Məhkəmə qərarları › İş №e-2(048)-78/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-78/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-78/2025 04.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru Cavabdeh 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri-ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri-ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsi bu qanun pozuntularının qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanusuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasən kimiyabiologiyaya, biologiya-kimyaya, riyaziyyat-fizikaya, fizika-riyaziyyata və informatikariyaziyyata mahiyyət etibarı ilə yaxın fənlərdir. Orand kənd orta məktəbinin direktoru Cavabdeh isə Nazirlər Kabinetinin qərarını öz yaxınlarının xeyrinə dəyişərək qanunsuz dərs bölgüsü aparmışdır. Məktəbin direktoru Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək öz qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri-ixtisas dərslərinin tədrisini tapşıraraq övladının keyfiyyətli təhsil almaq hüququnu pozmuşdur. İxtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri-ixtisas olan Biologiya fənnindən necə diaqnostik imtahanda və kurikulum üzrə təlim kursunda iştirak edib və hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifikat verib və nəyin müqabilində?! İdman müəllimi Ramizin oğlu olan kollec təhsilli ibtidai sinif müəllimi Rəhimov Mustafa necə diaqnostik imtahanda iştirak edib və hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat verib? Bu şəxs 5-11-ci sinfə kimi 2021-2022-ci tədris ilində riyaziyyatdan dərsləri əvəzçilik qaydasında tədris edib? Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi Texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Cavabdeh musiqidən hansı kurikulum kursunun sertifikatını alıblar və hansı yolla? Rəhimovlar ailəsi qeyri-ixtisas fənlərindən hansı təlim kurslarından keçərək qeyri-ixtisas fənlərinin peşəkarcasına bilmələri ilə bağlı verilmiş rəylərlə onun bir valideyn kimi tanış olmaq hüququ vardır. Çünki bu müəllimlər onun azyaşlı övladıma guya bilik öyrədirlər. Məktəb dövlət müəsissəsidir, dövlət vəsaiti hesabına maliyyələşir, aşkarlıq, şəffaflıq və demokratik prinsiplərlə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlarının şəxsi müəsissəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri-ixtisas fənnləri olan kimya, biologiya, informatika, musiqi, riyaziyyatı hətta dərnək saatlarını da guya tədris edirlər. Belə ki, ata idman müəllimi olan Rəhimov Ramiz və oğul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov dərnək saatlarının pulunu da tədris adıyla mənimsəyirlər. Cavabdeh məktəbdə dərslərin tədrisi düşündürmür. O, özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Bununla da övladlarının keyfiyyətli təhsil almaq hüququnu məhdudlaşdırırlar. Cavabdeh yuxarıda adlarını qeyd etdiyi qardaşları və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün o, qonşu məktəblərdən saat hesabı da olsa ixtisaslı müəllim gətirmək isdəmir ki, qardaşları və qohumlarını qanunsuz dərs yükü ilə təmin etsin. Təhsil haqqında qanunları Baş Nazir, Elm və Təhsil Nazirliyi imzalayır. Ancaq yazılmış qanunları da Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblər düzgün icra etmir. Bu məktəbdə qeyri-ixtisas dərslər, fərdi məşğəllələri, fakultətiv və dərnəkləri, hətta əvəzçilik qaydada keçirilən dərsləri də Rəhimovlar tədris edir. Bu məktəbdə Azərbaycan Respublikasının Təhsil haqqında qanun və təlimatlar düzgün tətbiq olunmur. İdman müəllimi olan direktorun qardaşı Ramiz Rəhimova verilmiş qanusuz Biologiya dərslərin qanuniləşdirməsindən ötrü gah Nazirlər Kabmetinin qərarına uyğun verilməsini, gah Biologiya ixtisasından sertifikatın olmasını gah da bu dərsin uzun müddət Ramiz Rəhimovun tədris etməsini bəhanə gətirərək Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının kefiyyətli təhsil alma hüququnu pozurlar. Dəfələrlə Elm və Təhsil Nazirliyinə Orand kənd tam orta məktəbində aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla apardığı haqında müraciət etsə də müraciətindən yayınaraq müraciətinə aid olmayan cavablar verərərək valideyn kimi onun hüququnu pozmuşlar. Hansı qanunda yazılıb ki, Kimya fənni Fizika fənninə, Biologiya fənni Bədən tərbiyəsi fənninə (kollec təhsilli), İbtidai sinif fənni 5-11-ci siniflər üzrə riyaziyyat fənninə, Texnologiya fənni İnformatika fənninə, Texnologiya fənni musiqi fənninə yaxın fənlərdir. O, bir valideyin kimi dəfələrlə müraciət etsə də, Elm və Təhsil Nazirliyindən yuxarıda qeyd etdiyi dərs bölgüsünün hansı qanun və təlimatla apardıqları barədə cavabı ala bilməmişdir. Onun bir valideyn kimi həmin illərdə aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla aparılması ilə tanış olma hüququ bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixindən Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsinin müvəqqəti icrası ona həvalə olunmuş, 14 oktyabr 2022-ci ildən isə məktəb direktoru vəzifəsinə təyin edilmişdir. 180 yerlik Orand kənd tam orta məktəbinin binası 2019-cu ildə tikilib istifadəyə verilmişdir. Hal-hazırda məktəbdə 127 şagird təhsil alır, 20 nəfər pedaqoji heyət, 13 nəfər isə tədris-yardımçı və texniki işçi çalışır. Təyinat aldığı müddətə qədər məktəb direktoru vəzifəsində şikayətçi İddiaçı qardaşı X45 çalışmışdır. İddiaçı tərəfindən edilən şikayətlərə tədris illəri üzrə aydınlıq gətirmək istəyir. Belə ki, 2021-2022-ci tədris ilində İddiaçı övladı X24 məktəbin 4-cü sinfində oxumuş, onun dərslərini ixtisaslı ibtidai sinif müəllimi X15 tərəfindən ana dili, riyaziyyat, informatika, musiqi, texnologiya, həyat bilgisi, talış dili, fiziki tərbiyə dərslərini tədris etmiş və xarici dil fənni (ingilis dili) isə ingilis dili müəllimi X46 tərəfindən tədris edilmişdir. Qeyd edir ki, ümumtəhsil məktəblərinin 4-cü sinfində kimya və biologiya fənləri tədris olunmur. 2022-2023-cü tədris ilində İddiaçı övladı X24 məktəbin 5-ci sinifində oxumuşdur. Həmin sinifdə tədris planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat dərslərini Azərbaycan dili və ədəbiyyatı müəllimi X38, riyaziyyat dərslərini riyaziyyat müəllimi X11, təbiət fənni ali təhsilli fizika müəllimi X12, fiziki fərbiyə fənni fiziki tərbiyə müəllimi X19, texnologiya fənni ali təhsilli texnologiya müəlimi X47, xarici dil (ingilis dili) əsas fənn kimi orta ixtisas təhsilli ingilis dili müəllimi X16, Azərbaycan tarixi fənni tarix müəllimi X17, rus dili (ikinci xarici dil) fənni rus dili müəllimi X6, təsviri incəsənət fənni ali təhsilli UTF və texnologiya müəllimi tədris etmişdir. Vakant elan olunmuş informatika və musiqi fənləri üzrə dərs saatlarına ixtisaslı müəllim təyinatı olmadığı üçün, qonşu məktəblərə sorğu göndərilmiş, lakin qonşu məktəblərdə ixtisaslı müəllim olmadığı üçün ixtisaslı müəllim gətirilməsi mümkün olmamışdır. İnformatika dərslərini məktəbin riyaziyyat müəlliminin dərs yükü (35 saat) imkan vermədiyi üçün ona həvalə edilməmişdir. Məktəb Pedaqoji Şurasının qərarı ilə informatika dərslərini məktəbin ali təhsilli informatika sahəsi üzrə bacarığı olan texnologiya müəllimi X31, musiqi dərslərini isə ibtidai sinif müəllimi X1 müəllim təyinatı olanadək həvalə edilmişdir. Qeyd edir ki, ümumtəhsil məktəblərinin 5-ci sinfində kimya və biologiya fənləri tədris olunmur. 2023-2024-cü tədris ilində İddiaçı övladları X20 məktəbin 1-ci sinfində və X24 məktəbin 6-cı sinfində oxumuşlar. 6-cı sinifdə Azərbaycan dili və ədəbiyyat fənni Azərbaycan dili və ədəbiyyatı müəllimi X38, riyaziyyat fənni riyaziyyat müəllimi X11, İnformatika fənni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərətindən müddətli müqavilə ilə təyin olunmuş ixtisaslı informatika müəllimi X32, Azərbaycan tarixi və ümumi tarix fənnləri tarix müəllimi X33, coğrafiya fənni ali coğrafiya müəllimi X21, təsviri incəsənət fənni ali təhsilli UTF və texnologiya müəllimi Cavabdeh, texnologiya fənni ali təhsilli texnologiya müəllimi X47, xarici dil (ingilis dili) əsas fənn kimi ingilis dili müəllimi X16, ikinci xarici dil (rus dili) fənni X6 tədris etmişdir. Musiqi fənni üzrə ixtisaslı müəllim olmadığı üçün fənn uyğunluğu nəzərə alınaraq məktəbin ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi X34 tərəfindən tədris olunmuşdur. Qeyd edir ki, ümumtəhsil məktəblərinin 6-cı sinfində kimya və biologiya fənləri tədris olunmur. 1-ci sinifdə İddiaçı övladı X7 dərslərini ana dili, riyaziyyat, informatika, musiqi, texnologiya, həyat bilgisi, fiziki tərbiyə, talış dili fənnlərinin tədrisi ixtisaslı sinif müəllimi X35, xarici dil (ingilis dili) fənni isə ixtisaslı ingilis dili müəllimi X16 tərəfindən tədris edilmişdir. İddiaçı 1-ci sinifdə ixtisaslı informatika müəllimi olduğu halda övladı X7 informatika fənni həmin sinifdə dərs deyən ibtidai sinif müəllimi tərəfindən tədris olunmağının səbəbi ilə bağlı isə bildirmək istəyir ki, informatika müəlliminin müddətli müqavilə ilə işləməsi və dərslərinin 2 günə dərs cədvəlində salınması, ibtida siniflərdə informatika fənnlərinin tədrisinə imtina və ikinci iş yeri üçün şərait qurulması haqqında ərizə ilə ona müraciəti olmuşdur. 2024-2025-ci tədris ilində isə İddiaçı övladları X24 məktəbin 7-ci sinifində, X20 isə məktəbin 2-ci sinfində təhsil alırlar. X13 oxuduğu 7-ci sinifdə tədris olunan bütün fənləri musiqi fənnindən başqa ixtisaslı fənn müəllimləri tərəfindən tədris olunur. Musiqi dərslərini isə ixtisaslı müəllim olmadığı üçün fənn uyğunluğu nəzərə alınaraq ixtisaslı müəllim təyinatı olanədək məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi X3 tərəfindən tədris olunur. Azərbaycan dili və ədəbiyyatı fənni Azərbaycan dili və ədəbiyyatı müəllimi X3, riyaziyyat fənni riyaziyat müəllimi X11, kimya və biologiya fənnləri biologiya müəllimi X25, fizika fənni fizika müəllimi X12, coğrafiya fənni coğrafiya müəllimi X21, ümumi tarix və Azərbaycan tarixi fənləri tarix müəllimi X33, təsviri incəsənət fənni ali təhsilli UTF və texnologiya müəllimi Cavabdeh, texnologiya fənni ali təhsilli ixtisalı texnologiya müəllimi X47, əsas xarici dil (ingilis dili) fənni İngilis dili müəllimi X26, rus dili (ikinci xarici dil) fənni X6 tərəfindən tədris olunur. 2021-2022-ci, 2022-2023-cü, 2023-2024 və 2024-2025-ci tədris illərində Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbində dərs bölgüsü Məktəb Pedaqoji Şurasında müzakirə olunaraq qərar qəbul olunmuş və həmin qərar məktəb rəhbərliyi tərəfindən əmrləşdirilərək rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh iddia ərizəsinə etirazın məzumuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X22 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ibtidai sinif müəllimi 1-ci sinifdən 4-cü sinfə qədər bütün fənləri tədris edir. 5-ci sinifdən fənn bölgüləri həyata keçirilir. Dərs bölgüsünə gəldikdə isə məktəbdə mövcud dərs saatlarına uyğun aprel ayında növbəti tədris ili üçün proqnoz planlaşdırılması gedir. Tədris ili təqvim ili deyil. Tədris ili 15 sentyabrdan başlayır gələn ilin 14 iyununa qədər davam edir. Məktəbdə mövcud dərslərə uyğun vakansiya elan olunur. Çatışmayan dərslər vakansiyaya çıxarılır və Elm və Təhsil Nazirliyinə göndərilir. Dərslər başlayana kimi X44 tərəfindən imtahan keçirilir, uğur qazananlar Elm və Təhsil Nazirliyində müsabiqədən keçir və müsabiqədən uğur qazanan müəllimlər göndəriş alırlar və təyinatla məktəbdə dərs deməyə gəlirlər. Bu proses baş tutmadıqda məktəbi boş saxlamaq olmaz. Nazirlər Kabinetinin mövcud qərarına əsasən hansı dərsləri hansı dərslər əvəz edə bilər. Məktəbin yerləşdiyi əraziyə yaxın məktəblərə məktublar göndərilir ki, hansı dərslər boşdur. İstəyi olan müəllimlər dəvət olunur, məcbur heç bir müəllimi dəvət etmək olmur. Müəllim əgər ixtisas üzrə olmadıqda bunu analoji dərslərə uyğun icazə verilən müəllimlər əvəz edə bilər. Bundan başqa məktəbin direktoru və müavini dərs bölgüləri aparır. Dərs bölgüləri aparılandan sonra bu məsələ Pedoqoji şuranın müzakirəsinə çıxarılır. Pedoqoji Şurada bunlar müzakirə olunandan sonra təsdiq olunur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 28 nömrəli arayışdan görünür ki, İddiaçı övladı X24 2021-2022-ci tədris ilində məktəbin 4-cü sinfində oxumuşdur. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, İddiaçı övladı X24 2022-2023-cü tədris ilində məktəbin 5-ci sinfində oxumuşdur. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı övladları 2023-2024-cü tədris ilində X20 məktəbin 1-ci sinfində, X24 məktəbin 6-cı sinfində oxumuşlar. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31 nömrəli arayışdan görünür ki, İddiaçı övladları 2024-2025-ci tədris ilində X20 məktəbin 2-ci sinfində, X24 məktəbin 7-ci sinfində oxuyurlar. - Lerik rayonu Şinəband kənd orta məktəbinin direktoru Habil Talıbov tərəfindən Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 97 nömrəli məktubundan görünür ki, hal-hazırda məktəblərində biologiya, musiqi ixtisasları üzrə müəllimlər yoxdur və həmin ixtisaslar üzrə fənnlər vakantdır. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən Pirasora kənd tam orta məktbin direktoru Alqış Xalıqova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, məktəbdə biologiya, kimya, İnformatika, musiqi, İngilis dili, fənnləri vakantdır, müəllim təyinatı olmamışdır. Adı qeyd olunan fənnlər üzrə Sizin məktəbdə müəllim varsa və gəlməyi imkan verirsə həmin fənn müəllimlərinə məktəbdə dərs verməyə şərait yaratmağı xahiş etmişdir. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən Anbu kənd tam orta məktəbinin direktoru Sabir İbadova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli məktubundan görünür ki, məktəbdə biologiya, kimya, İnformatika, musiqi, İngilis dili, fənnləri vakantdır, müəllim təyinatı olmamışdır. Adı qeyd olunan fənnlər üzrə Sizin məktəbdə müəllim varsa və gəlməyi imkan verirsə həmin fənn müəllimlərinə məktəbdə dərs verməyə şərait yaratmağı xahiş etmişdir. - Lüləkəran kənd tam orta məktəbin direktoru A.Ağayev tərəfindən Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 10 nömrəli məktubundan görünür ki, məktəblərində məktubda adları qeyd edilmiş fənnlər üzrə ixtisaslı kadr göndərilməsi məsələsi direktoryanı şurada müzakirə olunmuşdur. Göndərdiyi (informatika, kimya və biologiya) fənləri üzrə məktəblərində ixtisaslı fənn müəllimlərinin kifayət qədər dərs yükünün olduğunu nəzərə alaraq göndərə biləcəkləri uyğun ixtisaslı müəllimlərinin olmadığı bildirilmişdir. - Nuravud kənd tam orta məktəbin direktoru Vasif Heydərov tərəfindən Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2 nömrəli məktubundan görünür ki, S.Bəşirov adına Nuravud kənd tam orta məktəbində ixtisaslı informatika müəllimi çalışmır, biologiya ixtisaslı müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir və 12 saat dərs tədris edir. Kimya ixtisaslı müəllim 65 yaş həddinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq ikinci iş yeri kimi müəllimlərin sizə göndərilməsinin mümkün olmadığı bildirilmişdir. - Nuravud kənd tam orta məktəbin direktoru Vasif Heydərov tərəfindən Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hal-hazırda məktəblərində kimya, biologiya, musiqi ixtisası üzrə müəllimlər yoxdur və həmin ixtisaslar üzrə fənnlər vakantdır. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən Nuravud kənd tam orta məktəbin direktoru Vasif Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktəbdə təsviri incəsənət, musiqi və informatika fənnləri üzrə ixtisaslı müəllim yoxdur həmin fənnlər vakantdır. Fiziki tərbiyə müəllimin isə tam saatı olduğuna görə sizin məktəbə gəlməsi mümkün deyildir. - Lerik rayonu Şinəband kənd orta məktəbinin direktoru Habil Talıbov tərəfindən Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 84 nömrəli məktubundan görünür ki, hal-hazırda məktəblərində kimya, biologiya, musiqi, informatika, riyaziyyat ixtisasları üzrə müəllimlər yoxdur və həmin ixtisaslar üzrə fənnlər vakantdır. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh həmin məktəbin informatika müəllimi (müddətli müqavilə ilə işləyən) X32 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ikinci iş yerində işləmək istəyini nəzərə alıb onun dərslərini iki günə salmağı və ibtidai siniflərdə informatika dərslərindən imtina etmək istəyinin nəzərə alınmasını xahiş etmişdir. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh Nuravud kənd tam orta məktəbinin müqavilə ilə işləyən kimya-biologiya müəllimi Ə.Əzizov tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, səhhətində yaranan problemlə əlaqədar Orand Kənd tam orta məktəbində kimya-biologiya müəllimi kimi ikinci iş yeri kimi işləməkdən imtina etmişdir. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh Nuravud kənd tam orta məktəbinin müqavilə ilə işləyən kimya-biologiya müəllimi Ə.Əzizov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, səhhətində yaranan problemlə əlaqədar Orand Kənd tam orta məktəbində kimya-biologiya müəllimi kimi ikinci iş yeri kimi işləməkdən imtina etmişdir. - Orand Kənd tam orta məktəbinin direktoru Cavabdeh Nuravud kənd tam orta məktəbinin müqavilə ilə işləyən kimya-biologiya müəllimi Ə.Əzizov tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, səhhətində yaranan problemlə əlaqədar Orand Kənd tam orta məktəbində kimya-biologiya müəllimi kimi ikinci iş yeri kimi işləməkdən imtina etmişdir. - Lerik rayon Ə.Rzayev adına Orand kənd tam orta məktəbində keçirilən 01 fevral 2023-cü il tarixli 02 nömrəli Pedaqoji Şuranın protokolundan çıxarışdan görünür ki, dərs bölgüsü aşağıdakı formada təsdiq edilmişdir: 1. Cavabdeh - ali təhsilli UTF müəllimi, 5-9cu siniflərdə hər sinifdə 1 saat olmaqla təsviri incəsənət 5 saat, vakant informatika fənni müəllim təyinatı olana kimi X sinifdə 2 saat. 2. X8 - ali təhsilli məktəbin coğrafiya müəllimi Vİ-Xİ siniflər üzrə hər sinifdə 2 saat coğarafiya olmaqla (cəmi 12 saat) 3. X47 - məktəbin texnologiya müəllimi, təşkilatçı müavini, 5-9-cu siniflərdə hər sinifdə 1 saat olmaqla 5 saat texnologiya dərsləri, vakant 5-də 1, 6-da 1, 7-də 1, 8-də 1,9-da 1,11-də 2 saat olmaqla informatika dərslərin tədrisi ixtisaslı müəllim təyinatı olana kimi (cəmi 12 saat) 4. X2 məktəbin ibtidai sinif müəllimi 3-cü sinif üzrə 23 saat. 5. X12 - məktəbin fizika müəllimi, fizika fənni üzrə 6-11-ci siniflərdə 12 saat, təbiət fənni üzrə 5-ci sinifdə 2 saat, həyat bilgisi fənni üzrə 6-9-cu siniflərdə hər sinifdə 1 saat olmaqla 4 saat, 8-ci sinifdə 1 saat, 11-ci sinifdə 1 saat dərsdənkənar məşğələ, kimya fənni üzrə 7-11-ci siniflərdə 9 saat müəllim təyin olunana kimi, dərnək 3 saat cəmi 32 saat 6. X19 - məktəbin fiziki tərbiyə müəllimi, 5- 11-ci siniflərdə 14 saat fiziki tərbiyə, 7-11-ci siniflərdə biologiya 10 saat biologiya ixtisası üzrə müəllim təyin olunana kimi 4 saat dərnək. 7. X11 - riyaziyyat müəllimi, 5-11-ci siniflərdə 35 saat riyaziyyat dərsləri. 8. X39 - ali təhsilli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, 8,9,11-ci siniflərdə hər sinifdə 3 saat olmaqla Azərbaycan dili, ədəbiyyat 8-ci sinifdə 2 saat, 9-da 2, 11-də 2 saat dərsdənkənar məşğələ 9-da 1 saat, 11də 1 saat, dərnək 4 saat. 9. X38 - məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, 5,6,7,10-ci siniflərdə 24 saat Azərbaycan dili və ədəbiiyat, 6-da 1,7-də 1,10-da 2 saat dərsdənkənar məşğələ, 4 saat dərnək dərsləri olmaqla cəmi 32 saat. 10. X6 - məktəbin rus dili müəllimi, 5-11-ci siniflər üzrə 16 saat, 8-ci sinifdə 1 saat dərsdənkənar məşğələ cəmi 17 saat. 11. X17 - məktəbin tarix müəllimi, 5-11-ci siniflərdə Azərbaycan tarixi və ümumi tarix olmaqla 18 saat, 9-cu sinifdə 1 saat zəfər tarixi olmaqla cəmi 19 saat. 12. X9 - GÇQH rəhbəri 10-11-ci siniflərdə cəmi 4 saat 13. X5 - məktəbin ibtidai sinif müəllimi, məktəbəqədər hazırlıq qrupu üzrə 12 saat, vakant musiqi fənni müəllim təyinatı olana kimi 5-9-cu siniflər üzrə hər sinifdə 1 saat ( 5 saat) musiqi olmaqla cəmi 17 saat. 14. X15 məktəbin ibtidai sinif müəllimi, 1-ci sinifdə 21 saat, 4-cü sinifdə 1 saat təsviri incəsənət, 1 saat informatika cəmi 23 saat. 15. X23 - məktəbin ibtidai sinif müəllimi 2-ci sinif üzrə cəmi 22 saat, 3 saat dərnək. 16. X35 - məktəbin ibtidai sinif müəllimi, 4-ci sinif üzrə 22 saat. 17. X16 - Sorsçay ibtidai məktəbin ingilis dili müəllimi məktəbdə vakant 19 saat ingilis dili dərslərin tədrisi müəllim təyinatı edilənədək. - Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2846/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradı ilə İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru Cavabdehh oğlunun övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçı X30 Təhsil İdarəsinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru Cavabdehh oğlunun 2021-2022-ci,2022-2023-cü və 2023-2024cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsi bu qanun pozuntularının qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının kefiyyətli təhsil alma hüququnu pozduğu qeyd edir. Lakin Maraqlı şəxs İddiaçı hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Beləliklə də, o cavabdehə qarşı Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru Cavabdehh oğlunun övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022-ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınə tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırki tələblərə oxşar iddia növləri ilə iddiaçı bir neçə dəfə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-2560/2023 saylı, xx.xx.2023-cü il tarixli və həmin məhkəmənin 2-1(120)-5080/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə iddia mümkün hesab edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinini 2-1(106)-590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı verdiyi şikayət təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-2846/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı övladı X4 rayonu Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbində təhsil alır. İddiaçı hazırki tələbində övladının keyfiyyətli təhsil alma hüququnu pozmasını həmin məktəbin direktorunun Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək öz qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri-ixtisas dərslərinin tədrisini tapşırmaqla, məktəbdə Azərbaycan Respublikasının Təhsil haqqında qanun və təlimatlar düzgün tətbiq olunmaması, Cavabdeh məktəbdə dərslərin tədrisi düşündürməyərək onun özünün və qardaşlarının maddi rifahını düşünması və kimlərsə hansı məqsədlə onu himayə etməsi ilə əsaslandırmış, bunları 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanusuz hesab edilməsi ilə əlaqələndirmiş, göstərilənlərin qanunsuz sayılmasını iddia etməkə yanaşı onun bir valideyn kimi həmin illərdə aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla aparılması ilə tanış olma hüququnun bərpa olunmalı olmasını göstərmişdir. Cavabdeh isə iddiaya etiraz edərək etirazının əsası kimi 2021-2022-ci, 2022-2023cü, 2023-2024 və 2024-2025-ci tədris illərində Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbində dərs bölgüsünün konkret onun tərəfindən deyil, Məktəb Pedaqoji Şurasında müzakirə olunaraq qərar qəbul olunması və həmin qərarın da məktəb rəhbərliyi tərəfindən əmrləşdirilərək rəsmiləşdirilməsinə istinad etmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin tədris planları və “Tədris planlarına dair qeydlər” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Qəbul edilmiş tədris planına uyğun olaraq pedaqoji işçilərinin dərs yükü normalarını və vakansiyaları müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarına əsasən müəyyən edilir. Cavabdeh tərəfin izahatlarında da aydın olur ki, Lerik rayonu, Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbində hər tədris ili üçün dərs bölgüsü ixtisas müəllimləri arasında aparılır. Ümumtəhsil müəssisəsində dərs bölgüsü sertifikasiya imtahanı keçirilən fənlər üzrə sertifikasiya və digər fənlər üzrə isə müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməsinə əsasən məktəbin ali idarəetmə orqanı olan məktəb pedaqoji şurasında müzakirə olunaraq qərar qəbul olunur. Qəbul olunmuş qərar məktəb direktorunun əmri ilə əmrləşdirilir. Həmçinin müəyyən edilmişdir ki, "Müəllimlərin işə qəbulu qaydaları“ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 oktayabr 2023-cü il tarixli KQ-05 nömrəli qərarı ilə müəyənləşdirilir. Yeni tədris ili başlamazdan əvvəl ixtisaslı kadrlar olmayan fənlər üzrə dərs saatları müvafiq qaydalara uyğun olaraq işə qəbul üçün vakant elan olunur. Yeni tədris ilində məktəbə mərkəzləşdirilmiş qaydada Müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçərək təyinat almış kadrlarla əmək müqaviləsi məktəb direktoru tərəfindən bağlanılır və işə qəbul olunurlar. İxtisaslı kadr olmadıqda məktəb direktoru ixtisaslı müəllimlərin dəvət edilməsi üçün qonşu məktəblərə müraciət edir. Zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə yol verilir. Beləliklə də, müəyyən edilir ki, Əhəd Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbində dərs bölgüsü konkret olaraq direktorun deyil, Məktəb Pedaqoji Şurasında müzakirə olunaraq qəbul olunmuş qərarla və həmin qərarın məktəb rəhbərliyi tərəfindən əmrləşdirilərək rəsmiləşdirilməsi əsasında aparılır. Həmçinin məhkəmə qeyd edir ki, işin materiallarından da görünür ki, iddiaçının tələbində sadalanan məsələlər, yəni, konkret olaraq bir valideyin kimi iddiasında qeyd etdiyi dərs bölgüsünün hansı qanun və təlimatla aparılması barədə dəfələrlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müracitləri olmuş, lakin bu cavablar iddiaçını qane etməmiş, müraciətinə verlən cavabları müraciətinə aid olmayan və valideyn kimi onun hüququnu pozması kimi qiymətləndirmiş, bundan sonra isə iddiasında sadalananların cavabdeh tərəfindən hüququnun pozulması kimi göstərərək məhkəmə müdafiə hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçının məhkəmə müdafiə hüququndan istifadə etməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (4.2-ci maddə) Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Lakin eyni zamanda qanunverici şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarının pozulmasına görə istənilən şəxsin tələb hüququnun onun həmin hüquqların daşıyıcısı olmasına da əsaslanır. Başqa sözlə, qaldırılmış mülki mübahisənin qanuni həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olması tələb edilir vəcavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız beləsubyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Yuxarıda qeyd edildiyi kimi qanunvericinin şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarının pozulmasına görə istənilən şəxsin tələb hüququnun onun həmin hüquqların daşıyıcısı olmasına baxımından məhkəmə hesab edir ki, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə həm Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarınlarında formalaşmış mövqeyi ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçının övladının keyfiyyətli təhsil alma hüququnu pozmasının əsası kimi istinad etdiyi onun təhsil aldığı məktəbin direktorunun Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi iddiası və onun bir valideyn kimi həmin illərdə aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla aparılması ilə tanış olma hüququnun bərpa olunmalı olması ilə bağlı hazırki iş üzrə tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə nəzərə alır ki, hər bir valideynin övladının təhsil müəssisəsində təhsil aldığı dövr ərzində keyfiyyətli təhsil almaq hüququ var və hüququn məhdudlaşdırması yol verilməzdir. Lakin bu sahədə yol verilən pozuntuların müəyyən edilməsi və qarşısının alınması üçün pozunutu törətməsi güman edilən təşkilatın tabeçiliyi qaydasında yalnız aidiyyatı orqana müraciət edilməli və aşkar edilmiş pozuntularla əlaqədar müvafiq tədbir görülməsini həyata keçirməyən orqanın hərəkət və ya hərəkətsizliyindən müvafiq qaydada şikayət verilə bilər. Məhkəmənin qənaətinə görə məktəb direktorunun Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməməsi, dərs bölgüsünün məhz direktor tərəfindən aparılmasının qanunsuz hesab edilməsinə dair məsələlərin həlli və qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və ya onun tabeliyində olan səlahiyyətli qurumlarına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar