. daşıma işləri icra etməklə aktlar əsasında ümumi yanacaq miqdarından 241,44 litr yanacağı məxaric etmiş, çən qalığı isə 100 təşkil etmişdir. Nəticədə cavabdehin Cəmiyyətə istifadə edilməmiş və qaytarılmamış 588,56 litr 470,81 manatlıq (1 litr=0,80 qəpik) dizel yanacağı qalığı yaranmışdır. Cavabdehlə son haqqhesab edilərkən onun əmək haqqından 149,23 manat vəsait tutulmuşdur. Beləliklə, son nəticədə cavabdehin iddiaçıya istifadə edilməmiş və qaytarılmamış yanacaq miqdarına görə cəmi 321,58 manat borcu qalmışdır. 02 fevral 2023-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilmişdir. Tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş və heç bir razılığa gəlinməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, iddianı qəbul edir. Lakin, hal-hazırda ödəniş etməyə imkanı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də traktorçu vəzifəsinə qəbul edilmişdir; xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında (İddiaçı MMC və Cavabdeh) tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır; Əmək müqviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir; xx.xx.2023-cü il tarixli, REF/41 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh yaranmış öhdəliyindən xx.xx.2023-cü ildə son hesabından 149,23 manat ödənilmişdir. Son nəticədə 12 iyun 2023-cü il tarixdə Cavabdeh MKT goranboy filialına 321,58 manat borcu qalmışdır; xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış”dan görünür ki, İddiaçı MMC tərəfindən 20 manat mediasiya xərci ödənilmişdir; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hazırkı tələb üzrə 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 202-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir; 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh traktorçu vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunaraq işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh öhdəliyini tam icra etməmiş və nəticədə İddiaçı MMC-yə 321,58 manat borcu yaranmışdır. Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 321,58 (üç yüz iyirmi bir manat əlli səkkiz qəpik) manat vəsait, həmçinin 20 (iyirmi) manat mediasiya xərcinin və 10 (on) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 321,58 (üç yüz iyirmi bir manat əlli səkkiz qəpik) manat vəsait, həmçinin 20 (iyirmi) manat mediasiya xərcinin və 10 (on) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar