Məhkəmə qərarları › İş №e-2(046)-846/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-846/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-846/2025 22.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı «X5» X8 nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X5» X8 Cavabdeh qarşı istifadəyə verilən aktivlərin natura şəklində geri qaytarılması tələbinə dair mülki işə məhkəmə baxışına hazırlığın icraatı zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X5» X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 1 aprel tarixli 2022/ÖM/00439 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30- 200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900),1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/6 HZ 1200W, Xcort XVC0130)1, ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı «X5» X8 nümayəndəsi X6 iddianı müdafiə etdi,iddianın təmin olunması üçün zəruri olan sübutların təqdim olunmasını bildirdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi X3 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,tərəflər arasında müqavilə xx.xx.2022-ci ildə bağlanmış,müqavilə müddəti xx.xx.2023-cü ildə başa çatmışdır. İstifadəyə verilmiş aktivlər müqavilə müddəti başa çatdıqdan sonra təmsil etdiyi şəxsin mülkiyyəti sayılmalıdır. İddia ərizəsinə əlavə edilmiş «Özünüməşqulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli,2022/ÖM/00439 nömrəli müqavilədən görünür ki,özünüməşqulluq proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh «Avtotəmizləmə xidmətləri» zərfinə daxil olan aktivlər: 1 ədəd yuma aparatı,1 ədəd tozsoran (texniki) avtomobil salonunun təmizlənməsi üçün,1 ədəd köpük maye püskürtmə çəni ,1 ədəd hava kompressoru natura şəklndə verilmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, məhkəmə baxışına hazırlıq icraatına xitam verilməlidir. Belə ki, "X5” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi "X5” hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai idarəetmə sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Qeyd edilən maddənin məzmununa görə hər hansı təsisatın inzibati orqan hesab edilməsi üçün əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatının 5-ci bəndində göstərilmişdir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2017-ci il tarixli 57 nömrəli Qərarı ilə "İnzibati orqanların Təsnifatı"nın V bölməsinə "uyğun olaraq,” sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və” sözləri əlavə edilmişdir. Qeyd edilən qanunvericilik aktlarının tələbinə görə "X5” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə, hakimiyyət səlahiyyətlərindən istifadə edib ictimai idarəetmə sahəsində fəaliyyət göstərdiyindən o, da inzibati orqan hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ilə Cavabdeh arasında bağlanmış "Özünüməşğulluğa kömək göstərilməsinə dair” 01 aprel 2022-ci il tarixli, 2022/ÖM/00439 nömrəli müqavilə tərəflərin hüquq bərabərliyinə əsaslanan mülki müqavilə deyil, iddiaçı tərəfin cavabdehdən daha üstün vəziyyətdə olduğu inzibati müqavilədir.Mülki hüquqa aid müqavilələrdən fərqli olaraq, inzibati müqavilələr həmişə qanunla müəyyən edilmiş ictimai maraqların təmin edilməsi ilə bağlıdır və inzibati orqanlarının davamlı iştirakı ilə həyata keçirilir. İnzibati müqavilə publik hüquqi müddəalarla müəyyən edilmiş şərtlərlə inzibati orqan ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan ikitərəfli hüquqi aktdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri "İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsaən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki,iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 inzibati orqan hesab olunduğundan və onunla Cavabdeh arasında bağlanmış "Özünüməşğulluğa kömək göstərilməsinə dair” 01 aprel 2022-ci il tarixli, 2022/ÖM/00439 nömrəli müqavilə inzibati müqavilə olduğundan, onlar arasındakı mübahisəyə inzibati icraat qaydasında baxılmalı,hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə baxışına hazırlıq icraatına xitam edilməli,iddiaçıya məhkəmə aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170,261, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı «X5» X8 Cavabdeh qarşı qarşı istifadəyə verilən aktivlərin natura şəklində geri qaytarılması tələbinə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Tərəflərə izah olunsun ki,işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar