Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1133/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər 6 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış AN-1 №1193310 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə mənzildən istifadəyə maneələrin aradan qaldırılması və cavabdehin ödəməli olduğu məbləği gecikdirməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 11000 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1057/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda iddia ərizəsinin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı ərizədə göstərilməmiş, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Həmin əsasla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək yenidən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı hazırki iddia ərizəsində də sübutların siyahısını göstərməmişdir. İddiaçı iddia ərizəsinin təsviri hissəsində tərəflər arasında olan hazırki mülki mübahisənin yaranma əsaslarını, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş olduğunu iddia etdiyi maddi zərərin, əldən çıxmış faydanın miqdarını qeyd etsə də, hazırki tələbini əsaslandırığı hallara dair sübutların siyahısını, yəni həmin tələbin məhz hansı konkret faktlarla sübuta yetiriləcəyini, bu tələblə bağlı cavabdehə qarşı olan dəlillərini qeyd etməmişdir. Ona görə hesab edirəm ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə “... iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ... ərizəyə əlavə edilən sənədlərin siyahısı... ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya təkrarən izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1133/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1133/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver