Məhkəmə qərarları › İş №e-2(047)-773/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-773/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-773/2024 14.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh 8500 manat dəyərində şənlik aksessuarları satmış, lakin cavabdeh qeyd edilən məbləği bu günədək ona geri qaytarmamışdır. Bundan başqa Cavabdeh ona 8500 manat borcunun olduğunu etiraf etmiş və bu haqda özü xx.xx.2023-cü il tarixdə qəbz də yazmışdır. Belə ki, cavabdeh həmin qəbzdə təsdiq etmişdir ki, ona 8500 manat borcu var. Həmçinin, qeyd edilən qəbzdə həmin borcun xx.xx.2023-cü il tarixdə 3.000 manatını, xx.xx.2023-cü il tarixdə isə 5500 manatını ödəməyi öz öhdəsinə götürdüyünü də bildirmişdir. Bundan əlavə ödənişi iddiaçının bank kartına ödəyəcəyini, qəbzini özündə saxlayacağını və ödəniş etmədikdə isə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımağa hazır olduğunu da bildirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, yəni 8500 manat borcu ödəmədiyindən o, bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng etmiş, Bakı şəhəri Nəsimi rayon 19-cu polis bölməsi tərəfindən araşdırma aparılaraq cavabdehin izahatı alınmış, cavabdeh izahatında ona borcunun olduğunu etiraf etmiş, 2024-cü ilin may ayında ona olan borcunun yarısını və qalanını isə sonrakı aylarda ödəyəcəyini bildirmişdir. Onun müraciəti mülki xarakterli olduğundan Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin gündən bu günə kimi cavabdeh ona olan 8500 manat borcunu ödəməmişdir. Beləliklə də hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu da könüllü olaraq ona qaytarmaq istəmir. Artıq cavabdeh tərəfindən aldanıldığını başa düşmüş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 8500 manat pulun və ödədiyi 106 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8500 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin borcun xx.xx.2023-cü il tarixdə 3000 manatını, xx.xx.2023-cü il tarixdə isə 5500 manatını ödəməyi öz öhdəsinə götürmüş və bu barədə hal şahidlərinin iştirakı ilə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı 8500 manat dəyərində şənlik aksessuarları aldığını etiraf etmiş, 2024-cü ilin may ayında İddiaçı olan borcunun yarısını və qalanını isə sonrakı aylarda ödəyəcəyini bildirmiş, bundan sonra İddiaçı müraciəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan əlavə, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı 8500 manat dəyərində şənlik aksessuarları almış və bundan sonra Cavabdeh İddiaçı 8500 manat məbləğində borcu olduğunu etiraf edərək həmin borcun xx.xx.2023-cü il tarixdə 3000 manatını, xx.xx.2023-cü il tarixdə isə 5500 manatını ödəməyi öz öhdəsinə götürmüş və bu barədə hal şahidlərinin iştirakı ilə qəbz də yazaraq imza edib iddiaçıya təqdim etmişdir. Lakin qeyd edilən borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyindən iddiaçı bu barədə Bakı şəhəri Nəsimi RPİ-nə müraciət etmiş, lakin qeyd edilən məsələ mülki xarakterli olduğundan həmin idarənin istintaq şöbəsinin baş müstəntiqi Süleyman Quluzadə tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda da Cavabdeh İddiaçı 8500 manat dəyərində şənlik aksessuarları aldığını etiraf etmiş, 2024-cü ilin may ayında İddiaçı olan borcunun yarısını və qalanını isə sonrakı aylarda ödəyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən pul məbləğinin ona ödənilməsini tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan həmin pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 8500 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 106 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pul və ödənilmiş 106 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pul və ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar