Məhkəmə qərarları › İş №e-2(045)-336/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-336/2025

04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-336/2025 04.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1137,34 manat əsas borc, müqavilə üzrə hesablanmış 1218 manat cərimə borcu, 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 30 yanvar 2021-ci ildə ərizə ilə onlara müraciət edərək 2.5 ha xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə istəmişdir. Bu müraciətlərin əsasında Cavabdeh ilə 2.5 hektar torpaq sahəsində pambıq əkilməsi haqqında CG032 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə pambıq əkməyi ilə öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfat işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib becərmək və əldə edilmiş xam pambığ müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin tərəfləri, öhdəliklərinin 2.1.2 bəndinə əsasən satıcı, yəni Cavabdeh 2.5 hektar torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentinerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə alıcıya təhvil verir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə 1137,34 manat əsas borc, müqavilə üzrə hesablanmış 1218 manat olmaqla, ümumilikdə 2355 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçməsinə dair çıxarış xx.xx.2024-cü il tarixdə verilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X3 Şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; 30 yanvar 2021-ci il tarixli, GC032 saylı Xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alqı-satqısı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Alıcı nəmlik, zəbillik və növünə görə qüvvədə olan təlimat və standarlara əsasən xam pambığın daşınma xərci daxil olmaqla satıcıdan aşağıdakı qiymətə qəbul edir: İ növ 650 AZN/ton, İİ növ 630 AZN/ton, İİ növ 590 AZN/ton, İV növ 550 AZN/ton.; "xxxx" MMC tərəfindən təqdim edilmiş 08 fevral 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində çöp doğramaq üçün iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 28 sentyabr 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində şum üçün iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 mart 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində reper üçün iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 08 aprel 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində ağartırmaq üçün iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində ağartırmaq üçün iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 14 aprel 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində pambıq səpmək iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 12 may 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivator iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 may 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivator iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş 30 may 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində darçın səpmək iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 23 may 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivator kübrə iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 15 iyun 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivator iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 27 iyun 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində dərman səpmək iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 28 iyun 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivator iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 13 iyul 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində dərman səpmək iş və xidmətlər göstərilmişdir; Gorran Cotton” MMC tərəfindən təqdim edilmiş 01 iyul 2021-ci il tarixli, Kənd Təsərrüfatında göstərilən iş və xidmətlər üzrə Aktın surətindən görünür ki, Cavabdeh 2 ha pambıq əkini sahəsində kultivasiya iş və xidmətlər göstərilmişdir; "xxxx" MMC tərəfindən təqdim edilmiş qaimə-fakturaların kötüylərinin surətlərindən görünür ki, X1 tərəfindən Cavabdeh toxum çiyidi BA-440 lifsiz, karbamid, bifenistar və kortac təhvil verilmişdir; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə Goranboy rayonun Hazırəhmədli kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır; Goranboy rayon Məhkəməsinin 2(045)-336/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə mübahisənin obyektiv həllinə nail olmaqdan ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, 3-16-16/2-897/2025 nömrəli məktubdan görünür ki, qiymətləndirmə məhkəmə ekpsertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən rəyin verilməsi mümkün olmamışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** mədaxil qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 45,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış CG032 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh pambıq əkməyi ilə öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfat işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib becərmək və əldə edilmiş xam pambığ müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin tərəfləri, öhdəliklərinin 2.1.2 bəndinə əsasən satıcı, yəni Cavabdeh 2.5 hektar torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentinerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə alıcıya təhvil verir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə 1137,34 manat əsas borc, müqavilə üzrə hesablanmış 1218 manat olmaqla, ümumilikdə 2355 manat borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 1218 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi əsasən azaldılaraq 80,66 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 45,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 32 manat məbləğində müəyyən edilməli və qalıq 0,18 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1137,34 manat məbləğində əsas borcun, 80,66 manat məbləğində cərimə borcunun, cəmi 1218 manat borc pul və ödənilmiş 32,18 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən, MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1137,34 manat məbləğində əsas borcun, 80,66 manat məbləğində cərimə borcunun, cəmi 1218 manat borc pul və ödənilmiş 32,18 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar