Məhkəmə qərarları › İş №e-2(049)-126/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-126/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-126/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus fərdi yaşayış evi İddiaçı İB tərəfindən təbii qazla təchiz edilir və ona Lənkəran RQİİ (X4 İdarəsi) tərəfindən **********00251 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən müəssisənin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı İddiaçı İB-nin işçiləri tərəfindən “Təbi qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında cəmi 4204,80 manat maddi ziyan hesablanmışdır. Bundan əlavə, cavabdeh yaşadığı evdə müvafiq alqı-satqı müqaviləsi əsasında və sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərini də tam şəkildə ödəməmiş, onun istehlak etdiyi təbii qaza görə 124,25 manat debitor borcu yaranmışdır. Bu faktlar Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla yanaşı, ona aid tələbnamə, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, cavabdehə məxsus **********00251 nömrəli abonent hesabından çıxarış (saldo), Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qeydə alınmış video çəkilişlə sübuta yetirilir. Cəmi 4329,05 manat borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehə məxsus evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulun ondan tutularaq İddiaçı İB-nın Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X3 iddia tələbini müdafiə edərək həmin tələbin məzmununa uyğun izahat verməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə iddiaçının ona qarşı qaldırdığı iddia tələblərini qismən qəbul etdiyini bildirmiş və məhkəmə baxışı iclasında həmin tələblərlə əlaqədar verdiyi izahatında, həmçinin, məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, iddia tələbini təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borca dair hissədə qəbul edir, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4204,80 manat məbləğində dəymiş ziyana dair hissədə isə qəbul etmir. Belə ki, təbii qazdan istifadəyə görə 88,40 manat borcu ödəmədiyi üçün "xxxx" İB-nin əməkdaşları xx.xx.2023cü il tarixdə onun yaşadığı evə gələrək evə gələn təbii qaz təminatını qaz sayğacının giriş hissəsindən dayandırmış və bu barədə akt tərtib etmişlər. Qazdan istifadəyə görə yaranmış borcu ödəməyə maddi imkanı olmadığına görə, həm də qış ayı olduğundan ailə üzvlərinin soyuqda qalmamasından ötrü məcbur qalıb təbii qazdan istifadə etmək məqsədi ilə evinə gələn təbii qaz xəttinə xx.xx.2023-cü il tarixdə sayğacdan kənar qoşulmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə İddiaçı İB-nin əməkdaşları gəlib təbii qaz xəttinə sayğacdan kənar qoşulmanı aşkar etmişlər və bu barədə akt tərtib olunmuşdur. O, 2023-cü ilin yanvar ayında cəmi 2 gün - 12 və 13 yanvar tarixlərində təbii qazdan sayğacdan kənar qoşulma xətti vasitəsilə istifadə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan video görüntülərə məhkəmə iclas zalında olan komputer avadanlığından istifadə edilməklə tərəflərin iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı evin təbii qaz xəttinə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulma ilə təbii qazdan faktiki istifadə edildiyi aşkar edilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi həmin görüntülərin xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus evin həyətində qeydə alındığını bildirmiş, cavabdeh özü də həmin görüntülərin Lənkəran şəhərində ona məxsus olan evə aid olduğunu təsdiq etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehin yaşadığı ünvan 1 ünvanındakı evin təbii qaz təminatı həmin tarixdə İddiaçı İB-nin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən qapayıcı vasitəsilə dayandırılmışdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamələrin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərə aid çıxarışlarla müəyyən edildi ki, cavabdeh ünvan 3 ünvanında yaşayır və təbii qaz istehlakçısıdır. Cavabdehin yaşadığı evdə təbii qazdan istifadəyə görə 2023-cü ilin əvvəlində iddiaçıya 88,40 manat debitor borcu olmuşdur. Cavabdeh debitor borcu ödəmədiyinə görə onun yaşadığı evin təbii qaz təminatı xx.xx.2023-cü il tarixdə İddiaçı İB-nin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılan zaman cavabdehin yaşadığı evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. Bununla bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və cavabdehə məxsus evin qaz xəttində itirilmiş təbii qazın miqdarı həmin akt əsasında 365 gün üçün hesablanaraq 35040 kub metr (4x24x365=35040 kub metr, yəni qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq İddiaçı İB tərəfindən cəmi 4204,80 manat debitor borc hesablanaraq borcun ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı İB məhkəməyə müraciət etmək üçün 63,29 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə məxsus evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 4204,80 manat məbləğində dəymiş ziyanın, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borcun və 63,29 manat dövlət rüsumunun, cəmi 4392,34 manat məbləğində pulu cavabdehdən tələb edir. İddiaçı cavabdehin yaşadığı evdə təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparıldığını bildirir. İddiaçı İB öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta, dəymiş ziyanın bərpasına dair tələbnaməyə və abonentin saldosundan çıxarışlara istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, iddia tələbinə etirazının əsası kimi yaşadığı evdə təbii qazdan istifadənin dayandırılması barədə xx.xx.2023-cü il tarixli akta və abonentin saldosuna istinad edir. Cavabdeh ona məxsus evin təbii qaz xəttində sayğacdan kənar qoşulma halı aşkar olunsa da, sayğacdan kənar xəttdən 2023-cü ilin yanvar ayında cəmi 2 gün - 12 və 13 yanvar tarixlərində istifadə etdiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının hazırki iddia tələbinin cavabdehdən təbii qazdan istifadəyə görə sayğac üzrə hesablanmış 124,25 manat cari (debitor) borcun tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh onun təbii qazdan istifadəyə görə 124,25 manat borcu olduğunu inkar etmir. Məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixə aid abonentin saldosundan da görünür ki, cavabdehin yaşadığı evdə təbii qazdan istifadəyə görə hesablanmış debitor borc iddia tələbində qeyd edilən xx.xx.2024-cü il tarixə, həqiqətən də, 124,25 manat təşkil edir. Abonentin saldosundan həmin məbləğin təbii qazdan istifadəyə görə sayğac üzrə hesabata əsasən yaranmış borc olduğu da bəlli olur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin təbii qazdan istifadəyə görə sayğac üzrə hesabata əsasən hesablanmış 124,25 manat borcun cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı evdə təbii qazdan istifadə qaydaları yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş olsa da, həmin vaxtdan cəmi bir neçə gün əvvəl - xx.xx.2023-cü il tarixdə cavabdehin yaşadığı evin təbii qaz təminatı İddiaçı İB-nin Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsinin əməkdaşları tərəfindən qapayıcı vasitəsilə dayandırılmışdır. Təbii qaz təminatının dayandırılması ilə bağlı müvafiq akt tərtib edilmiş, lakin həmin aktda cavabdehin yaşadığı evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunması ilə bağlı hər hansı qeyd-şərt göstərilməmişdir. Bu hal isə özü-özlüyündə cavabdehin yaşadığı evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma halının xx.xx.2023cü il tarixdən, yəni təbii qaz təminatının dayandırılmasından sonra baş verdiyini deməyə mütləq əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehin yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın tələbnamədə qeyd edilən miqdarı deyil, real məbləği cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə qaz təchizatçısına dəymiş maddi ziyanın miqdarını hesablayarkən ilk növbdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı İB-nin Lənkəran RQİİnin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda itirilmiş təbii qazın miqdarı 365 gün üçün hesablanaraq 35040 kub metr (qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün) müəyyən edilmiş olsa da, işin faktiki halları ilə cavabdehin yaşadığı evin təbii qaz xəttindən sayğacdan kənar istifadə müddətinin 10-13 yanvar 2023-cü il tarixləri ilə məhdudlaşdığı müəyyən edilmişdir. İddia tələbinin əsaslandığı hallarla bağlı sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən, lakin iddiaçı cavabdehin yaşadığı evdə sayğacdan əvvəl qaz xəttinə qoşulma halının 10-13 yanvar 2023-cü il tarixlərindən daha artıq müddətdə baş verdiyini təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə cavabdehin yaşadığı evdə təbii qazdan yalnız həmin tarixlərdə sayğacdan kənar istifadə edilmiş olması faktını sübuta yetirilmiş hesab edir. İddiaçı özü də cavabdehin yaşadığı evdə xx.xx.2023-cü il tarixdə təbii qazın verilməsinin dayandırılması tədbiri həyata keçirilərkən təbii qazdan sayğacdan kənar istifadə etmə halının müşahidə olunduğunu iddia etməmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma), habelə, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının tələblərinə əsasən təbii qaz xəttindən sayğacdan kənar istifadə edilmə hallarında qaz itkisinin (sərfiyyat) axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün, hər bir halda, 3 ildən çox olmamaq şərti ilə hesablana bilməsi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, hazırki işdə pozuntunun aşkar edildiyi vaxtdan əvvəlki real müddətin 10-13 yanvar 2023-cü il tarixləri ilə əhatə olunduğu nəzərə alınmaqla, qanunvericiliyin qeyd edilən müddalarının tətbiq edilməsi imkanları istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında cavabdehdən tələb edilən maddi ziyan məbləğini iddia tələbində qeyd edildiyi kimi 365 gün üçün deyil, 10-13 yanvar 2023-cü il tarixləri olmaqla, 4 gün üçün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə cavabdehin yaşadığı evdə həmin müddət ərzində təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz sərfiyyatının miqdarını qazın maksimal saatlıq sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat olmaqla hesablanmasını ağlabatan sayır. Həmin qaydada hesablamaya görə cavabdehin yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz itkisi 4x24x4=384 kub metr və onun dəyəri olaraq maddi ziyanın miqdarı 46,08 manat müəyyən edilir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 35040 kub metr itirilmiş təbii qazın dəyəri olaraq 4204,80 manat maddi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissəsi qismən - 384 kub metr itirilmiş təbii qazın dəyəri olaraq 46,08 manat həddində təmin edilməli, digər hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh istehlakçı olaraq qanunvericiliyə görə məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs olsa da, o, hazırki iddia tələbi üzrə iddiaçı deyil, cavabdeh olduğuna görə iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ondan dövlət rüsumu tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissəsi də qismən təmin edilməli, cavabdehdən tutulmalı olan cəmi 170,33 manat (124,25+46,08) borca mütənasib olaraq, iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 63,29 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi cavabdehdən tutularaq İddiaçı İB-nə qaytarılmalı, 63,29 manat dövlət rüsumu məbləğinin 33,29 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 35040 kub metr itirilmiş təbii qazın 384 kub metrdən ibarət hissəsinin dəyəri olan 46,08 manat maddi ziyan, təbii qazın istehlakına görə yaranmış 124,25 manat cari (debitor) borc və 30 manat dövlət rüsumu - cəmi 200,33 manat məbləğ Cavabdeh tutularaq İddiaçı Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB**********7200642138 nömrəli hesabına ödənilsin. İddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 63,29 manat dövlət rüsumu məbləğinin 33,29 manatdan ibarət hissəsi İddiaçınə aid edilsin. İddiaçı iddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar