Məhkəmə qərarları › İş №e-2(046)-692/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-692/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-692/2021 14.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmildi Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı xxxx ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 14 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxx» ASC məhkəmədə iddia qaldıraraq sığorta müqaviləsinə əsasən 3168 manat məbləğində sığorta ödənişinin və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsində göstərmişdir ki, «xxxx» ASC ilə sığortalı Cavabdeh idarə etdiyi «VAZ21065» markalı, K565BY93 dövlət qeydiyyat nişanlı avtomobil 06.07.2019-cu il tarixdə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» müqaviləsi ilə sığortalanmışdır. Həmin sığorta müqaviləsinə əsasən «VAZ21065» markalı, K565BY93 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti «xxxx» ASC-də sığortalanmışdır. 19.09.2019-cu il tarixində Cavabdeh «VAZ21065» markalı, K565BY93 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən «VAZ 21150» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Göyçay RPŞ DYPB-i tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyi müəyyən edilmişdir. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə zamanı «VAZ 21150» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3168 manat maddi ziyan dəymişdir. Qeyd edilən zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Buna görə də tələbin təmin edilməsini xahiş edilir. Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, sürücülük hüququ olmadan avtomobili idarə etmiş, yol nəqliyyat hadisəsi törtətmişdir. Avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş 07.11.2019-cu il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 19.09.2019-cu il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi «VAZ21065» markalı, K565BY93 dövlət nömrə nişanlı avtomaşını etibarnamə və sürücülük hüququ olmadan idarə edərkən «VAZ 21150» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sonuncuya maddi zərər dəymişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəməyə təqdim edilmiş Sığorta aktının surətindən görünür ki, Cavabdeh 19.09.2019-cu il tarixdə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «VAZ21065» markalı, K565BY93 dövlət nömrə nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, X1 məxsus «VAZ 21150» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə «VAZ 21150» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 3168 manat zərər dəymişdir. Məhkəməyə təqdim edilmiş Plastik kartların Təhvil-Təslim aktından görünür ki, 19.09.2019cu il tarixdə baş vermiş sığorta hadisəsi zamanı VAZ 21150 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomibilin sahibi X1 3168 manat sığorta ödənişinin alınması üçün plastik kart verilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 19.09.2019-cu il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi «VAZ21065» markalı, K565BY93 dövlət nömrə nişanlı avtomaşınla «VAZ 21150 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı VAZ 21150 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 3168 manat maddi ziyan dəymişdir. «xxxx» ASC maddi ziyan dəymiş VAZ 21150 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X1 3168 manat məbləğində sığorta ödənişi etmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı «xxxx» ASC ilə «VAZ21065» markalı, K565BY93 dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsi arasında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» müqaviləsinə əsasən iddiaçının ödənilmiş əvəzin miqdarını geriyə tələb hüququ yaranmışdır. Göründüyü kimi iddiaçının tələbi əsaslıdır. İddia təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3168 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar