Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-20/2025 19.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, nikahlarını 26 yanvar 2000-ci ildə rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2000-ci il təvəllüdlü X1 adlı iki övladları anadan olmuşdır. Bildirir ki, hər iki övladı yetkinlik yaşına çatmışdır. Laçın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş və birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən mağaza və şörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi onların arasında bölünməklə həmin daşınmaz əmlakın ½ hissəsinə onun, ½ hissəsinə isə cavabdehin payının müəyyən olunması qət edilmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir. Hesab edir ki, həmin qeyri-yaşayış sahəsi onların arasında naturada bölünməlidir. Qeyd edilən səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də ünvan 1 ünvanda yerləşən mağaza və şörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsinin onların arasında naturada bölünməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manat rüsumun da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil və Cavabdeh lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı və Cavabdeh isə məhkəmə iclasına gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, mülki işə tərəflərin iştirakları olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Laçın Rayon Məhkəməsinin 2(047)-306/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhər VVAQ şöbəsində 19 nömrəli qeydlə bağlanmış nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi onların arasında bərabər şəkildə bölünməklə həmin daşınmaz əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə İddiaçı mülkiyyət hüququ tanınmış və bu barədə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 359 nömrəli reyestr kitabının 33865 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/131 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsinin tikililərin faktiki təyinatlılığına uyğun olaraq, tədqiq olunan qeyriyaşayış sahəsinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq tikililərin sayını, iki istiqamətdən ayrı-ayrı giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, tədqiq olunan qeyriyaşayış sahəsinin tikililərinin tərəflərin ½ payına uyğun təcrid formada bölünməsinin texniki cəhədən mümkün olduğu müəyyən edilmişdir. Bölgü zamanı, hansı işlərin aparılması rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş plan-sxemdə ətraflı göstərilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş mediator Fərid İmanov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı ailə mübahisəsi üzrə mediatora müraciət etmiş, lakin Cavabdeh xx.xx.2022-ci il tarixə saat 12:30-12-50 də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə müvafiq arayış tərtib olunmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi hər birinin ½ hissədə payı olmaqla İddiaçı ilə Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada bölünməsini xahiş edir. Mübahisəli qeyri-yaşayış sahəsinin naturada bölgüsünün texniki cəhətədən mümkün olubolmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyində ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsinin tikililərin faktiki təyinatlılığına uyğun olaraq, tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq tikililərin sayını, iki istiqamətdən ayrı-ayrı giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin tərəflərin ½ payına uyğun təcrid formada bölünməsinin texniki cəhədən mümkün olduğu müəyyən edilmişdir. Bölgü zamanı, hansı işlərin aparılması rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş plan-sxemdə ətraflı göstərilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin bölünməsinə dair təklif olunan bölgü variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşır və hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi rəydə müəyyən olunduğu kimi tərəflər arasında naturada bölünməlidir. Həmin sxemləri məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab etmişdir ki, ayrılmış sahələrdən tam və maneəsiz istifadənin təmin edilməsi və hər iki tərəfin hüquqlarının təmin edilməsi nöqteyi nəzərdən ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi ekspert rəyinə əlavə edilmiş plan-sxemdəki koordinatlara uyğun olaraq, tərəfləri 19,6 kvadrat metr, 5,7 kvadrat metr və 16,7 kvadrat metr olan dördbucaq hissəsi İddiaçı, həmin qeyri-yaşayış sahəsinin tərəfləri 35,4 kvadrat metr və 6.6 kvadrat metr olan digər bir hissəsi isə Cavabdeh naturada ayrılmalıdır. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Qeyd edilən Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Yenə həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, qeyri-yaşayış sahəsi ekspertiza rəyində göstərildiyi kimi tərəflər arasında naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci isə cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi İddiaçı ilə Cavabdeh arasında hər birinə məxsus ½ hissədə olmaqla, iş materiallarına əlavə edilmiş ekspertiza rəyindəki plan-sxem üzrə naturada bölünsün. ünvan 3 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsi ekspert rəyinə əlavə edilmiş plan-sxemdəki koordinatlara uyğun olaraq, tərəfləri 19,6 kvadrat metr, 5,7 kvadrat metr və 16,7 kvadrat metr olan dördbucaq hissəsi İddiaçı, həmin qeyri-yaşayış sahəsinin tərəfləri 35,4 kvadrat metr və 6,6 kvadrat metr olan digər bir hissəsi isə Cavabdeh naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-20/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-20/2025
19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver