Məhkəmə qərarları › İş №e-2(046)-1906/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1906/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1906/2022 14.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 585 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 13 iyul 2019-cu il tarixli notarial qaydada bağlanmış müqaviləyə əsasən Cavabdeh 3500 manat borc vermişdir. Müqaviləyə əsasən cavabdeh borcunu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırtdığı üçün borcun geri qaytarılması barədə qətnamə qəbul edilməsi üçün 04 mart 2020-ci il tarixdə Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-553/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə Cavabdeh 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq ona verilmişdir. Qətnamə icra edilməsi üçün İcra və Probasiya şöbəsinə yönilmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 111843/2020-61-6 nömrəli icra işi üzrə borclu Cavabdeh borclu olduğu 3530 manatdan cəmi 300 manatını aparılmış ciddi icra tədbirlərindən sonra 2022-ci ilin mart ayında ödəmişdir. Cavabdeh hazırki dövrə 3230 manat borcu var. 13 iyul 2019-cu il tarixli notarial qaydada bağlanmış müqaviləyə əsasən Cavabdeh 3500 manat borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsədə hazırki dövrədək həmin borcdan cəmi 300 manat ödəmişdir. Cavabdeh ilə 13 iyul 2019-cu il tarixli notarial qaydada bağlanmış müqaviləyə əsasən xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü borcun hazırki dövrədək qaytarmadığı hissəsinin xx.xx.2020-ci il tarixdən hazırki iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixədək faizi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş qaydada hesablanaraq cavabdehdən xeyrinə tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin edilməsini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə borc müqaviləsi bağlamış, maddi imkanı olmadığından borcunu qaytara bilməmiş, iddiaçı iddia ərizəsi məhkəmə müraciət etmişdir. Hazırda borcunu iddiaçıya ödəyir. Lakin müqavilə bağlayarkən müqavilədə faiz borcu nəzərdə tutulmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2019-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, Cavabdeh İddiaçı 3500manat borc pul almış, həmin pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Təqdim edilmiş müqavilədə borcun ödənilmədiyinə görə faiz borcunun hesablanmasına dair tərəflər arasında razılıq yoxdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi X1 müvafiq qərarı ilə 18 mart 2020- ci il tarixindən uçot dərəcəsini 7.25% səviyyəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi üzrə öhədliyin icra edilməməsi ilə bağlı faiz borcunun cavabdehdən alınmasını tələb edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsində faiz borcunun hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar