Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-367/2025 17.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Orbit-Ay LTD MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Orbit-Ay LTD MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Orbit-Ay LTD MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 10167,20 manat təşkil edən 5980 ABŞ dolları pul vəsaitinin və 28940 manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və ödənilmiş 208.2 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-33/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş İddiaçı MMC və X3 zərərçəkmiş şəxs qismində tanınmışlar. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 5980 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirərək mənimsəməsinə dair epizod üzrə X1 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, həmin epizod üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı (MMC) direktorunun xx.xx.2016-cı il tarixli, 16 №-li əmrinə əsasən həmin cəmiyyətin direktor müavini vəzifəsində işləyərkən direktor tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli etibarnamə əsasında cəmiyyətin bütün maliyyə, mühasibat, alqısatqı və bank əməliyyatlarının aparılması səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək İddiaçı MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən “Nikoyl İKB” (hazırda “Yelo Bank”) ACS-nin 4 saylı filialındakı hesabından satış əməliyyatlarında istifadə edilməsi üçün İddiaçı MMC-nin hesabına mədaxil edilmiş, X2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 10167,20 manat təşkil edən 5980 ABŞ dolları nağd pul vəsaitini imzaladığı xx.xx.2017-ci il tarixli, 216651 №-li bank çeki əsasında qəbul edərək şəxsi ehtiyaclarına xərcləyib xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını mənimsəmişdir; Bundan başqa Cavabdeh İddiaçı MMC-nin direktor müavini vəzifəsində işləyərkən direktor tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli etibarnamə əsasında cəmiyyətin bütün maliyyə, mühasibat, alqısatqı və bank əməliyyatlarının aparılması səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi təkrar özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək İddiaçı MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən “Nikoyl İKB” ACS-nin 4 saylı filialındakı hesabından28940 manat məbləğində cəmiyyətə məxsus satış pulunu imzaladığı xx.xx.2017-ci il tarixli, 145551 №-li bank çeki əsasında qəbul edərək şəxsi ehtiyaclarına xərcləyib xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrar mənimsəmişdir. xx.xx.2024-ci il tarixli Xəbərdarlıq (Pretenziya) məktubu ilə rəsmi qaydada məlumat verilmiş, vurulmuş ziyanın əvəzinin ödənilməyəcəyi təqdirdə, iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Orbit-Ay LTD MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, vergi borcları iddiaçı tərəfindən silinərsə işləyib borcunu ödəyə bilər. Törətmədiyi cinayət əməlinə ona cəza təyin edilmiş, azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-33/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Qeyd edilən hökmlə Cavabdeh öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş İddiaçı MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən “Nikoyl İKB” ACS-nin 4 saylı filialındakı hesabından 5980 ABŞ dolları və 28940 manat məbləğində pulu çıxararaq mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı MMC-nin təsiscisi tərəfindən Bakı şəhər Mərkəzi Vəkil Bürosunun hesabına 320 manat xidmət haqqı ödənilmişdir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus 5980 ABŞ dolları və 28940 manat pulu mənimsəmişdir. Qeyd edilən hal Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-33/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda İddiaçı MMC-yə məxsus 5980 ABŞ dolları və 28940 manat pul cavbdehin qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 208.20 manat və hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5980 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi və 28940 manat pul manat məbləğində pul, 208.20 manat dövlət rüsumu və hüquqi yardıma görə 320 manat alınaraq İddiaçı MMC-yə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5980 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi və 28940 manat pul manat məbləğində pul, 208.20 manat dövlət rüsumu və hüquqi yardıma görə 320 manat alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-367/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-367/2025
17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver