Məhkəmə qərarları › İş №e-2(047)-473/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-473/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-473/2024 21.08.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və onunla normal münasibətləri olmuşdur. Belə ki, təxminən 2021-ci ilin yay aylarında Cavabdeh ona təklif edib ki, 4000 manat Cavabdeh pul versin və cavabdeh də iki ədəd “Toyota Prius” avtomobili kirayələyərək taksi kimi fəaliyyətə buraxacaqdır. Avtomobillərdən əldə olunacaq gəlirlərdən birinin qazancı ona, digərinin qazıncı isə Cavabdeh qalacaqdır. 3 ildən sonra isə avtomobillər ona qalacaqdır. Cavabdehla bu formada razılaşmaya səbəb isə işi o, yönəldəcək və nəzarət edəcəkdi. Avtomobillərin gəlirlərindən aslı olmayaraq cavabdeh hər gün ona 25 manat pul verməli idi. Razılaşmaya görə iş baş tutmasaydı cavabdeh onun 4000 manatını tam formada geri qaytaracaq və avtomobillər ona qalacaqdı. Razılaşdırıldığı kimi onlar birlikdə avtomobilləri kirayələmiş və idarəetməni Şəmşirə həvalə etmiş, bundan sonra cavabdeh ilk günlər vaxtı-vaxtında ödəniş etsə də, sonradan ödənişləri ləngitməyə başlamış, daha sonra Cavabdeh ümumiyyətlə ödənişləri dayandırmışdır. O, Cavabdeh avtomobilləri ona təhvil verməsini tələb etdikdə isə cavabdeh avtomobillərin xarab olduğunu və bu səbəbdən sahibinə geri qaytardığını bildirmişdir. O, aralarında olan razılaşmaya görə verdiyi pulu tələb etməyə başlamış, lakin cavabdeh yenə də yayınmağa başlamış, halhazıradək onun pulunu geri qaytarmır. Məhkəməyə müraciət etməmişdən əvvəl Qaradağ RPİ-nin 10-cu PŞ-nə müraciət etmiş, Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu qərardan narazı qaldığı üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarına əsasən Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli“ cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, əlavə araşdırmanın aparılması üçün qərarın surəti və rədd materialı Qaradağ rayon prokurorluğuna göndərilmişdir. Yenidən araşdırma aparılmış və Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Zamin Həsənov tərəfindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Hər iki rədd qərarlarında Cavabdeh ona borclu olduğunu etiraf etmiş və əlinə pul gələn kimi pulu ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Bu səbəbdən o, pozulmuş huquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, cavabdehlə razılaşmaya görə hər gün üçün ona 25 manat gəlir verməli idi və sonda avtomobillər ona qalmalı idi. Cavabdeh nəinki avtomobilləri qaytarmamış, ondan aldığı 4000 manatını da mənimsəmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən o, həm şəxsi vəsaitindən, həm də gəlirindən olmuşdur. Hətta cavabdeh 7-8 ay ərzində ona ödəməli olduğu gəlirlərini də özü üçün mənimsəmişdir. Hesab edir ki, cavabdeh ona dəymiş mənəvi zərərə görə də 2000 manat məbləğində pul ödəməlidir və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Ona görə də Cavabdeh onun xeyrinə 4000 (dörd min) manat məbləğində əsas pulun, əldən çıxmış faydaya görə 2000 (iki min) mаnаt pulun, cəmi 6000 (altı min) manat məbləğində pul vəsаitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10cu Polis Şöbəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarının məzmunundan görünür ki, Cavabdeh İddiaçı cəmi 4000 manat pul borclu olduğunu etiraf etmiş, həmin pulu hissə-hissə ödəyəcəyinə söz vermiş və ona görə də qeyd edilən məsələ mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan əlavə, MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qəararına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2021-ci ilin yay aylarında öz aralarında razılığa gələrək Cavabdeh 4000 manat borc pul vermiş və Cavabdeh da həmin pulun müqabilində iki ədəd “Toyota Prius” avtomobili kirayələyərək taksi kimi fəaliyyətə başlamışdır. Həmçinin tərəflər arasında olan razılığa əsasən avtomobillərdən əldə olunacaq gəlirlərdən birinin qazancı İddiaçı, digərinin qazıncı isə Cavabdeh çatacaq və üç ildən sonra isə avtomobillər iddiaçıya qalacaqdır. Bundan sonra cavabdeh ilk günlər vaxtı-vaxtında ödəniş etsə də, sonradan ödənişləri ləngitməyə başlamış, daha sonra Cavabdeh ümumiyyətlə ödənişləri dayandırmışdır. İddiaçı Cavabdeh avtomobilləri ona təhvil verməsini tələb etdikdə isə cavabdeh avtomobillərin xarab olduğunu və bu səbəbdən də sahibinə geri qaytardığını bildirmişdir. Daha sonra iddiaçı aralarında olan razılaşmaya görə cavabdehə verdiyi pulu tələb etməyə başlamış, lakin cavabdeh yenə də iddiaçının borcunu qaytarmaqdan imtina edərək iddiaçının pulunu geri qaytarmamışdır. Ona görə də iddiaçı bu barədə Qaradağ RPİnin 10-cu PŞ-nə müraciət etmiş və sonda Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Zamin Həsənov tərəfindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh iddiaçıya 4000 manat borclu olduğunu etiraf etmiş və əlinə pul gələn kimi pulu ödəyəcəyini bildirmişdir. Bundan sonra da iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən pul məbləğinin ona ödənilməsini tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan həmin pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə İddiaçı Cavabdeh iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində 2000 manat mənəvi ziyanın, eyni zamanda iddia ərizəsinin xahiş edirəm hissəsində isə əldə çıxmış fayda qismində 2000 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də hər iki halda da öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yəni iddiaçı vəsaitdən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bilmədiyindən, eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi sübuta yetirilmədiyindən məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməli olduğunu bildirir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4000 manat pulun alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 80 (səksən) manat dövlət rusumunun 60 (altmış) manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 20 (iyirmi) manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat borc pul və ödənilmiş dövlət rüsumunun 60 (altı) manatı alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat borc pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu, cəmi 4060 (dörd min altmış) manat pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar