Məhkəmə qərarları › İş №e-2(046)-1261/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1261/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1261/2025 29.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərə görə 3500 manat, mənənvi zərərə görə 2000 manat pulun və 75 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, dişlərini müalicə etmək üçün Göyçay rayonu Bığır kəndində diş həkimi işləyən Firuddin Hacıyevə müraciət etmiş, müalicəyə 2024-cü ilin yanvar ayında başlamışlar. 15 gün müalicəyə getmiş, 2 diş blomblanmış, 2 diş çıxarılmış, dişin yeri ölçülmüş, ay yarımdan sonra 7 keramika diş taxılmış, dişin biri böyük, iki diş isə hədsiz hamar idi, yemək yeyə bilmirdi və diş qoyulduqdan 3 ay sonra dişin ikisi cüt qopmuşdur. Cavabdehin yanına getmişlər, yenidən kleylə yapşıtırmışdır. Böyük dişi və sürüşkən olan dişi yonmuş, amma bir faydası olmamışdır. Üstündən 4 ay sonra təkrar həmin kleylənən diş digər dişi sındırdı. Yenə Firuddinin yanına gedib vəziyyəti izah etmiş, lakin bildirdi ki, artıq bu dişlər yarsızdı, təkrar bərpası mümkünsüzdür. Razılaşmalı olmuş, 2 ay keçdikdən sonra sol alt çənədə dişlər ağrımağa başladı. Ağrıyan diş blomblanan diş olmuşdur. Ağrılar dözülməz olduğundan artıq başqa həkimə müraciət etməli olmuşdur. X8 rentgen olunandan sonra məlum olmuşdur ki, dişdə iynə qırılıb qalıb, kanallar düzgün doldurulmayıb, iltihab yaranıb. Ağızdan kəskin qoxu gəlir, dözülməz ağrılar olduğu üçün həkim bildirdi ki, məcbur çəkilməlidir, yoxsa ciddi fəsadlar verər. Əslində sağlam olan dişlər səhlənkarlığın qurbanı oldu. Dişlər bu hala düşdükdən sonra Firuddin həkimə zəng edib bildirmişdir ki, düəltdiyi dişdə iynə qalıb, ona həm maddi, həm mənəvi ziyan vurmuşdur. Ona 500 manat vermiş, 300 istəmir, 200 qaytar. Cavabdeh isə bildirdi ki, 100 manat qaytara bilər. Sonradan isə nömrəni bloka atmış, telefonlarına cavab verməmişdir. Evlərinə gedib iş otağında olub olmadığını yoxlamaq istəmiş, atası onu qarşılamış, hədələmiş, sonra da polisə şikayət etmişdir ki, guya onu hədələmişdir. Sonra isə Baş Prokrorluğa müraciət etmiş, araşdırma aparılmış, cinayət işinin olmadığı bildirilmişdir. X6 da araşdırılmış, qanunsuz olaraq, lisenziyasız fəaliyyət göstərdiyi sübuta yetirilmişdir. Qeyd edir ki, cavabdeh Göyçay rayonu Bığır kəndində yerləşən evində apardığı stomatoloji fəaliyyəti qanunsuz olmuşdur və burada lizensiyasız fəaliyyət göstərmişdir. Bu hadisədən sonra əri 10 iyun 2024-cü il tarixdə Göyçay Rayon Prokrorluğuna müraciət etmiş, araşdırma aparılmış və məlum olmuşdur ki, Cavabdeh 2019-cu ildə X10 Universitetini bitirmiş, diplomu da Azərbaycanda təsdiqlənmişdir. Lakin hansı və ya necə yolla stomotoloq olması haqda heç bir məlumat verilmir. İddia ərizəsinə əlavə edilmiş Səhiyyə Nazirliyi " Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Firudun Hacıyevin apardığı düzgün olmayan müalicələr səbəbindən baş vermişdir. Hal-hazırda Cavabdeh düzgün olmayan müalicələri nəticəsində baş vermiş şiddətli ağrıları, iltihabın yaradacağı həyati fəsadları çıxmaq şərti ilə 7 diş məhv olmuş, ağızda ümumi görünüşlə yanaşı psixoloji olaraqda problemlərə səbəb olmuşdur. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (əri) X5 iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı onun arvadıdır. İddia ərizəsində qeyd edilən ziyanın məbləğini rayon prokuroru tərəfindən təyin edilmişdir. Ona görə də iddia ərizəsində həmin məbləği yazmışdır. Cavabdehin arvadının dişlərinə vurduğu ziyana görə 500 manat xərc çəkmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya vurduğu ziyana görə pul təklif etmiş, lakin iddiaçı və nümayəndəsi həmin məbləği qəbul etməkdən imtina etmişdir. Eləcə də iddiaçıya iddia ərizəsində göstərilən həddə ziyan vurmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Cinayət işinin başlanmasının rədd edilməsini haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 dişlərinin funksiyasının pozulması ilə bağlı daxil olmuş məlumat əsasında toplanmış 140C-24 saylı material üzrə Cavabdeh əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibii Ekspertiza və X4” Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinə zamanı üst konstruksiya çıxmış, bunun da təkrar bərpasına ehtiyac olduğunu, həmçinin, 36, 37-ci dişlər ağız boşluğundan çəkildiyi göstərilir, rentgenoloji müayinədə 36 və 37-ci dişlərin kanal müalicələri tam olunmadığı, alət qırığı qalması ilə əlaqədar dişin iltihablaşması və böyük ehtimalla dişin müalicəsi mümkün olmadığı üçün çəkilməsi göstərilmiş, 46-cı dişin radiusu ağızda görünməsi, diş müalicə və qapaş üçün yararsız olduğu qeyd olunmuş, dişlərin çəkilməsinə düzgün aparılmayan müalicələr səbəb olduğu göstərilmişdir. Üst dişlərin körpülərlə bərpasına ehtiyac olunduğu və sağ aşağı 6-cı dişin çəkilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibii Ekspertiza və X4” Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinə zamanı üst konstruksiya çıxmış, bunun da təkrar bərpasına ehtiyac olduğunu, həmçinin, 36, 37-ci dişlər ağız boşluğundan çəkildiyi göstərilir, rentgenoloji müayinədə 36 və 37-ci dişlərin kanal müalicələri tam olunmadığı, alət qırığı qalması ilə əlaqədar dişin iltihablaşması və böyük ehtimalla dişin müalicəsi mümkün olmadığı üçün çəkilməsi göstərilmiş, 46-cı dişin radiusu ağızda görünməsi, diş müalicə və qapaq üçün yararsız olduğu qeyd olunmuş, dişlərin çəkilməsinə düzgün aparılmayan müalicələr səbəb olduğu göstərilmişdir. Üst dişlərin körpülərlə bərpasına ehtiyac olunduğu və sağ aşağı 6-cı dişin çəkilməli olduğu qeyd olunmuşdur. tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Göyçay rayonu Bığır kəndində diş həkimi fəaliyyəti ilə məşqul olmuşdur. İddiaçı 2023-cü ilin yanvar ayında dişlərinin müalicəsi üçün müraciət etmişdir. Cavabdeh 2-3 ay ərzində İddiaçı dişlərini müalicə etmişdir. Dişlərin müalicəsindən sonra İddiaçı dişləri yararsız vəziyyətə düşmüş, həmiş dişlərdə ihtilablaşma prosesi başlamış və bir dişin daxilində yad cism qalmışdır. Bundan sonra İddiaçı şikayət ərizəsi ilə Göyçay rayon Prokurorluğuna müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı dişlərini düzgün müalicə etməmişdir. Bunun nəticəsində İddiaçı 36, 37-ci dişlərinin kanal müalicələri tam olunmadığı, alət qırığı qalması ilə əlaqədar dişin iltihablaşmış və müalicəsi mümkün olmadığı üçün çəkilmişdir. 46-cı dişin radiusu ağızda görünməmiş, diş müalicə və qapaq üçün yararsız hala gəlmişdir. Dişlərin çəkilməsinə düzgün aparılmayan müalicələr səbəb olmuşdur. Üst dişlərin körpülərlə bərpasına ehtiyac vardır və sağ aşağı 6-cı dişin çəkilməlidir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına ziyan dəymişdir. Məhkəmə dəymiş ziyanı müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və iddiaçının nümayəndəsi Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3500 manat ziyan dəydiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (əri) X5 izahatında göstərmişdir ki, İddiaçı dişlərinin bərpası üçün 500 manat vəsait sərf olunmuşdur. Məhkəmə buna görə də hesab edir ki, dəymiş ziyanın məbləği iddiaçının nümayəndəsinin göstərdiyi həddə müəyyən edilməlidir. Bunda başqa iddiaçı və nümayəndəsi iddiaçıya 2000 manat mənəvi ziyanın dəydiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı dəymiş mənəvi ziyanın məbləği 100 manat məbləğində müəyyən edilməsi ağlabatandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində maddi ziyan, 100 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində maddi ziyan, 100 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar